Valyuta.com

Böyük Vətən müharibəsində Azərbaycan tibb işçilərinin fəaliyyəti

Böyük Vətən müharibəsində Azərbaycan tibb işçilərinin fəaliyyəti

Düz 80 il əvvəl – 1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə hücum etdi, bununla da Böyük Vətən müharibəsi başlandı. Bu müharibə ümumxalq xarakteri daşıyırdı və Sovet İttifaqında yaşayan bütün xalqlar, o cümlədən də azərbaycanlılar o zaman ümumi Vətən sayılan SSRİ-nin müdafiəsinə qalxdılar.
Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq göstərib. Müharibə başlananda qısa müddət ərzində respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib. 1941-1945-ci illərdə 600 mindən çox oğlan və qız buradan cəbhəyə yollanıb.
İkinci Dünya müharibəsi səhiyyə işçiləri üçün də çox ciddi sınaq olmuşdu. Almaniyanın qəfil hücumunun ilk dövrlərində sovet qoşunlarının geriyə çəkilməsi hərbi-tibbi xidməti ağır vəziyyətə salmışdı. Çünki bir tərəfdən tibb işçiləri çatışmırdı, digər tərəfdən isə düşmənin aviasiyası tibb ocaqlarını sıradan çıxarırdı, nəticədə, tibb əmlakı ehtiyatları məhv edilirdi. Yaralıları və xəstələri ağır bir şəraitdə müalicə etmək lazım gəlirdi. II Dünya müharibəsi illərində ordunun tibb xidmətinə və ölkənin səhiyyə orqanlarına bütün xalq kömək edirdi. Müharibənin axırlarında ölkədə təqribən 500 min nəfər donor var idi. Arxa cəbhədəki təxliyyə hospitallarında, şəhər və kəndlərin, xüsusən düşmən ordusunun basqınlarından zərər çəkmiş yerlərin əhalisi arasında 200 min nəfərdən çox sanitar çalışırdı. Ağır müharibə illərində sovet səhiyyəsi öz fəaliyyətini zəiflətmədi, hətta daha artıq səy göstərməyə başladı.
1941-ci ildə müharibə başlananda ön və arxa cəbhənin tibb işçiləri silahlı qüvvələrin yüksək döyüş hazırlığını təmin etmək üçün mühüm işlər gördülər. Sovet səhiyyəsi və tibbi müharibə illərində yaralıların 90 faizindən çoxunun yenidən ordu sıralarına qayıtmasını təmin etdi. Müharibə sovet Azərbaycanının səhiyyəsi və tibb elmi qarşısında da çox məsul vəzifələr qoymuşdu. Mühüm problemlərdən biri ön və arxa cəbhənin ehtiyaclarını ödəmək üçün səhiyyə orqanlarının, müəssisələrin, həmçinin ali və orta tibb məktəblərinin, elmi-tədqiqat institutlarının fəaliyyətini yenidən qurmaq idi.
Bu yazıda biz öz fəaliyyətini müharibənin tələblərinə uyğunlaşdıran Azərbaycan Tibb İnstitutunun gördüyü işlərdən danışmaq istəyirik. İnstitutun professor-müəllim kollektivi, yardımçı heyəti və tələbələri tərəfindən müharibə şəraitində mürəkkəb, çoxcəhətli məsələlər müvəffəqiyyətlə həllini tapdı. 1922-ci ildə ilk buraxılışından II Dünya müharibəsinin sonunadək Azərbaycan Tibb İnstitutu 5825 həkim yetirmişdi. Bunlardan 3813 həkim (65,4 faiz) müharibə başlananadək hazırlanmışdı. Onlardan çoxu sonralar Sovet Ordusu sıralarında xidmət etmiş və respublikanın bir çox hospitallarında işləmişdi. Müharibənin ilk günlərində isə institut 680 həkim hazırlamışdı, onların əksəriyyəti cəbhəyə göndərilmiş və orada Sovet Ordusunun tibb bölmələri tərkibində işğalçılara qarşı vuruşmuşdu. İnstitutun yetirmələri – Rüstəmbəyova, Abdullayev, İbrahimov, Baxışov və başqaları – könüllü olaraq partizan dəstələrinin tibb hissələrində də çalışırdılar. Həmin illərdə bu ali məktəbin professor-müəllim heyəti və əməkdaşları, o cümlədən professorlardan B.Mahmudbəyov, H.Bünyatov, X.Hacıyev, A.Tahirov, Q.Səlimxanov, H.İsazadə, dosentlərdən C.Axundov, M.Qarayev və başqaları ön cəbhədə, ordu və korpuslarda, həmçinin hospitallarda baş mütəxəssis kimi gecə-gündüz işləyir, yüzlərlə yaralı əsgərə tibbi yardım göstərirdilər.
Müharibənin əvvəllərində Tibb İnstitutunun strukturunda da dəyişikliklər baş vermişdi. 1937-ci ildə təşkil olunmuş Azərbaycan Əczaçılıq İnstitutu Tibb İnstitutunun tərkibinə daxil edilmişdi. 1936-cı ildən təhsil ocağında ancaq iki fakültə - Müalicə-profilaktika və Pediatriya fakültələri fəaliyyət göstərirdi. 1942-ci ildə isə Sanitariya-gigiyena fakültəsi bərpa olundu.
Bütün çətinliklərə baxmayaraq, müharibə dövründə bu ali məktəbə qəbul 1940-1941-ci illərə nisbətən 2 dəfədən çox artmışdı. Əgər 1940-1941-ci tədris ilində instituta 486 tələbə qəbul olunmuşdusa, bu rəqəm 1941-1942-ci ildə 1069, 1942-1943-cü ildə 1056, 1943-1944-cü ildə 1000, 1944-1945-ci ildə isə 967 olmuşdu. İl ərzində cəbhənin ehtiyacına görə həkim və provizorlar vaxtından əvvəl, V kursdan - dövlət imtahanları vermədən buraxılırdılar. Həmin ağır illərdə tələbə qəbulunu nizama salmaq üçün institutun əməkdaşları respublikanın ayrı-ayrı şəhər və rayonlarına gedir, gənclər arasında təbliğat aparır, onları həkim olmaq üçün təhsil ocağına cəlb edirdilər.
SSRİ Səhiyyə Komissarlığının göstərişlərinə əsasən, III kurs tələbələrinin istehsalat təcrübəsi respublikanın hospitallarında keçirilirdi. Bu isə onların praktik vərdişlər əldə etmələrinə xeyli kömək göstərirdi. Müharibənin ikinci yarısında institutun maddi-texniki bazası nisbətən yaxşılaşdı, bəzi binalar isə hərbi təşkilatlar tərəfindən qaytarıldı.
Müharibə şəraiti Tibb İnstitutu alimlərindən yeni problemlərin həllini tələb edirdi. Professor M.Topçubaşovun təşəbbüsü ilə SSRİ-də ilk dəfə olaraq ixtisaslaşmış hospitallar yaradılmışdı. Burada cəbhədən gələn yaralılar xəstəliklərin profili üzrə hospitallara göndərilir və müalicə olunurdular. Professorlar M.Topçubaşovun və M.Ammosovun (Nevrologiya kafedrası) təşəbbüsü ilə N.Semaşko adına Kliniki Xəstəxanada Cərrahiyyə hospitalının bazasında ilk dəfə ixtisaslaşdırılmış Neyrocərrahiyyə hospitalı yaradılmışdı.
Tibb İnstitutunun professoru, görkəmli alim F.Əfəndiyev bu illərdə hemotoraksın irinləməyə keçməsinin qarşısını almaq üçün yeni üsul təklif etmişdi. Bu üsul ədəbiyyatda "Tompson - Əfəndiyev diaqnostik sınağı" adını almışdı. O, torakoplastikanın və qanın konservləşdirilməsinin yeni, təkmilləşdirilmiş metodikalarını da irəli sürmüşdü.
Müharibə dövründə institutun alimləri kəşf etdikləri yüksək effektli naftalan müalicə vasitəsini yaralanmalar zamanı istifadə edərək, əhəmiyyətli uğurlar qazanmışdılar. Ali məktəbin alimləri epidemioloji sağlamlığı təmin etmək üçün kompleks tədbirlər sistemi hazırlayıb tətbiq etmişdilər. Bu dövrdə professor D.Hüseynov bir sıra xəstələrdə Sibir xorasının ədəbiyyatda təsvir edilməmiş formasını aşkar etmişdi. Bu isə həmin xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm rol oynamışdı.
Bəzi elmi tədqiqatlar cəbhədə toplanmış materiallar əsasında aparılırdı. 1941-1945-ci illər ərzində Tibb İnstitutunda 52 dissertasiya müdafiə edilmişdi ki, bunlardan da bir çoxu müharibə dövrü üçün böyük əhəmiyyətə malik idi.
Müharibə şəraitində Tibb İnstitutu respublika səhiyyəsinə çox böyük yardım göstərirdi. Birinci növbədə hospitalların fasiləsiz işləməsini təmin edirdi. Bununla yanaşı, bu ali məktəb respublika əhalisinə və SSRİ-nin zəbt olunmuş ərazilərindən buraya müvəqqəti evakuasiya edilmiş insanlara tibbi xidmət göstərirdi, eyni zamanda, Azərbaycandan keçməklə dəniz yolu ilə Şərqə və dəmir yolu ilə Gürcüstan və Ermənistana köçürülən, öz ərazisi işğaldan azad olunduqdan sonra geri reevakuasiya olunan insanlara tibbi yardım göstərilməsində fəal rol oynayırdı. Belə böyük insan axını olan ərazidə epidemioloji əmin-amanlığı qoruyub saxlamaq çox vacib məsələ idi. Respublikada bu işə təşkilati rəhbərliyi Patoloji anatomiya kafedrasının professorları İ.Şirokoqorov və D.Hüseynov etmişdilər.
Tibb İnstitutunun yüksək ixtisaslı əməkdaşları respublika üzrə hərbi-tibbi problemlərə həsr edilmiş elmi-praktik konfransların təşəbbüskarları və təşkilatçıları idilər. Ali məktəbin elmi-pedaqoji kollektivi hərbi komissarlıq tərəfindən aparılan hərbi-tibbi və psixiatrik ekspertizaların təşkilində və aparılmasında əsas rol oynayırdılar.
ATİ-nin alimləri mütəmadi olaraq Dağıstanda yerləşən hospitallara məsləhətlər vermək üçün ezam edilirdilər. Nəzəri kafedraların əməkdaşları hərbi-tibbi işlərdə də fəallıq göstərirdilər. Belə ki, Ümumi gigiyena və Fizika kafedraları Xəzər Hərbi Donanmasının tapşırığı ilə eksperimental-laborator tədqiqatları yerinə yetirirdilər. Biokimya kafedrası isə hospitallarda müvafiq biokimyəvi tədqiqatlar aparırdı. Əczaçılıq fakültəsinin əməkdaşları müharibənin başlanmasının ilk aylarından dərman vasitələrinin istehsalını təşkil etmişdilər. Azərbaycanın və digər respublikaların tibb müəssisələri əsasən bizim yerli xammaldan alınmış kimya-əczaçılıq, bakteriya preparatları, dezinfeksiya vasitələri və konservləşdirilmiş qan ilə təmin olunmağa başlamışdılar. Pediatriya kafedrasının əməkdaşları düşmənlər tərəfindən zəbt edilmiş ərazilərdən evakuasiya olunan uşaqlara limanlarda tibbi xidmət göstərirdi.
Hospitalların fəaliyyətində tələbələrin rolunu xüsusi qeyd etmək lazımdır. Onlar universitetdə oxumaqla yanaşı, yaralıların və xəstələrin müalicəsində fəal iştirak edirdilər: I-II kursların tələbələri sanitar, III-IV kursların tələbələri tibb bacısı və tibb qardaşı, V kurs tələbələri subordinator, bəziləri isə ordinator kimi işləyirdilər. 1944-cü ildə ancaq N.Semaşko adına 1 nömrəli Klinik Xəstəxananın ştatında III-IV kursların 300 nəfər tələbəsi çalışırdı.
Beləliklə, Tibb İnstitutunun elmi-pedaqoji kollektivi və tələbələri tərəfindən müharibə illərində səhiyyə işlərinə böyük kömək göstərilmişdi. 1942-ci il iyulun 11-də SSRİ Səhiyyə Komissarlığının kollegiyasında səhiyyə komissarı Q.Miterev qeyd etmişdi ki, Azərbaycan müharibə dövründə səhiyyə sahəsində bu dərəcədə yüksək əzmlə çalışmış, səmərəli fəaliyyəti ilə fərqlənmiş, işin keyfiyyətini yüksəltmiş yeganə respublika idi.
Azərbaycan Tibb İnstitutunun bir çox professoru, müəllimi, əməkdaşı və tələbələri cəbhədə və evakuasiya hospitallarında fədakarlıq göstərdiklərinə görə ali mükafatlarla, müxtəlif orden və medallarla təltif edilmişdilər.

Sadatxan Əliyev
Azərbaycan Təbabəti Muzeyinin direktoru,
Sevinc Maniyeva
muzeyin baş mühafizi
шаблоны для dle 11.2





AVQUST2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova