UNITED: profilaktik tədbirlər görülməsə, 2035-ci ilə qədər vərəm təxminən bir milyon insanın həyatına son qoya bilər
UNITED-in (səhiyyə sahəsində innovasiyalar üzrə BMT-nin təşəbbüsləri) ekspertləri xəbərdarlıq ediblər ki, vərəmə yoluxmuş kontaktlar izlənilməsə və xəstəliyin profilaktikası ilə bağlı tədbirlər görülməsə, 2035-ci ilə qədər bu xəstəlik təxminən bir milyon insanın həyatına son qoya bilər.
BMT-nin mütəxəssisləri israrla bildirirlər ki, yoluxmuş insanların gündəlik təmaslarının aşkar edilməsi və vərəmin profilaktik müalicəsinin aparılması üzrə kompleks strategiyanın reallaşdırılması iqtisadi nöqteyi-nəzərdən əlverişlidir.
AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, yaxın 12 ildə bu tədbirlər xəstəliyə yoluxmuş insanların təmasda olduğu şəxslər və İİV ilə yaşayan insanlar arasında ölüm hallarının sayını 35 faiz azaltmağa imkan verəcək.
UNITED, ABŞ-dakı Con Hopkins Universiteti və “Aurum” İnstitutunun birgə apardığı tədqiqat göstərib ki, bu strategiya sayəsində 2035-ci ilə qədər 850 min nəfər xilas edilə bilər. 15 yaşdan kiçik şəxslərin mövcud aşağı aşkarlama nisbətlərini nəzərə alaraq demək olar ki, bu insanların əksəriyyətini uşaqlar təşkil edə bilər. Əldə olunan məlumatlara görə, kompleks strategiyanın tətbiqindən imtina edilməsi 2035-ci ilə qədər təxminən bir milyon ölüm halına səbəb ola bilər.
Bu məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə uyğundur.
Həmin tövsiyədə deyilir ki, vərəmin profilaktik müalicəsi ən yüksək yoluxma riskinə məruz qalan insanlara təqdim olunmalıdır. Buraya İİV-ə yoluxmuş şəxslər və vərəm xəstələri ilə təmasda olan şəxslər daxildir. Hər il 10,6 milyon yeni yoluxma hallarının əhəmiyyətli hissəsi bu qrupa təsadüf edir. Bütün bu hallar üzrə profilaktik tədbirlər və müalicə təsirlidir.
Vərəmin qarşısı alına və müalicə oluna bilir, buna baxmayaraq, o, dünyada ən ölümcül infeksiya olaraq qalır. ÜST-nin məlumatlarına görə, dünya əhalisinin təxminən dörddə biri vərəmə yoluxub və ağır xəstəliklərə səbəb olan aktiv xəstəliyin inkişafetmə riskinə məruzdur.
UNITED və təşkilatın partnyorları tərəfindən aparılmış bir sıra danışıqlar nəticəsində 2017-ci ildən sonra müalicə qiymətləri 70 faizdən artıq enib. Yeni daha qısa müalicə sxemləri həm daha əlçatan olur, həm də vərəm infeksiyasının aktiv xəstəliyə çevrilməsindən əvvəl onu müalicə etməyə imkan verir.
Sentyabrda BMT-nin vərəm üzrə ikinci yüksək səviyyəli müşavirəsi keçiriləcək. Bu forumun ərəfəsində UNITED ölkələri maliyyə öhdəlikləri də daxil olmaqla, vərəmlə mübarizə üzrə əlavə öhdəliklər götürməyə çağırıb.