Milli Onkologiya Mərkəzində uşaq onkologiyasına həsr olunmuş elmi seminar keçirilib

Milli Onkologiya Mərkəzi (MOM) və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Vilms şişinin patologiyası və klinik müalicəsində müasir yanaşmalar: SIOP-RTSG təcrübəsi” mövzusunda elmi seminar keçirilib.
Mərkəzdən verilən məlumata görə, MOM-da təşkil olunan seminardan əvvəl xarici qonaqlar Mərkəzin Baş direktoru akademik Cəmil Əliyevlə görüşüblər. Görüş zamanı akademik Cəmil Əliyev qonaqlara Mərkəzin fəaliyyəti, burada tətbiq edilən müasir diaqnostika və müalicə üsulları haqqında ətraflı məlumat verib. Xarici qonaqlar MOM-da yaradılmış şəraitlə yaxından tanış olublar.
Seminarda uşaqlarda böyrək şişlərinin, xüsusilə Vilms şişinin diaqnostikası, patologiyası və klinik müalicəsində beynəlxalq SIOP-RTSG təcrübəsinə əsaslanan müasir metodlar geniş müzakirə edilib, təcrübə mübadiləsi aparılıb.
Tədbirdə tanınmış yerli və xarici mütəxəssislər – Almaniyadan professor Norbert Qraf “Birtərəfli nefroblastomada yeni yanaşmalar” və professor Kristian Vokul “Uşaqlarda non-Vilms şişlər”, Azərbaycandan həkim Reyman İsmayılzadə “Azərbaycanda nefroblastomanın müalicəsində təcrübəmiz”, Norveçdən həkim Ellen D'Hooghe “Vilms şişinin diaqnostik qiymətləndirilməsi və mərhələləndirilməsi”, Qətərdən professor Qordan Vuyaniç “SİOP-RTSG Umbrella tədqiqatında patoloqun rolu” mövzularında məruzələrlə çıxış ediblər.
Seminarda yeni tibbi innovasiyalar, xəstəliklərin diaqnostikası və müalicəsi ilə bağlı elmi diskussiyalar aparılıb.
Xəbəri paylaş









