Uşaqların bərpa müalicəsində yeni üsullar müsbət nəticə verir

Uşaqların bərpa müalicəsində yeni üsullar müsbət nəticə verir

Bu ilin 11 ayında Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzinə (UBMM) 36,3 min prosedur gəlişi qeydə alınıb, onların 1798 nəfəri tibb müəssisəsinə ilk dəfə müraciət edib. On ayda 2,2 min uşaq tam sağalıb, digərlərinin müalicəsi vaxtaşırı kurslarla davam etdirilir.
Mərkəzdə müalicə alan uşaqların əksər hissəsini sinir, dayaq-hərəkət sistemi, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlər təşkil edir. Burada balaca pasiyentlər xüsusi prinsiplər əsasında çoxprofilli, yüksək səviyyəli ixtisaslaşdırılmış müalicə kursu keçirlər. Bərpa müalicəsi mümkün qədər erkən başlanılmaqla, hər bir xəstəyə fərdi yanaşmaya və çoxmərhələli, uzunmüddətli müalicə kursu keçməyə əsaslanır. Şəfa ocağına üz tutan xəstənin yaşı, xəstəliyinin ağırlıq dərəcəsi nəzərə alınaraq, ona bir neçə mərhələdə fərdi kurs tərtib olunur. İl ərzində 3-6 mərhələdə fərdi bərpa kursu aparılır.
Bu barədə Beynəlxalq Əlillər Gününə həsr edilmiş mətbuat konfransında Uşaq Bərpa Müalicə Mərkəzinin direktoru Cəmilə Talıbova məlumat verib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə Strateji Planına əsasən uşaqlıq dövrünə xas olan əlilliyin profilaktikası və müalicəsi sahəsində aparılan işlər sayəsində Mərkəzə daxil olan 1 yaşa qədər uşaqların sayı əvvəlki illərlə müqayisədə 40 faiz artıb. Qeyd olunub ki, prosedur zamanı təbii müalicə üsulları –Naftalan parafini, Naxçıvan duzlaq şaxtası və müalicəvi otlardan da istifadə edilir. Müalicə tədbirlərində bədən tərbiyəsi, aktiv terapiya, artterapiya və başqa müalicə prosedurlarında valideynlər də iştirak edərək maariflənirlər.
Direktor söyləyib ki, mərkəzə müraciət edən uşaqlarda müxtəlif xəstəliklərin müalicəsində müasir fizioterapiya cihazları, aerozol terapiyası, süni duzlaq şaxtası və digər üsullardan geniş istifadə olunur. Eşitmə pozulmaları və nitq qüsurları olan uşaqların problemlərinin həllində loqoped və surdoloqoped kömək edir.
Mətbuat konfransında xüsusi qeyd olunub ki, bir sıra xəstəliklərin müalicəsi zamanı uğurlu nəticə alınması üçün su müalicəsi və su prosedurlarından, həmçinin qumdan istifadə edilir.
UBMM-in direktoru jurnalistlərə məlumat verib ki, burada çalışan həkim və tibb işçilərinin peşə səviyyəsinin və ixtisas dərəcəsinin yüksəldilməsi üçün də tədbirlər görülür. Onlar xaricdə və ölkə daxilində keçirilən kurslara, treninqlərə, seminar və konfranslara göndərilir. 2014-cü ildən başlayaraq Səhiyyə Nazirliyi və BMT-nin Uşaq Fondunun birgə layihəsi çərçivəsində Beynəlxalq İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyinin istifadəsinə dair treninqlər keçirilir. Təlimləri Ankara Universitetinin və UBMM-in mütəxəssisləri aparırlar. Pediatrlar, uşaq nevropatoloqları, uşaq psixiatrları, həmçinin loqoped və psixoloqların iştirak etdiyi təlimlərin başlıca məqsədi uşaqlarda olan inkişaf qüsurlarının erkən aşkarlanmasıdır. Onun sözlərinə görə, görülmüş işlər nəticəsində tam sağalan uşaqların sayının çoxluğu aparılan müalicələrin uğurunu nümayiş etdirir.
Sonra Mərkəzin şöbə müdiri Rəna Səfərova, nevropatoloq Təranə Seyidməmmədova, loqoped Sevinc Abdullayeva və oftalmoloq Nərmin Əbilova bərpa müalicələrində tətbiq edilən yeni üsullar və onların səmərəli nəticələri barədə danışıblar.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova