Tibb İşçiləri günü qeyd edildi

Tibb İşçiləri günü qeyd edildi

17 İyun – Tibb İşçilərinin peşə bayramı günündə səhiyyə naziri Oqtay Şirəliyev başda olmaqla Səhiyyə Nazirliyinin rəhbər işçiləri, tibb ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə əklil qoydular.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edildi, məzarı üzərinə gül dəstələri düzüldü.
Sonra Şəhidlər Xiyabanına gedən tibb işçiləri Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinə ehtiramlarını ifadə edərək, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.
Daha sonra tibb işçilərinin peşə bayramı münasibətilə Səhiyyə Nazirliyində kollegiya iclası keçirildi.
Tədbiri giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev bütün tibb işçilərini təbrik etdi, onlara çətin və şərəfli peşələrində uğurlar, özlərinə və ailə üzvlərinə uzun ömür, can sağlığı arzuladı.
Nazir artıq 15-ci dəfədir qeyd edilən bu peşə bayramının ümummilli lider Heydər Əliyevin Azərbaycan səhiyyəsinə hədiyyəsi olduğunu vurğuladı: “Ulu öndərin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçiləri gününün təsis edilməsi onun səhiyyə sahəsində çalışanların əməyinə böyük dəyər verməsini göstərir. Tibb işçilərinin peşə bayramı kimi Azərbaycan Demokratik Respublikasının Səhiyyə Nazirliyinin yaradıldığı gün seçilib. Bu simvolik tarix həm bizim öz keçmişimizə bağlılığımızı, həm də səhiyyəmizin nə qədər uzun, şərəfli inkişaf yolu keçməsini göstərir”.
Dünyada səhiyyəyə göstərilən diqqətin ildən-ilə artdığını, bu sahədə yeni texnologiyaların, müalicə və diaqnostika metodlarının tətbiq olunduğunu deyən O.Şirəliyev nəticədə insanların daha uzun ömür yaşadığını bildirdi. O qeyd etdi ki, ABŞ-ın səhiyyə sahəsində hesabatına görə, bu ölkənin səhiyyə büdcəsinin 75 faizi xroniki qeyri-infeksion xəstəliklərin müalicəsinə sərf olunur: “Bu təkcə ABŞ-ın deyil, Avropa ölkələrinin də problemidir. Qeyd edim ki, qısa müddət öncə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üçün hazırladığı yeni proqramla biz də tanış olduq. Bilirsiniz ki, Avropada əhali arasında yaşlı nəslin faiz nisbəti xeyli çoxdur, onlar ancaq xəstəxanalarda müalicə alırlar və buna da çox böyük maliyyə vəsaiti sərf edilir. Ona görə indi təklif irəli sürülür ki, artıq belə xəstələrə evdə tibbi xidmət göstərilsin. Avropa ölkələri sovet dövründə ölkəmizdə olan sistemə keçmək istəyir. Sahə terapevti, orta tibb işçiləri lazım olanda xəstəyə gedib evdə baş çəksinlər, tibbi yardım göstərsinlər, sağlamlığına nəzarət etsinlər və s.
Ümumiyyətlə, dünya təcrübəsinə əsaslanaraq deyə bilərik ki, səhiyyənin inkişafı iki istiqamətdə mümkündür. Birincisi maliyyə ilə, sərmayə qoyuluşu ilə bağlıdır. Məsələn, İsveçrədə tanınmış klinikalar şəbəkəsi gələn ildən etibarən səhiyyə sahəsində aparılan tədqiqatlara 23 milyard avro maliyyə vəsaiti ayırıb. Bu hətta bir çox ölkələrin büdcəsindən də dəfələrlə artıqdır.
İnkişafın ikinci istiqaməti isə səhiyyə xidmətinin təşkili ilə bağlıdır. Qeyd edim ki, il yarım əvvəl Azərbaycanda olan ABŞ-ın Kaliforniya ştatından senatorlar böyük maraqla bizim tibb müəssisələrinə baş çəkmiş, tibb işçiləri ilə, xəstələrlə söhbət etmişdilər. Səfərlərinin sonunda Səhiyyə Nazirliyində bizim millət vəkillərinin iştirakı ilə keçirilən görüşdə senatorların ABŞ-ın tibb xidməti ilə müqayisədə Azərbaycanda tibb xidmətinin təşkilindən ağızdolusu danışması hər kəsə təəccüblü gəldi. Qonaqlar Azərbaycanın hər bir vətəndaşının tibbi xidmətdən yararlanmaq imkanının olmasını yüksək qiymətləndirdilər. Məlum oldu ki, ABŞ-ın bütün dünyada məşhur olan xəstəxanaları, tanınmış klinikaları olsa da, rəsmi rəqəmlərə görə, insanların cəmi 50, qeyri-rəsmi rəqəmlərə görə isə hətta 30-40 faizi bu xidmətdən yararlana bilir.
Bu gün ürəklə deyə bilərik ki, insanların sağlamlığına böyük diqqət ayıran ölkələr arasında Azərbaycan ilk yerlərdən birini tutur. Dövlət başçısı İlham Əliyev Prezident seçildiyi elə ilk ildən insanların sağlamlığının qorunmasını ölkənin prioritet vəzifələrindən biri elan edib.
Hər kəsin yadındadır ki, hələ bir neçə il bundan əvvələ qədər tibb müəssisələrimizin istilik şəbəkəsi, su təchizatı yox idi. Xəstəxanada yatan pasiyentlərə dərman, hətta bint, pambıq, spirt aldırılırdı. Təchizatdan isə heç danışmağa dəyməz. Bakı şəhərinin klinikalarında ən yaxşı halda bir süni tənəffüs aparatı tapılırdı, ikinci xəstəyə lazım olanda isə başqa xəstəxanadan gətirirdilər. Sadə rentgen müayinəsi üçün insanlar rayonlardan Bakıya gəlirdilər.
Bütün bu çatışmazlıqlar, çətinliklər artıq keçmişdə qalıb. Son illər Azərbaycanda 600-ə qədər tibb müəssisəsi tikilib, əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilib. Rayon tibb müəssisələrinin şəraiti, təchizatı paytaxt xəstəxanalarından geri qalmır. Demək olar ki, hazırda adam başına düşən kompüter tomoqrafı, maqnit rezonans aparatlarının sayına görə ölkəmiz dünyada ilk yerlərdən birini tutur.
Əgər bir neçə il əvvəl – dünyada quş qripinin yayıldığı dövrdə virusun mənşəyini müəyyənləşdirmək məqsədilə nümunələri İngiltərəyə göndərirdiksə və xəstənin müalicəsinə başlamaq üçün oradan gələcək cavabı gözləməyə məcbur idiksə, bu gün belə problemlərimiz yoxdur. Artıq hər cür imkanları, unikal avadanlıqları olan referens laboratoriyalarımız fəaliyyət göstərir. Vaxtilə toksikoloji şöbəyə xəstə daxil olanda həkimlər zəhərlənmənin səbəbini müəyyənləşdirmək üçün pasiyenti və onun qohumlarını sorğu-suala tuturdular. İndi isə müasir səviyyədə qurulmuş toksikoloji laboratoriya bütün bu suallara dəqiq cavab verir. Çox mürəkkəb, bahalı avadanlıqları olan və yüksək peşəkarlıq tələb edən bu laboratoriyanın əhalinin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyəti var.
Ölkəmizdə təcili və təxirəsalınmaz tibbi yardım xidməti də yenidən qurulub. Rayonlararası şoselərdə xüsusi təcili tibbi yardım məntəqələri yaradılıb ki, bu da nəqliyyat hadisələri zamanı vaxt itkisinə yol verilməsinin qarşısını alır.
Bütün bunlar son bir neçə ildə görülən işlərdir”.
O.Şirəliyev səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul olunmuş, ölkə üçün çox böyük əhəmiyyət daşıyan dövlət proqramlarının yerinə yetirildiyini də diqqətə çatdırdı. Bildirdi ki, irsi qan xəstəlikləri ilə mübarizədə ciddi irəliləyişlər əldə edilib: “Bilirsiniz ki, talassemiya Azərbaycan üçün aktual problem idi. Aran rayonlarında əhalinin 7-10 faizində talassemiya xəstəliyi mövcuddur və həmin insanlar, xüsusən də uşaqlar ölümə məhkum idilər. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə bir neçə il öncə Respublika Talassemiya Mərkəzinin yaradılması belə xəstələrin müalicə imkanlarını genişləndirib. Mərkəzə il ərzində 20 minə qədər müraciət olur. Hazırda 3000 uşaq orada daimi müalicə alır.
Bu Mərkəzdə ancaq yüksək inkişaf etmiş ölkələrdə icra edilən çox bahalı sümük iliyi transplantasiyası əməliyyatları dövlət hesabına həyata keçirilir. Artıq 30 uşağa sümük iliyi köçürülüb. Böyük fərəh hissi ilə deməliyəm ki, bir ay əvvəl Azərbaycan yalnız bu sahədə uğurlu əməliyyatlar həyata keçirən az sayda dövlətlərin qəbul olunduğu Avropa Donor Bankına qəbul edilib.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə atılan daha bir önəmli addım isə ölkəmizdə nikaha daxil olan şəxslərin tibbi müayinədən keçməsi məsələsidir. Ailə həyatı quran şəxslər indi talassemiyaya, İİV infeksiyasına, zöhrəvi xəstəliklərə, hemoqlobinopatiyalara görə müayinə edilirlər. Kifayət qədər mürəkkəb proses olsa da, qısa vaxt ərzində Bakı şəhəri ilə yanaşı, bütün regionlarda nikaha girənlərin tibbi müayinəsinin təşkilinə nail olmuşuq. Əfsuslar olsun ki, müayinədən keçənlərin təxminən 7 faizində irsi qan xəstəlikləri aşkarlanıb. Ancaq bu müayinələr həm aşkar olunan xəstəliklərlə mübarizədə, həm də gələcəkdə doğulacaq körpələrin sağlamlığı ilə bağlı ciddi irəliləyişlərə nail olmağa imkan verir”.
Təkcə irsi qan xəstəlikləri üzrə deyil, səhiyyə sahəsində həyata keçirilən bütün dövlət proqramlarının artıq öz bəhrəsini verdiyini vurğulayan nazir, ana və uşaqların sağlamlığının da daim diqqət mərkəzində olduğunu dedi: “Ana ölümü göstəricisi 34,2-dən 14,4-ə düşüb. Bu bizim üçün çox yüksək göstəricidir. Amma yenə də daha yaxşı nəticələr üçün çalışmalıyıq.
Qeyd edim ki, ana və uşaq sağlamlığı ilə bağlı ötən ildən etibarən beynəlxalq səhiyyə təşkilatlarının tövsiyələrinə uyğun olaraq, diridoğulmanın yeni meyarlarına keçilib. Əvvəllər çəkisi 1000 qramdan az olan uşaqlar diridoğulmuş kimi qeydiyyata alınmırdısa, indi kütləsi 500 qramdan artıq bütün körpələr diridoğulmuş sayılır, onlara tam həcmli tibbi yardım göstərilir. Tibb işçilərimizin səyi nəticəsində onların təxminən 40 faizə qədərini xilas etmək mümkün olur. Bu isə hətta Avropa üçün də çox yüksək göstəricidir”.
Səhiyyə naziri hazırda 300 minə qədər şəkərli diabet xəstəsinin bu sahədə qəbul olunmuş proqram çərçivəsində dövlət hesabına dərman, özünənəzarət vasitələri və sairlə tam təmin olunduğunu bildirdi. Ötən ildən etibarən uşaqlara dərmanın insulin pompası vasitəsilə yeridildiyini, bunun da onları gün ərzində bir neçə dəfə iynə vurmaq əziyyətindən qurtardığını, həyat keyfiyyətlərini yaxşılaşdırdığını dedi.
O.Şirəliyev immunlaşma proqramının Azərbaycan üçün əhəmiyyətindən də danışdı: “Bu gün ölkəmizdə yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər epidemioloji sabitliyi qorumağa imkan verir. Hazırda Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da uşaqlara 11 peyvənd tətbiq olunur. Bunun nəticəsidir ki, vaxtilə poliomielitə endemik zona olan Azərbaycan indi ÜST-nin sertifikatı ilə poliomielitdən azad zona kimi müəyyən edilib. Digər idarə olunan infeksiyalar – parotit, göyöskürək, məxmərək və s. isə nadir hallarda aşkarlanır. Ötən ildən etibarən malyariya ölkəmizdə ilk dəfə praktiki olaraq ləğv olunub”.
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların problemlərinin həlli üçün şəhər və rayonlarda 34 hemodializ mərkəzinin yaradıldığını diqqətə çatdıran nazir həmin mərkəzlərdə 3 minə qədər xəstənin hemodializ seansları, müvafiq dərman vasitələri ilə pulsuz təmin olunduğunu bildirdi: “Bir neçə il öncəyə qədər ölkəmizdə cəmi bir dializ mərkəzi var idi, o da ödənişli fəaliyyət göstərirdi. İnsanlar həftədə 3 dəfə hemodializ seansına gəlmək üçün hətta bəzən evlərini satmalı olurdular. Xroniki böyrək çatışmazlığı olan xəstələrin əksəriyyəti ölümə məhkum idi. Bu gün isə tək paytaxtda deyil, artıq bölgələrdə də dializ mərkəzləri var, xəstələr bunun üçün Bakıya gəlmək məcburiyyətindən azad olublar. İndi insanların tələbləri, arzuları da dəyişib – kənddə yaşayanlar dializ üçün rayon mərkəzinə gəlmək istəmirlər, bizim əhali ilə görüşlərimiz zamanı xahiş edirlər ki, kəndlərdə də belə Mərkəzlər açılsın. Onlara böyrək köçürülməsini istəyirlər. İldə təxminən 100 nəfərə qədər şəxsə dövlət hesabına böyrək köçürülür. Azərbaycanda və ya başqa ölkələrdə orqan transplantasiyası əməliyyatı olunan 3 mindən artıq xəstəyə immunodepressantlar dövlət tərəfindən pulsuz verilir”.
Nazir Oqtay Şirəliyev ölkəmizdə əvvəllər çarəsiz sayılan bir sıra xəstəliklərin hazırda müalicə edildiyini, o cümlədən qaraciyər transplantasiyası, açıq ürək, süni oynaq əməliyyatları kimi mürəkkəb cərrahi müdaxilələrin müasir səviyyədə, yüksək keyfiyyətlə həyata keçirildiyini də bildirdi. Bu gün Azərbaycanda uşaq kardiocərrahiyyəsi ilə bağlı, demək olar ki, növbə olmadığını dedi. Belə mürəkkəb əməliyyatları həyata keçirmək üçün güclü maddi-texniki baza ilə yanaşı, savadlı mütəxəssislərə ehtiyac olduğunu vurğuladı. Bunu nəzərə alaraq, təhsil sistemində də köklü dəyişikliklərin aparıldığını söylədi: “Artıq bir neçə ildir ki, baza tibb təhsili ilə yanaşı, dar ixtisaslı mütəxəssislərin yetişdirilməsi üçün rezidentura təhsil pilləsi var. Rezidenturada təhsil alan tələbələr bir neçə il qabaqcıl klinikalarda təcrübəli mütəxəssislərlə birgə işləmək, onlardan öyrənmək və sonra sərbəst həkim kimi çalışmaq imkanı qazanırlar.
Minlərlə azərbaycanlı həkim xarici ölkələrdə təcrübə keçir. Eyni zamanda, xarici mütəxəssislər məruzələr demək, müalicə və əməliyyatlar həyata keçirmək üçün Azərbaycana gəlirlər. Bütün bunlar dövlətimizin inkişafının, tərəqqisinin, dövlət başçısının insanların sağlamlığına göstərdiyi qayğının nəticəsidir”.
Çıxışının sonunda səhiyyə naziri tibb işçilərini peşə bayramı münasibətilə bir daha təbrik etdi, onlara uzun ömür, möhkəm cansağlığı, əmin-amanlıq arzuladı.
Sonra nazir Oqtay Şirəliyev Prezident İlham Əliyevin Sərəncamları ilə “Tərəqqi” medalı, “Əməkdar Həkim”, “Əməkdar Müəllim”, “Əməkdar Tibb İşçisi” fəxri adları ilə təltif edilən səhiyyə işçilərinin mükafatlarını təqdim etdi.
Səhiyyə Nazirliyinin əmrləri ilə “Səhiyyə əlaçısı” döş nişanı ilə, “Fəxri fərman”la təltif edilən tibb işçilərinin də mükafatları sahiblərinə təqdim olundu.

Ü.FƏRZƏLİYEVA





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova