Milli Məclisin növbəti plenar iclası keçirilib

Milli Məclisin yaz sessiyasının növbəti iclasında Milli Məclisin sədri Sahibə Qafarova deputatların diqqətinə çatdırıb ki, iclasın gündəliyində 19 məsələ var, onlardan 6-sı üçüncü oxunuşda qanun layihələridir.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov mahiyyətcə bir-birinə yaxın olan iki məsələ - “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə, habelə “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanun layihələri haqqında üçüncü oxunuşda məlumat verib.
Təqdim olunan layihələrdə bir sıra kateqoriya şəxslərin, o cümlədən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların - çağırış dövründə, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların - ildə bir dəfədən az olmayaraq, kadr zabit heyətinə könüllü daxil olanların - müvafiq əmr imzalanmazdan əvvəl, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların - bağlaşma imzalanmazdan əvvəl icbari narkoloji müayinədən keçirilməsi təklif edilir.
Səhiyyə komitəsinin və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin müsbət rəyləri səsləndirildikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Dəyişikliyə əsasən, satış məqsədilə qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi, saxlanması, hazırlanması, habelə müvafiq maddələrdə də nəzərdə tutulan əməllər xüsusilə külli miqdarda törədildikdə, onlara görə daha ağır sanksiyanı nəzərdə tutan yeni maddələrin əlavə olunması təklif edilir.
Nizami Səfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini də (üçüncü oxunuş) təqdim edib. Layihə "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə uyğunlaşdırılma məqsədilə hazırlanıb və bu sahədə cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə səbəb olan halları nəzərdə tutur.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov hər iki layihənin komitədə dəstəkləndiyini bildirib.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra deputat Nizami Səfərov Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Layihədə cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin miqdarı qanunla həmin maddələr üçün müəyyən edilmiş xüsusilə külli miqdarın aşağı həddindən artıq olduqda, onların məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi təklif olunur.
Səhiyyə komitəsinin rəyi nəzərə alınmaqla qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Plenar iclasda birinci oxunuşda təqdim olunan qanun layihələrindən biri səhiyyə qanunvericiliyinə aid olub.
Parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, sənəd onkoloji xəstələrin, eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və əmək pensiyası almaq hüququnu müəyyənləşdirir. Layihə "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" qanunlarda dəyişiklik edilməsi barədə layihələrə uyğunlaşdırma xarakteri daşıyır, qeyd olunan xəstəliklərdən əziyyət çəkən şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.