Milli Məclisdə ölkəmizdə COVID-19-la bağlı vəziyyət mövzusunda dinləmələr keçirilib

Milli Məclisdə ölkəmizdə COVID-19-la bağlı vəziyyət mövzusunda dinləmələr keçirilib

Milli Məclisin Səhiyyə komitəsi ölkəmizdə yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlərlə bağlı dinləmələr keçirib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisdə bu cür dinləmələrin keçirilməsinin artıq ənənə halını aldığını deyib. O, pandemiya ilə mübarizədə ölkəmizdəki vəziyyətin başqa dövlətlərlə müqayisədə çox yaxşı olduğunu söyləyib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə bu sahədə vaxtında qabaqlayıcı tədbirlər görülüb. Lakin ehtiyatı əldən vermək olmaz, çünki COVID-19 daim mutasiyaya uğrayır. Ona görə də bu virusla mübarizəni nəzarətdə saxlamaq lazımdır.
Milli Məclis sədrinin müavini Adil Əliyev koronavirusla mübarizə sahəsində ölkəmizdə görülən ümumi işlər haqqında məruzə ilə çıxış edib.
Səhiyyə nazirinin müavini Viktor Qasımov dinləmələr zamanı çıxışında COVID-19 və ona qarşı vaksinasiya ilə bağlı ölkəmizdə mövcud vəziyyət haqqında bəzi rəqəmləri səsləndirib. Bildirib ki, Azərbaycanda vaksinasiya 2021-ci il yanvarın 18-dən başlayıb, doqquz ay ərzində artıq əhalinin 53,2 faizi ikinci doza vaksin alıb. Bakı şəhərində bu göstərici daha yüksəkdir və 66,2 faiz təşkil edir.
Viktor Qasımov bildirib ki, təkcə sentyabr ayı ərzində 1,7 milyon doza vaksin istifadə olunub. Bu, orta hesabla gündə 60 min peyvənd deməkdir. “Buster doza bizdə ilk olaraq səhiyyə işçiləri və 60 yaşdan yuxarı əhaliyə tətbiq edilməyə başlanılıb. Günü sabah tibbi qərargahda buster dozanın daha da genişləndirilməsi məsələsinə baxılacaq. Yəqin ki, digər yaş kateqoriyaları da buna cəlb ediləcək. Ölkəmizdə bu günə kimi vaksin alanların təkrarən yoluxması 1,34 faiz təşkil edir. Yəni Azərbaycanda istifadə olunan peyvənd çox effektivdir. Biz bunu artıq öz təcrübəmizdən görürük”, - deyə səhiyyə nazirinin müavini qeyd edib.
Onun sözlərinə görə, ölkəmizdə Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən 16-18 yaşlı uşaqlara “Pfizer” vaksininin tətbiqinə artıq icazə verilib. Bu, xüsusən xarici ölkələrə oxumağa gedənlərlə əlaqəlidir. Çünki qarşı tərəfdə bu peyvənd tələb edilir. Oxşar səbəbə görə, həmçinin hər iki valideyninin icazəsi olmaqla 12-15 yaşlı uşaqlara da vaksinin tətbiqinə icazə verilib.
Viktor Qasımov vurğulayıb ki, Azərbaycanda yaşı 18-dən aşağı olanların peyvəndlənməsi könüllüdür və yalnız valideynlərin razılığı əsasında aparılır. Onlara qarşı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Bununla yanaşı, səhiyyə nazirinin müavini əhali arasında peyvəndləmənin məcburi olması ilə bağlı yayılan bir sıra fikirlərə aydınlıq gətirib. O xatırladıb ki, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Qanuna əsasən, əhalinin müəyyən xəstəliklərə qarşı peyvəndlənməsi könüllü aparılır, lakin müəyyən yoluxucu infeksiyalar baş verdikdə məcburi peyvəndlənmə aparıla bilər.
Səhiyyə nazirinin müavini bildirib ki, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Qanunda həmin yoluxucu xəstəliklərin və məcburi peyvəndlənəcək əhali qruplarının siyahısı yer alıb. Epidemioloji vəziyyət tələb etdiyi təqdirdə bu məsələyə də baxmaq mümkündür.
Nazir müavini qeyd edib ki, Azərbaycanda uşaqların dispanserizasiyası qanunvericiliklə tənzimlənsə də, yaşlı əhalinin dispanserizasiyası aparılmır. Bildirib ki, yaşlıların dispanserizasiyası məsələsinə baxılacaq.
Azərbaycanda fəaliyyət göstərən xəstəxanalarda elektron resept sisteminin tətbiqi nəzərdə tutulur. Bu, antibiotiklərin və reseptsiz satışına icazə verilməyən digər dərman preparatlarının qanunsuz satışının qarşısını almağa gətirib çıxaracaq. Bu, uzunmüddətli prosesdir, onun effektivliyini təmin etmək üçün xəstəxanaların informasiya texnologiyaları sistemi təkmilləşdirilməlidir.
Bunu dinləmələr zamanı çıxışında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov deyib. O qeyd edib ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB mütəmadi görüşlər keçirir. Azərbaycanda antibiotiklərin reseptsiz satışının qarşısını almaq üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək. Səhiyyə Nazirliyi ilə bu istiqamətdə işlər davam etdirilir.
V.Qurbanov həmçinin dövlət qeydiyyatına alınmayan dərman preparatlarına və onları idxal edən şirkətlərə də münasibət bildirib: “Dövlət qeydiyyatından keçməyən dərman preparatlarının satışı ilə bağlı səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayevlə sıx müzakirələr aparılır. Problemlə əlaqədar çox ciddi addımlar atılacaq”.
Yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstələrin hospitalizasiyası meyarlarının pandemiya başlandığı gündən təsdiq olunduğunu deyən TƏBİB rəhbəri bildirib ki, bu proses saturasiya səviyyəsi, yanaşı xəstəliklərin mövcudluğu, yaş və digər kriteriyalara görə tənzimlənir. Təcili və təxirəsalınmaz tibbi yardım briqadalarının işi də onun əsasında həyata keçirilir. O qeyd edib ki, bu meyarlarda müəyyən dəyişikliklərin ediləcəyi planlaşdırılıb.
Özəl tibb müəssisələrinin koronavirusla mübarizəyə cəlb edilməsi barədə danışan V.Qurbanov deyib ki, virusa yoluxmuş xəstə sayı artdığı dövrlərdə bir çox özəl tibb müəssisəsi prosesə qoşulmuşdu: “Hazırda özəl tibb müəssisələrinin prosesə cəlb olunmasına ehtiyac yoxdur, çünki dövlət xəstəxanalarında kifayət qədər yataq ehtiyatı, boş çarpayılar var”. O qeyd edib ki, pandemiya ilə mübarizədə iştirak edən tibb müəssisələrinə cəlb olunan mütəxəssislər əsasən dövlət tibb müəssisələrinın işçiləridir.
Səhiyyə Nazirliyi bir müddətdir ki, mərkəzləşdirilmiş qaydada Bakı Sağlamlıq Mərkəzində uşaqların könüllü vaksinasiyası prosesinə başlayıb. Müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT “Pfizer” (“Comirnaty”) peyvəndi vurula bilər. Yaşı 18-dən aşağı olanlara “Pfizer” vaksininin vurulmasının təhlükəsizliyi elmi sübutlarla təsdiq edilib. Bu barədə məlumat verən TƏBİB İdarə Heyətinin sədri vəzifələrini icra edən onu da açıqlayıb ki, Azərbaycanda koronavirus əleyhinə istifadə edilən peyvəndlərdən məhz bu vaksinin uşaqlara tətbiqi daha məqsədəuyğundur.
Dinləmələrdə həmçinin Milli Məclisin komitə sədrləri, deputatlar, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva, Səhiyyə Nazirliyinin baş infeksionist eksperti Təyyar Eyvazov və digər mütəxəssislər iştirak ediblər.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova