Milli Məclis komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi layihəsi müzakirə olunub
Milli Məclisin Səhiyyə, İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri və Mədəniyyət komitələrinin birgə iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, birgə iclasın gündəliyinə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) daxil edilib. O, qalib dövlətin büdcəsini müzakirə etməyin çox şərəfli olduğunu vurğulayıb.
Sonra iclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2024-cü ilin dövlət büdcəsi layihəsi regionda yaranan yeni reallıqlar nəzərə alınmaqla, güclü milli iqtisadi resurslara söykənərək, Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı ilə bağlı mühüm əhəmiyyətə malik tədbirlərin maliyyələşdirilməsi üçün zəmin yaradır. Növbəti ilin dövlət büdcəsində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, azad edilmiş ərazilərimizə Böyük qayıdışa dair Birinci Dövlət Proqramında müəyyən edilmiş mühüm tədbirlərin icrası üçün maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətləri kimi nəzərdə tutulub. Bu prioritet istiqamətlər, həmçinin digər vacib məsələlər, o cümlədən əhalinin sosial müdafiəsi, təhsil sahəsində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, səhiyyə sahəsində islahatların aparılması, sahibkarlığa dəstək tədbirləri, səfərbərlik və fövqəladə ehtiyatların formalaşması, dövlət investisiya proqramının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitlərin ayrılması da diqqətdə saxlanılıb.
Nazir qeyd edib ki, 2024-cü ilin dövlət və icmal büdcələrinin tərtibində İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış ölkənin sosial-iqtisadi inkişafına dair proqnoz göstəriciləri əsas götürülüb. Orta müddətli dövr üzrə büdcə vergi siyasətinin formalaşdırılmasında qlobal və regional geosiyasi gərginlik və digər bir sıra xarici və daxili faktorlar nəzərə alınıb.
Samir Şərifov bildirib ki, növbəti il və sonrakı 3 il üzrə qeyd olunan çağırışlar, daxili və xarici mühit faktorları nəzərə alınmaqla, 2024-cü ilin dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat səviyyəsində nəzərdə tutulur, xərcləri isə 36 milyard 763 milyon manat həcmində təklif olunur.
O, qeyd edib ki, 2024-cü ilin gəlirləri 2023-cü il üçün təsdiq olunmuş gəlirlər proqnozu ilə müqayisədə 283 milyon və ya 0,8 faiz, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3 milyard 493 milyon manat və ya 11,4 faiz çox olacaq.
Samir Şərifov bildirib ki, 2024-cü ildə dövlət büdcəsi xərclərinin 42,9 faizi, onun cari xərclərinin isə 70 faizi və ya 15 milyard 773 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə istifadə olunacaq. Cari ilin göstəriciləri ilə müqayisədə bu, 1 milyard 35 milyon manat və ya 7 faiz çoxdur. O, həmçinin dövlət büdcəsində təhsil xərclərinə 4 milyard 550 milyon, səhiyyə xərclərinə 3 milyard 307 milyon, mədəniyyət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı üçün 575 milyon manat vəsaitin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Maliyyə naziri 2024-cü il üçün icmal büdcənin əsas göstəriciləri ilə bağlı bildirib ki, icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2024-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı palatanın rəyini açıqlayıb. Palata sədri 2024-cü ilin dövlət büdcəsinin layihəsinin və bu layihə ilə birlikdə təqdim olunan sənədlərin “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun hazırlandığını deyib, bu sənədlərdə tətbiq edilən yeniliklərdən, büdcə sənədləşməsinin keyfiyyətinin artırılması istiqamətində atılan addımlardan danışıb, palatanın mövqeyini diqqətə çatdırıb.
Sonra çıxış edən parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, 2024-cü ilin büdcəsi də sosialyönümlü büdcədir: “Büdcəmizdə sosial xərclərin xüsusi çəkisinin 43 faizə yüksəlməsi son dərəcə təqdirəlayiqdir. Bu, Prezident İlham Əliyevin əhalinin sosial rifahının yüksəlməsinə göstərdiyi böyük qayğının nəticəsidir. Sosial sahələrin, o cümlədən səhiyyə sisteminin maliyyələşməsində artım var”. O, vəsaitin artması hesabına ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksələcəyinə əminliyini bildirib.
Komitə sədri nəzərə çatdırıb ki, İcbari Tibbi Sığorta Fondunun gəlirlərində də ciddi artım müşahidə olunur. Son illərdə ölkəmizdə icbari tibbi sığorta uğurla həyata keçirilir. Demək olar ki, icbari tibbi sığortanın xidmətlər zərfi günbəgün genişləndirilir və əhalinin icbari tibbi sığorta ilə bağlı məmnunluğu getdikcə artır. O, qeyd edib ki, ölkəmizdə icbari tibbi sığorta sisteminə keçid son illər səhiyyəmizin ən böyük uğurlarından biridir.
Sonra çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev və Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa layihə ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.
İclasda 2024-cü ilin dövlət büdcəsi layihəsi ətrafında müzakirələr aparılıb. Müzakirələrdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, deputatlardan Rəşad Mahmudov, Azay Quliyev, Azər Badamov, Aqiyə Naxçıvanlı, Jalə Əliyeva, Etibar Əliyev, Ceyhun Məmmədov, Soltan Məmmədov, Tamam Cəfərova, Sahib Alıyev 2024-cü ilin dövlət büdcəsinin layihəsini yüksək qiymətləndiriblər, bir sıra qeyd və təkliflərini veriblər.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
İclasda Milli Məclisin deputatları, Maliyyə, İqtisadiyyat, Səhiyyə, Elm və təhsil, Mədəniyyət nazirliklərinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.