Bakıda TDT-yə üzv ölkələrin tibb bacısı və mamalıq üzrə I Beynəlxalq elmi-praktik konfransı keçirilib

Bakıda TDT-yə üzv ölkələrin tibb bacısı və mamalıq üzrə I Beynəlxalq elmi-praktik konfransı keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və nazirliyin 2 nömrəli Bakı Baza Tibb Kollecinin təşkilatçılığı ilə Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin tibb bacısı və mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, beynəlxalq tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, deputatlar, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ölkəmizdəki səfirləri, səhiyyə sektorunun rəsmi nümayəndələri, Azərbaycanda və xaricdə fəaliyyət göstərən ali və orta tibb təhsili müəssisələrinin təmsilçiləri, aparıcı səhiyyə müəssisələrinin rəhbərləri, həmçinin TDT-yə üzv ölkələrin səhiyyə sahəsində tanınmış elm adamları iştirak ediblər.
Əvvəlcə beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülüb.
Qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla anıb, “Əbədi məşəl” abidəsinin önünə tər gül dəstələri düzüblər.
Beynəlxalq elmi-praktik konfransın iştirakçıları həmçinin Zəfər parkını ziyarət ediblər. Qonaqlara Vətən müharibəsindəki tarixi Qələbəmizi əks etdirən ekspozisiya barədə məlumat verilib və abidə önünə gül dəstələri qoyulub.
Daha sonra Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tibb bacısı və mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransının açılış mərasimi keçirilib.
Giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev tədbirin mahiyyətini vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda tibb təhsilinə böyük diqqət yetirdiyini diqqətə çatdırıb: “Ulu Öndərin göstərişi ilə 2 nömrəli Bakı Tibb Məktəbi üçün yeni bina tikilib. Bu, Ümummilli Lider Heydər Əliyevin səhiyyəyə, tibb təhsilinə, orta tibb personalının hazırlığına verdiyi böyük diqqətin təzahürü idi”.
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti və gərgin zəhməti sayəsində ölkəmizdə hər sahənin inkişaf etdiyini vurğulayan nazir deyib: “Bu tərəqqi ölkə səhiyyəsinin timsalında bariz şəkildə görünür. Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü humanitar təşəbbüslər və qayğıya ehtiyacı olan şəxslərə sonsuz diqqəti bu sahənin inkişafında mühüm rol oynayır.
Səhiyyənin inkişafının əsas şərti və aparıcı qüvvəsi onun yüksək hazırlıqlı kadr potensialıdır. İxtisaslı həkimlərin və orta tibb işçilərinin hazırlığı səhiyyəmizin qarşısında ən ümdə vəzifə kimi dayanır. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün ölkəmizdə tibb təhsilinin keyfiyyətinə daim xüsusi diqqət ayrılır. Səhiyyə sahəsində aparılan islahatlar, maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir cihazlarla təchizat, rəqəmsallaşma və yeni texnologiyaların tətbiqi kadr potensialının gücləndirilməsini tələb edir. Bu isə tibb təhsili qarşısında yeni çağırışlar və vəzifələr qoyur. Dövlət başçısının yüksək dərəcəli ali və orta tibb kadrlarının hazırlığı üzrə siyasəti ali və orta ixtisas tibb təhsili üçün şəraitin yaradılmasında, tibb kadrlarının təkmilləşdirilməsi imkanlarının genişləndirilməsində təzahür edir.
Zamanın tələblərinə cavab verən keyfiyyətli tibb xidmətlərinin göstərilməsi orta tibb işçilərinin fəaliyyətindən əhəmiyyətli dərəcədə asılıdır. Ölkə səhiyyəsinin bugünkü inkişafında onların zəhməti böyükdür”.
Teymur Musayev Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin kollektivinin orta ixtisas tibb kadrlarının müasir tələblərə uyğun səviyyədə yetişdirilməsi yolunda yorulmadan çalışdığını diqqətə çatdırıb: “Kollecin tədris proqramları beynəlxalq standartlara uyğun mütəmadi şəkildə yenilənir. Təhsil müəssisəsi ölkəmizdəki digər tibb kolleclərinə metodik dəstək göstərir. Bu gün bu qabaqcıl tibb təhsili ocağının qarşısında ölkə səhiyyəsi üçün savadlı, bacarıqlı, dünya təbabətinin yeniliklərindən xəbərdar olan, yüksək ixtisaslı orta tibb mütəxəssisləri hazırlamaq vəzifəsi dayanır. Əminəm ki, kollecin müəllim kollektivi bundan sonra da əzmlə çalışacaq, şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələcək”.
Nazir vurğulayıb ki, hazırda türk dövlətləri arasında tibb təhsili və səhiyyə sahəsində əməkdaşlıq güclənir. Onun sözlərinə görə, konfrans Türk Dövlətləri Təşkilatının səhiyyə və tibb bacısı–mamalıq sahəsində əməkdaşlığının genişlənməsinə mühüm töhfə verəcək. Dövlət başçısının “Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırladan Teymur Musayev TDT-nin üzv ölkələri ilə əlaqələrin inkişafının Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olduğunu deyib: “Bu gün biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir” ifadəsinin uğurla reallaşmasının şahidiyik: Əminəm ki, hər birimiz bu istiqamətdə səylərimizi birləşdirib, çoxsaylı uğurlara birgə imza atacağıq”, - deyə səhiyyə naziri fikrini tamamlayıb.
Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov TDT-nin üzv ölkələrinin tibb bacısı və mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransının Bakıda keçirilməsinin önəmindən söz açıb.
AZƏRTAC-ın verdiyi məlumata görə, Əhliman Əmiraslanov qeyd edib ki, bu gün orta tibb işçisi bir neçə il bundan qabaqkı kimi bir mütəxəssis deyil, onlara olan tələblər kifayət qədər artıb və artmaqda davam edir: “Əgər bir neçə il bundan əvvəl orta tibb bacısı həkimin dediyi hər hansı tapşırıqları icra edirdirsə, bu gün bu sahədə çalışan mütəxəssislər bu və ya digər xəstəliklərin, patologiyaların müayinəsi və müalicəsinin iştirakçısıdır”. O bildirib ki, dünyada bu mütəxəssislərə münasibət başqadır: "Belə mütəxəssislərin hazırlanmasına diqqət yetirilməlidir. Azərbaycanda bu sahədə kifayət qədər işlər həyata keçirilir. Orta tibb təhsilinin qanunvericilik bazasının möhkəmləndirilməsində iştirak etməyə həmişə hazırıq. Xəstələr ambulator müalicəyə buraxıldıqdan sonra ev şəraitində onlara nəzarət orta tibb işçilərinin üzərinə düşür. İmmunizasiya, reabilitasiya prosesində ən böyük yük onların çiyinlərindədir".
Səhiyyə komitəsinin sədri qeyd edib ki, ölkəmizdə yüksəkixtisaslı orta tibb işçilərinin hazırlanmasına böyük ehtiyac var: "Türkiyənin bu sahədə təcrübəsi böyükdür. Qardaş türk dövlətləri bu sahədə bir-birinin təcrübəsindən yararlanmalıdırlar. Qardaş Türkiyənin səhiyyəsindən, onların təcrübəsindən, proqramlarından, tədris metodikalarından yararlanmalıyıq. Ölkəmizdə orta tibb işçilərini hazırlayacaq özəl müəssisələrin açılmasına ehtiyac var. Gələcəkdə maddi-texniki bazası olan kolleclərin açılmasına, bu sahədə professor, müəllim heyətlərinin kolleclərdə öz təcrübələrini bölüşməsinə ehtiyac var", - deyə o qeyd edib.
Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva çıxışında qeyd edib ki, konfransın məqsədi tibb bacıları və mamaların səhiyyədə oynadığı mühüm rolu vurğulamaq, onların peşəkar inkişafının dəstəklənməsinə şərait yaratmaq və bu sahələrin inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsini təmin etməkdir. O, son illərdə səhiyyə və tibb təhsili sahəsində aparılan islahatlar nəticəsində tibb bacısı və mamalıq peşələrinin inkişafına müasir və sistemli yanaşmanın formalaşdığını deyib: “Beynəlxalq təcrübənin tətbiqi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tibb təhsilinin təkmilləşməsi istiqamətində Səhiyyə Nazirliyi tərəfindən ardıcıl və məqsədyönlü layihələr həyata keçirilir. Görülən tədbirlər səhiyyə xidmətinin keyfiyyətinin artırılması və tibb təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılmasında mühüm rol oynayır. Əminik ki, bugünkü konfransda qurulan əlaqələr, müzakirə edilən mövzular gələcəkdə həm tibb təhsili, həm də səhiyyə sahəsində birgə uğurlara öz töhfəsini verəcək”.
Dilarə Məmmədəliyeva tədbirin yalnız akademik deyil, həm də tarixi əhəmiyyət daşıdığını qeyd edib: “Prezident İlham Əliyevin də bildirdiyi kimi, son illərdə Türk Dövlətləri Təşkilatının xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir. Bu konfrans gələcək əməkdaşlıq üçün real imkanlar yaradır. Konfransın əsas məqsədi türkdilli ölkələrdə tibb bacısı və mamalıq sahələri üzrə inkişafın yeni istiqamətlərini müəyyənləşdirmək, həmçinin bu peşənin cəmiyyətdə oynadığı əvəzsiz rolu bir daha diqqətə çatdırmaqdır. Çünki tibb bacısı və mamalıq təkcə peşə deyil, mərhəmət, humanizm və yüksək məsuliyyət hissi ilə bağlı müqəddəs missiyadır".
Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün iki ölkənin səhiyyə sistemini müqayisə edərək, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb: “Türkiyədə tibb daha çox müalicəyə yönələrək inkişaf edib. Lakin sizdən öyrənəcəyimiz çox şey var. Bunlardan ən başlıcası, bəzən diqqətdən kənarda qalan profilaktik tibdir. Sizin qoruyub saxladığınız, bizim daha çox diqqətdən kənarda qoyduğumuz, təkcə müasir deyil, həm də ənənəvi profilaktik tibb sahəsində çox mühüm biliklərə sahibsiniz. Ola bilsin ki, bunu müasir kurikulumlara da inteqrasiya etmək olar. Türkiyədə buna maraq artıb və ənənəvi tibb adlandırılır”.
Səfir həmçinin bildirib: "Ola bilsin ki, müalicədən daha çox, xəstəliklərin qarşısının alınması vacib və mənalıdır. Müalicə daha sonra gəlir. Bu məsələlərlə bağlı ictimaiyyətin məlumatlılığının artırılmasında tibb bacısı da mühüm rol oynayır. Hesab edirəm ki, bizim Mərkəzi Asiya və Qafqaz ölkələrindən həm müalicə, həm profilaktik tibb sahələrində öyrənəcəyimiz çox şey var. Ümid edirəm ki, bu cür tədbirlər davamlı olacaq və bilik mübadiləsinin artmasına kömək edəcək".
Sonra Özbəkistan səfiri Baxrom Aşrafxanov, Qazaxıstan səfiri Alim Bayel və Qırğızıstanın səfiri Maksat Mamıtkanov çıxış ediblər. Vurğulanıb ki, xalqlarımız arasında mövcud olan tarixi və mədəni ortaqlıqlar dövlətlər arasında əlaqələrin əsasını təşkil edir. Eyni zamanda, dövlət başçıları arasındakı dostluq əlaqələri bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində sıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verir. Tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən səfirlər elmi-praktik konfransın işinə uğurlar arzulayıblar.
Daha sonra Türk dövlətlərinin inkişafını və Azərbaycanda səhiyyə sahəsində əldə olunan nailiyyətləri əks etdirən qısa videoçarxlar nümayiş olunub.
Beynəlxalq konfransda çıxış edən Türkiyənin Ege Universiteti Sağlamlıq elmləri fakültəsinin dekanı professor Esin Çeber Turfan Türk dövlətlərinin dünyanın gələcəyini formalaşdıracaq dövlətlər olduğunu deyib, bu kontekstdə TDT-də həmrəylik və dostluğu səhiyyə və təhsil sahələrində də bir-birimizə dəstək olaraq nümayiş etdirməli olduğumuzu söyləyib.
Türkiyədə mamalıq ixtisası üzrə təhsil prosesindən söz açan Esin ÇeberTurfan Türk dövlətlərinin hər birinin özünəməxsus proqramı olduğunu müşahidə etdiyini bildirib: "Siyasətdə, mədəniyyətdə olduğu kimi, mamalıq təhsilində də eyni dili inkişaf etdirsək, eyni proqramlara sahib olsaq, daha faydalı ola bilər. Nəticədə, Qazaxıstandan məzun olan mama Azərbaycanda, Türkiyədə məzun olan mama da Qırğızıstanda işləyə, magistratura və doktorantura təhsili ala bilər. Buna nail olmaq üçün ilk növbədə kurikulumlarımızı inteqrasiya etmək, sonra isə akkreditasiya ilə davam etmək çox səmərəli olardı. Həqiqətən də, bütün böyük və tarixi hadisələr kiçik addımlarla, kiçik niyyətlərlə başlayır. Bu çərçivədə ötən ilin noyabrında azərbaycanlı dostlarımız – 2 nömrəli Bakı Baza Tibb Kollecinin nümayəndələri Türkiyəyə mamalıq proqramı ilə tanış olmağa gəlmişdilər. Məqsədimiz ikili diplom proqramını həyata keçirməkdir”.
“Hazırda Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında ikili diplom proqramı icra olunur. Niyə səhiyyə sahəsində də bu mümkün olmasın? Təbii ki, bu, bilik və bacarıqların əldə edilməsinə də töhfə verəcək. Odur ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci ilə ikili diplom proqramı həyata keçirməyi planlaşdırırıq", - deyə o əlavə edib.
Daha sonra çıxış edən Özbəkistan Səhiyyə Nazirliyinin Tibb bacısı işi üzrə baş mütəxəssisi Rixsi Salixocayeva, Qazaxıstanın “EMİLİ” Ali Tibb Kollecinin direktoru Nurjan Bijanov, Qırğızıstanın Bişkek Ali Tibb Kollecinin direktoru Çolpon Usubaliyeva və digərləri tədbirin Azərbaycanda keçirilməsindən məmnunluqlarını ifadə ediblər. Onların sözlərinə görə, bu cür tədbirlər Türk dövlətlərinin səhiyyəsində son illərdə əldə olunan nailiyyətlərin paylaşılmasına, həm də təcrübə mübadiləsinin aparılmasına imkan yaradır.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.
Daha sonra beynəlxalq elmi-praktiki konfransda panel sessiyalar keçirilib. Sessiyalarda “Azərbaycanda tibb bacısı (qardaşı) və mamalıq ixtisasları üzrə mütəxəssislərin hazırlığı və təhsilin inkişaf istiqamətləri”, “Tibb bacısı və mamalıq təhsilində rəqəmsallaşma və süni intellektin rolu”, “Mamalıq təhsilində keyfiyyətin təminatı: beynəlxalq standartlar” və digər məruzələr dinlənilib.
Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb.
Konfransın sonunda məruzəçilərə və xarici qonaqlara sertifikatlar təqdim olunub.




Xəbəri paylaş




Oktyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova