Herontoloji Mərkəzin direktoru: Bakıda son 10 ildə yaşı 60 və daha yuxarı olanların sayı artıb

Herontoloji Mərkəzin direktoru: Bakıda son 10 ildə yaşı 60 və daha yuxarı olanların sayı artıb

Səhiyyə Nazirliyinin Bakı Şəhər Herontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Nailə Əhmədova bu qurumun fəaliyyət istiqamətləri, aparılan araşdırmalar, paytaxt Bakıda yaşlı insanların sayı və mərkəzdə həyata keçirilən müalicə-profilaktika tədbirləri ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.


- Öncə istərdik ki, yeni yaradılan Bakı Şəhər Herontoloji Mərkəzinin fəaliyyət istiqamətləri barədə məlumat verəsiniz.
- Mərkəzimiz 2020-ci ilin may ayında “Sağlamlıq sahəsi” poliklinikasının nəzdində yaradılıb. Herontologiya insanın qocalmasının bioloji, sosial, psixoloji problemlərini və qocalma ilə mübarizə yollarını öyrənən elmdir. Yaşlanma zamanı insanın orqanizmində baş verən dəyişiklikləri isə heriatriya elmi öyrənir. Bakı Şəhər Herontoloji Mərkəzi ahıl, yaşlı insanlara ixtisaslaşmış, keyfiyyətli tibbi xidmət göstərmək məqsədilə yaradılıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) insanların yaş üzrə bölgü təsnifatını nəzərə alsaq, 60-74 yaş arası olanlar ahıl, 75-89 yaş arası şəxslər qoca, yaşı 90-dan yuxarı insanlar isə uzunömürlü hesab edilir. Azərbaycan da hər zaman uzunömürlülər ölkəsi kimi tanınır, burada yaşlı insanlara daim qayğı göstərilir. 1962-ci ildə professor Şükür Həsənov tərəfindən “Sağlamlıq sahəsi” poliklinikası yaradılıb. 1976-ci ildə poliklinikada Heriatrik kabinet yaradılıb, orada yaşlı insanların sağlamlığına, sosial vəziyyətinə və rifahına xüsusi diqqət göstərilib. 1984-cü ildə həmin poliklinikanın nəzdində Herontoloji Mərkəz yaranıb.
Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda əhalinin yaşlanması prosesi gedir. Bunu nəzərə alaraq, Bakı Şəhər Herontoloji Mərkəzinin yaranması zərurəti ortaya çıxdı. Beləliklə, 2020-ci ildə Səhiyyə Nazirliyi ahıl insanlara, onların sağlamlıq vəziyyətinə xüsusi və ixtisaslaşmış diqqət göstərmək üçün “Sağlamlıq sahəsi” poliklinikasının nəzdində bu mərkəzi yaratdı.

- Herontoloji Mərkəzə yalnız paytaxt sakinləri müraciət edə bilər?
- Bizim mərkəzin fəaliyyət istiqaməti iki sahəyə ayrılıb: sağlam yaşlanmanın profilaktikası və xüsusi sağlam yaşlanma. Sağlam yaşlanmanın profilaktikası ÜST-nin tövsiyələrinə əsasən, insan doğulandan başlayır. Sağlam yaşlanmanın gedişatı isə 60 yaş və yuxarı yaşda insanlara aiddir. Hazırda Herontoloji Mərkəz olaraq, Azərbaycanın bölgələrindən də bizə müraciətlər daxil olur.

- Sağlam yaşlanmanın profilaktikasında müayinə və müalicə üsulları nədən ibarətdir?

- İlk növbədə, pasiyentlər mərkəzin terapevtinə yaxınlaşırlar. Terapevt şikayətləri dinlədikdən sonra ixtisaslaşmış həkimə müraciət edilir. Bəzən elə olur ki, cavan yaşlı pasiyentlərdə birincili şəkər aşkar olunur. Artıq bununla yanaşı, digər nevroloji fəsadlar da yaranır. Endokrinoloqla yanaşı, nevropatoloq da müalicə və müayinə prosesinə cəlb olunur, birgə müalicə kursu tərtib edilir. Həmişə pasiyentlərə müalicəni düzgün aparmağın vacibliyi barədə danışırıq. Elə etmək lazımdır ki, 40 yaşından şəkərli diabet xəstəsi olan adam yaşlılıq dönəminə girdikdə, heç olmasa, şəkərli diabetin fəsadları az olsun. Yəni şəkərin normada qalması üçün müalicə ilə yanaşı, xəstəliyin fəsadlarının daha gec yaranmasına çalışmaq lazımdır. Bunun üçün müalicə prosesi ilə yanaşı, insanları daha çox maarifləndiririk. Yaşlı vaxta nisbi sağlam girmək lazımdır, çünki yaşlandıqda həm müalicə çətinləşir, həm də başqa orqanlarda zədələnmə gedir. Həkimə vaxtında müraciət, düzgün müalicə insanların sağlam yaşlanmasına və ömürlərinin uzanmasına yol açır.

- Bakı şəhəri üzrə hazırda ahıl, qoca və uzunömürlü insanların ümumi sayı nə qədərdir?
- Dövlət Statistika Komitəsinin 2024-cü ildə hazırladığı statistik göstəricilərə əsasən, Bakı şəhəri üzrə ümumi əhalinin sayı 2 344 888 nəfərdir. Onların 404 556 nəfəri 60 və daha yuxarı yaşdadır. Faiz hesabı ilə bu göstərici Bakı əhalisinin təxminən 17 faizini təşkil edir. Müqayisə üçün bildirim ki, 2014-cü ildə yaşı 60 və daha yuxarı olanlar ümumi əhalinin təxmini 10 faizini təşkil edirdi.

- Bu artım məhz sağlam yaşlanma hesabına baş verib?
- Təəssüflər olsun ki, xəstəliklərin çoxuna insanlar orta yaşda tutulurlar. Bəzi xəstəliklər isə anadan olan kimi və ya uşaq yaşlarından baş verir. Bizə müraciət edən pasiyentlər heç bir patologiyası olmayan, sadəcə yaşla əlaqədar orqanizmində dəyişikliklər baş verənlərdir. Ona görə də bu yaşlanmanın nəyin hesabına baş verdiyi barədə statistik məlumatımız yoxdur. Amma sağlam yaşlanmanın yolları barədə insanlar arasında maarifləndirilmə aparılmalıdır. Biz sağlam yaşlanmanı nə üçün vacib hesab edirik? Çünki yaşlanan zaman insanda bir deyil, bir neçə xəstəlik yarana bilər. Uşaq və cavan yaşlarda insanda hər hansı xəstəlik varsa, həmin insan yaşlılıq vaxtına çatdıqda, bu xəstəliklərin fəsadları yaranır. Bu da yaşlılar arasında mobilliyin itirilməsinə, insanın başqa fərdlərdən asılı hala düşməsinə səbəb olur. Ona görə də sağlam yaşlanma fikrini və istəyini uşaq və cavan yaşlardan maarifləndirmə yolu ilə insanların şüuruna yeritməliyik. Əksər vaxt ailə və iş məsələlərinə baş qarışdığı üçün sağlamlıq məsələləri arxa planda qalır.

- Bəs Bakıda uzunömürlülərin sayı neçə nəfərdir?
- 2014-cü ildə Bakıda 90 və daha artıq yaşı olan 1 611 nəfər var idisə, 2024-cü ildə bu göstərici 4 553 olub. Diqqət edin, 10 il ərzində bu insanların sayı nəzərəçarpacaq qədər artıb. Bu artım xəstəliklərin vaxtında və düzgün müayinə edilməsi, profilaktikası və müalicəsi ilə bağlıdır. Həmçinin 2014-cü ildə Bakıda 75-89 yaş aralığında 49 308 nəfər yaşayırdısa, 2024-cü ildə bu rəqəm 64 184-ə çatıb. 60-74 yaş arası insanların sayı isə 2014-cü ildə 165 670, 2024-cü ildə 335 819 nəfər təşkil edib.

- Uzunömürlülər arasında qadınlarla kişilərin nisbəti necədir?
- 2024-cü ilin statistikasına əsasən, 90 və daha yuxarı yaşda olanların 2 068-i kişi, 2 485-i qadındır.

- Ölkəmizdə insanların qocalma səbəbləri ilə bağlı tədqiqat aparılıbmı?
- Mərkəzimiz Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Uzunömürlülər kafedrası ilə birgə uzunömürlülüyə və yaxud yaşlanmadakı problemlərə dair mütəmadi olaraq araşdırmalar həyata keçirir. Tədqiqatların nəticələri elmi jurnallarda dərc olunur. Bundan əlavə, mərkəzimiz Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası ilə birgə araşdırmalar aparır. Bununla bərabər, mərkəzin həkimləri Türkiyədə təşkil olunan Ulusal Türk Geriyatri Çevrimçi konfranslarında və ÜST-nin keçirdiyi dinləmələrdə iştirak edir. Bu araşdırmaların, dinləmələrin sonunda əldə olunan nəticələrlə yaşlı insanlara daha yaxşı kömək göstərməyin yolları axtarılır. Qeyd edək ki, “COVID-19 infeksiyasının ölkəmizdə yaşlı əhalinin fizioloji durumuna təsiri”, “COVID-19 keçirmiş herontoloji yaş qruplarında ürək avtomatiziminin funksional dəyişikliyi”, “Yaşlı insanlar arasında tez-tez rast gəlinən xəstəliklər və onların profilaktikası” mövzularında araşdırmalar aparılıb.

- ÜST-nin keçirdiyi herontoloji dinləmələrdə iştirak etmisiniz. Bu təşkilatın Azərbaycanla bağlı hər hansı tövsiyəsi varmı?
- Konkret olaraq Azərbaycanla bağlı hər hansı tövsiyə yoxdur. Ancaq təşkilat ümumi Avropa regionu üzrə tövsiyələrini bildirir. İştirakçılar dinləmələrdə əldə etdiyi yeni bilikləri gələcək araşdırmalarda istifadə edə bilirlər.

- Mərkəzə müraciət edən yaşlı insanlarda ən çox hansı xəstəliklər müşahidə olunur?
- Bütün dünyada olduğu kimi, ölkəmizdə də yaşlı insanlar hipertoniya, şəkərli diabet, sümük-əzələ sistemi xəstəliklərindən daha çox əziyyət çəkirlər.

- Herontoloji Mərkəzdə pasiyentlərə xidmətin hansı xüsusiyyətləri var?
- Ümumi heriatrik baxışın tam normal şəraitdə aparılmasını nəzərə aldıqda, biz bir pasiyentə 45 dəqiqə vaxt ayırırıq. Mərkəzimizə müraciət edən pasiyentin sosial vəziyyəti, kiminlə yaşaması, mərkəzimizə necə gəlməsi, mobilliyi ilə bağlı məsələlər araşdırılır. Yəni təkcə pasiyentin xəstəliyi ilə bağlı araşdırmalar aparılmır. Bizi xəstənin özünü necə idarə etməsi də maraqlandırır. Daha sonra ixtisaslaşmış həkimlər tərəfindən xəstəyə baxış keçirilir. Ehtiyac olarsa, kompleks heriatrik baxış aparılır. Laborator diaqnostik müayinələrdən keçdikdən və diaqnoz qoyulandan sonra ehtiyac olduğu halda, müalicə-reabilitasiya tədbirləri görülür. Dərman preparatları, fizioterapiya yolu ilə də müalicə tətbiq edilə bilər. Bizim mərkəzin müalicəvi bədən tərbiyəsi terapiyası daha üstün müalicə növü hesab edilir. Hazırda mərkəzimizdə reabilitasiya metodları üstünlük təşkil edir.

- Gündəlik müraciət sayı nə qədərdir?
- Hər gün 50 nəfərə yaxın şəxs mərkəzə ilk dəfə müraciət edir. Təkrar gələnlərin sayı isə 200-250 arası olur. Pasiyentlər müraciət etdikləri zaman bir neçə kurs müalicə alsalar, onlara evdə dərmanları qəbul etmə qaydası da başa salınır. Tövsiyə vərəqəsində dərmanların qəbulu qaydası açıq şəkildə yazılır. Çox vaxt tövsiyə vərəqəsinin mətbəxdə soyuducunun üzərinə yapışdırılması məsləhət görülür. Bunlar xırda məsələlər olsa da, bizim Mərkəzin əsas işlərindən hesab edilir.

- Mərkəzin həkimləri yaşlı insanlarla necə ünsiyyət qururlar? Qadınlarla, yoxsa kişilərlə dil tapmaq daha asandır?
- Bəzən mərkəzə yaşlı cütlüklər müraciət edirlər. Xanım müayinəyə can atsa da, bəyi müayinələrdən keçirməyə razı sala bilmirik. Belə olanda həkim və psixoloqlar həmin şəxslərlə söhbət aparırlar. Bu sahədə uzun illərin təcrübəsi olan həkimlərimiz onlarla ünsiyyət qururlar. Əksər hallarda qadınlar özlərinə daha çox diqqət yetirirlər. Eyni zamanda, həyat yoldaşlarını da düşünürlər.

- Qadınların kişilərdən daha uzunömürlü olması ilə bağlı hər hansı tibbi araşdırma varmı?

- Bu sual hər zaman insanları maraqlandırıb. Çünki mövzu haqda fərqli araşdırmalar aparılıb. Araşdırmalara görə, qadınlar zərərli vərdişlərdən daha uzaq olur, daha çox həkimə müraciət edir, xəstəlikləri daha tez aşkar edib, müalicə və profilaktik tədbirlər görürlər. Həmçinin sağlam qidalanmaya və fiziki aktivliyə üstünlük verirlər. Qadın orqanizmində ifraz edilən estrogenin yüksək səviyyəsi onları ürək-damar sistemi xəstəliklərinin baş verməsindən qoruyur. Kişilərdə isə testosteronun yüksək səviyyəsi onlarda daha çox aqressiv və riskli davranışa, eləcə də sağlamlıq üçün təhlükəni görməməyə səbəb olur. Kişilər həkimə daha az müraciət edirlər. Rejimsiz dərman qəbul edir, tövsiyələrə riayət etmir, pəhriz tutmaqdan qaçır, zərərli vərdişlərə meyilli olurlar.

- 10 il ərzində yaşlı insanların sayında xeyli artımın olduğunu qeyd etdiniz. Bəs, sizcə, ictimaiyyət arasında pensiya yaşına çatmadan vəfat edənlərin sayının çox olması fikri nədən formalaşıb?
- Çox güman ki, bu fikir 45-60 yaş arası olanlarla bağlıdır. Çünki bütün dünyada ürəklə əlaqədar problemlər kəskin artmaqdadır. Ancaq bu sahədə hansısa araşdırmanın nəticələrini deyə bilmərəm.

- Sizcə, nə üçün indi xəstəliklər cavanlaşma dövrünü yaşayır?
- Düşünürəm ki, müasir dövrdə insanlar sağlam həyat tərzi sürmürlər, uşaq yaşlarından yüksək texnologiyaların təsirinə məruz qalırlar. Uşaqlar arasında bədən tərbiyəsinə həvəsin azalması, qeyri-düzgün qidalanma və stres xəstəliklərin yaranmasına səbəb olur. Stres faktoru çox olduğundan xəstəliklərin yaranması daha da tezləşib. Bunlar sağlam yaşlanmanın qarşısını alan amillərdir.

- Yaşlı insanlarda rast gəlinən xəstəliklərdən biri də ağız quruluğu ilə bağlıdır. Əgər insanda orqanlar sağlamdırsa, bu, hansı səbəblərdən baş verə bilər?
- Bununla bağlı ixtisaslaşmış həkim daha dəqiq cavab verə bilər. Ahıl yaşda insanlarda involyutiv dəyişikliklər baş verir. Selik ifraz edən vəzilərin funksiyası aşağı düşür. Heç bir xəstəlik olmadan da artıq atrofikləşmə gedir və lazımi qədər selik ifraz edilmir.

- 65 yaşdan sonra cərrahi müdaxilə hansı hallarda riskli deyil?
- 65 və daha yuxarı yaşlarda hər hansı cərrahi müdaxilənin riskləri və ya müsbət nəticələri ilə bağlı tarazlığı qiymətləndirərək rəy vermək lazımdır. Cərrahi müdaxilənin kimlərə aid olması yalnız həkim qiymətləndirilməsindən sonra baş verməlidir. Bu yaşdan sonra əməliyyatı uğurla icra olunan insanların sayı da kifayət qədərdir.

- Bəzi ölkələrdə yaşlı insanlar pensiyaya çıxdıqdan sonra aktiv həyat tərzi sürürlər. Ölkəmizdə isə bir çox yaşlılar vaxtlarını daha çox evdə keçirməyə üstünlük verirlər. Bu amil də, yəqin ki, sağlam yaşlanmaya təsir edir...
- İnsanların psixoloji vəziyyətinə uyğun olaraq, onlar arasında maarifləndirmə işləri aparılmalıdır. İnsanların əksəriyyəti təqaüdə çıxdıqdan sonra evdə nəvələri ilə vaxt keçirməyə üstünlük verirlər. Bunun özü də insanın özünü lazımlı hiss etməsi üçün vacib amildir. Başqalarına kömək etmək hissi insanlara psixoloji olaraq toxluq bəxş edir. Əfsuslar olsun ki, ölkəmizdə insanlar təqaüdə çıxdıqdan sonra onların teatr və muzeylərə getməsi geniş yayılmayıb. Bakı şəhərində ahıllarla bağlı bir neçə ictimai birlik var. Həmin birliklərə daxil olan insanlar yığışaraq turlara gedir, asudə vaxtlarını səmərəli keçirirlər. Bu cür aktiv fəaliyyətləri ictimaiyyət arasında daha çox paylaşmaq lazımdır ki, digərləri də baxıb ruhlansınlar. İnsanlar arasında aktiv həyat tərzinin necə olması barədə maarifləndirmə işləri aparılmalıdır. Pozitiv məqamları göstərdikdə bu, digər yaşlılar üçün də stimul olacaq. Bəzi insanlar yaşlanmalarını etiraf etmək istəmirlər. Təki hamıya sağlam qocalıq nəsib olsun. Qocaldıqdan sonra evə qapanmaq psixologiyasından çıxmaq lazımdır. Azərbaycanda, xüsusilə də Bakıda çoxlu sayda parklar var. Yaşlı insanlara da hərəkət, təbiət və ünsiyyət lazımdır. Bizə müraciət edən pasiyentlər müalicə üçün bədən tərbiyəsinə qrup şəklində gəlməyi sevirlər. Onlar müalicələrini aldıqdan sonra bir-birləri ilə ünsiyyət qurur və yaxud çıxıb parkda gəzişirlər. Bu, onlara psixoloji dəstəkdir. İnsanları həm cəmiyyətdə, həm də ailədə daha aktiv olmağa təşviq etmək lazımdır.


Xəbəri paylaş



Mart 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova