Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib

Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib

Respublika Endikrinoloji Mərkəzi, Azərbaycan Diabet Liqası İctimai Birliyi və “Novo-Nordisk” şirkətinin dəstəyi ilə Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Öz riskini bil, öz cavabını bil” devizi ilə “Şəkərli diabet Tip 2 xəstələrində erkən diaqnozun qoyulması, vaxtında müayinə və müalicənin aparılması” mövzusunda olub.
Tədbirdə “Tip 2 şəkərli diabetin idarə olunmasında nə dəyişib?”, “Şəkərli diabet pasiyentlərinin terapevtik təlimi”, “Diabet və ürək-damar xəstəlikləri” mövzuları müzakirə edilib.
Qeyd edək ki, Ümumdünya Diabetlə Mübarizə Günü 1991-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə noyabrın 14-də qeyd edilir. 2006-cı ildə BMT Baş Assambleyası şəkərli diabetlə bağlı qətnamə qəbul edib. Sənəd ictimaiyyəti xəstəliyin yaranma səbəbləri, əlamətləri, fəsadları, müalicəsi və profilaktikası barədə məlumatlandırmaq, onun inkişafının qarşısının alınması yollarını araşdırmaq məqsədi daşıyıb. 2007-ci ildən Ümumdünya Diabetlə Mübarizə Günü BMT-nin himayəsi altında keçirilməyə başlayıb.
Diabetin araşdırılma tarixinə gəldikdə, 1922-ci ilin yanvarında Frederik Bantinq ilk dəfə insulinin inyeksiyasını şəkərli diabetin ağır formasından əziyyət çəkən 14 yaşlı oğlana vuraraq onun həyatını xilas edib. O, bundan sonra ixtira etdiyi insulinə patent almaq hüququnu Toronto Universitetinə verib. Həmin ilin axırlarında yeni preparat dərman bazarına çıxarılıb.
Frederik Bantinqin Con Makleodla birlikdə ixtira etdiyi hormon milyonlarla diabet xəstəsinin həyatını xilas edib. Şəkərli diabet indi də sağalmayan xəstəliklər sırasına daxil olsa da, insulinin hesabına onu nəzarətdə saxlamaq mümkündür. Elə buna görə də bəzən şəkərli diabet xəstəlik yox, həyat tərzi hesab edilir. 1923-cü ildə biokimya və təbabət sahəsində Bantinq və Makleoda Nobel mükafatı verilib.
Hazırda şəkərli diabet ateroskleroz və xərçənglə yanaşı, dünyada ən çox əlilliyə və ölümə səbəb olan ilk üç xəstəlikdən biri hesab edilir. ÜST-nin hesablamalarına görə, bu problem dünya əhalisinin ölüm faizini 2-3 dəfə artırır. Xəstəlik, eyni zamanda, yayılma miqyasına görə də çox aktualdır. Əgər 1980-ci ildə şəkərli diabetdən 108 milyon nəfər əziyyət çəkirdisə, hazırda həmin rəqəm 537 milyona çatıb. Yəni hər il şəkərli diabetdən əziyyət çəkənlərin siyahısı artmaqda davam edir. Xəstəliyin risk qrupuna 24-60 yaş arasında olanlar daxildir.
Əvvəllər qanda qlükozanın miqdarı 1 litrdə 6,6 millimoldan çox olanlar diabet xəstəsi hesab edilirdi. İndi isə qanda qlükozanın miqdarının 3,3-5,5 millimola qədər olması norma hesab edilir. Bu, şəkərli diabet xəstələrinin sayının artması deməkdir.
Hər yerdə olduğu kimi, Azərbaycanda da diabet xəstəliyinin əsas səbəbi azhərəkətli həyat tərzi, qeyri-düzgün qidalanma və artıq çəkidir. Ötən ilin statistikasına görə, ölkəmizdə şəkərli diabet xəstələrinin sayı 320,9 mindən çoxdur.
Respublika Endokrinoloji Mərkəzinin direktoru, tibb üzrə fəlsəfə doktoru Nərmin İsmayılova jurnalistlərə açıqlamasında deyib ki, hazırda Mərkəzdə qeydiyyatda 1300-ə yaxın şəkərli diabetdən əziyyət çəkən uşaq var. Onlardan 123 nəfəri insulinin vurulmasında xüsusi cihazlar olan pompadan istifadə edir. 18 yaşadək uşaqlar ən keyfiyyətli insulinlə təmin olunurlar. Digər MDB ölkələrində bu cür insulinlə təminat yoxdur. Bu uşaqlara diqqət çox yüksək səviyyədədir. Məqsədimiz şəkərli diabetdən əziyyət çəkən uşaqların da öz yaşıdları kimi böyüməsi, onlara sağlam gələcək bəxş etməkdir.
Respublika Endokrinoloji Mərkəzinin direktoru həmçinin bildirib ki, ölkəmizdə yalnız uşaqlar deyil, böyüklər də ən yaxşı insulinlə təmin olunurlar: “Poliklinikalarda qeydiyyatda olan, şəkərli diabetdən əziyyət çəkən şəxslərin də lazımi preparatlarla təminatı aparılır. Bu gün Azərbaycanda şəkərli diabetin müalicə və müayinəsinə çox böyük diqqət yetirilir. Lakin biz arxayınlaşmamalı, daha da fəallıq göstərməliyik. Məqsədimiz şəkərli diabetin erkən aşkarlanmasıdır. Çünki erkən diaqnoz başqa xəstəliklərin də qarşısının alınması deməkdir. Odur ki, şəkərli diabetdən əziyyət çəkənlərin lazımi preparatlarla təminatı ilə yanaşı, həm onların, həm tibb personalının, həm də əhalinin maarifləndirilməsinə çalışırıq”.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova