Dərmanlara davamlı vərəmin əsas səbəbi antibiotiklərdən istifadə qaydalarının pozulmasıdır

Dərmanlara davamlı vərəmin əsas səbəbi antibiotiklərdən istifadə qaydalarının pozulmasıdır

Qlobal Fondun İctimai Vəkillər Şəbəkəsinin və Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının birgə təşkilatçılığı və "Stop Vərəm Tərəfdaşlığı" təşkilatının dəstəyi ilə vərəmlə bağlı multisektoral görüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, "Azərbaycanın 2030-cu ilə qədər Vərəmə son qoymaqla bağlı əsaslı beynəlxalq öhdəlikləri genişləndirmək təşəbbüsü: gündəlikdə Birləşmiş Millətlər Təşkilatının (BMT) 2023-cü il üzrə yüksəksəviyyəli görüşünün güclü siyasi Bəyannaməsi" adlı tədbirə onlayn qoşulan “Stop TB Partnership” təşkilatının icraçı direktoru Lüsika Ditiu vərəmlə mübarizədə dövlət dəstəyinin önəmli olduğunu, Azərbaycanın vərəmlə mübarizəyə regional və qlobal səviyyədə töhfə verə biləcəyini qeyd edib.
Azərbaycanın bu istiqamətdə bütün əsas iştirakçıları bir araya gətirə bilmək iqtidarında olduğunu söyləyən Lüsika Ditiu həmçinin deyib: “Hamımız vərəmlə mübarizəni gücləndirməyə çalışırıq. Odur ki, sentyabrda keçiriləcək görüşdə yüksək səviyyəli şəxsləri bir araya gətirmək çox önəmlidir”.
Azərbaycanda vərəmli xəstələrin sayına görə vəziyyətin kifayət qədər qənaətbəxş olduğunu bildirən səhiyyə nazirinin müavini Nadir Zeynalov, bununla belə, təəssüflə deyib ki, xəstələr arasında dərmanlara davamlı formaların nisbətinə görə vəziyyət yaxşı deyil: “Bu problem tək bizim ölkəmizdə deyil, bütün dünyada mövcuddur. 2021-ci ildə vərəm əleyhinə dərmanlara davamlı formadan əziyyət çəkən 450 min yeni xəstə aşkarlanıb. Bu il iyunda Ümumdünya Səhiyyə Təşkilatı mikroblara qarşı antibakterial və göbələk əleyhinə davamlılıq problemlərinin həlli üçün prioritet elmi-tədqiqat istiqamətlərini müəyyən edib. Bu tədqiqatlar üçün 40 istiqamət seçilib və onlardan 7-si – təqribən 20 faizi sırf vərəm əleyhinə dərmanlara davamlılıq probleminə həsr olunub. Bu onu göstərir ki, vərəm əleyhinə dərmanlara rezistentlik məsələsi nə qədər aktual və önəmlidir".
Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, dərmanlara qarşı davamlılıq vərəmə son qoymaq üçün görülən işlərə ciddi çətinlik törədir. Bunu “bütün dünyanın problemi” adlandıran millət vəkili deyib ki, bunun ən böyük səbəbi antibiotiklərin istifadə qaydalarının və vərdişlərinin pozulmasıdır: "Bildiyiniz kimi, bu günlərdə Milli Məclisdə “Dərman vasitələri haqqında” Qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə olunur. Ölkəmizdə bu sistemin daha effektiv işləməsi üçün dərmanların əlçatanlığına və qiymətlərin optimallaşdırılmasına yönəldilmiş qanun layihəsi hazırlanıb".
R.Mahmudov bildirib ki, apteklərdə yüksək dərəcəli, son mərhələdə istifadə edilməli olan antibiotiklərin əlçatan olması vərəmin kökünü kəsməyə gedən yolda ən böyük təhlükədir və bütün ölkələr üçün həll olunması vacib problemdir.
Multisektoral görüşdə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova öz çıxışında ötən il Azərbaycanda vərəmə yoluxanların sayında artım müşahidə olunduğunu, 2022-ci ildə ölkəmizdə 686 yeni vərəm xəstəsinin aşkarlandığını qeyd edib. Ümumilikdə, həm ilkin, həm də təkrar xəstələr arasında 1034 nəfər müalicəyə qoşulub.
İ.Axundova bildirib ki, vərəmlə xəstələnmə göstəricisi 28,4 faiz təşkil edib, onlardan 22,5 faizi ağciyər, 5,9 faizi isə ağciyərdənkənar vərəmdir: “İlkin xəstələr arasında 75 faizə qədər vərəm mikobakteriyası aşkarlayırıq, təkrar xəstələrdə bu rəqəm 93 faizə qədər təşkil edir. Ümumiyyətlə, il ərzində müalicə alan vərəm xəstələri arasında 85 faizə qədər halda vərəm mikobakteriyası aşkarlaya bilmişik”.
İnstitut direktoru təəssüflə bildirib ki, dərmana davamlı vərəm Azərbaycan üçün də problemdir: “Dərmanlara davamlı vərəmdən əziyyət çəkən xəstələrin sayı ötən il ilkin xəstələr arasında 11,9, təkrar xəstələr arasında 22,6 faiz təşkil edib.
Müalicə nəticələrinə gəlincə, hələ ki, Ümumdünya Səhiyyə Təşkilatının qoyduğu hədəflərə çata bilmirik. Amma həmin hədəfə çatmaq potensialımız var. Həssas xəstələrin müalicə uğuru 82, dərmana davamlı xəstələr arasında müalicə uğuru 62 faiz təşkil edir. Vərəmdən ölüm göstəricisi isə azalır", - deyə İ.Axundova qeyd edib.
Tədbirdə həmçinin Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Soltan Məmmədov, Sədaqət Vəliyeva, TƏBİB-in strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva və başqaları çıxış edərək, ölkəmizdə vərəmlə mübarizədə görülən işlərdən danışıb, hədəfə nail olmaqda birgə əməkdaşlığın vacibliyini qeyd ediblər.
Tədbir sessiyalarla davam edib. Vərəmə yoluxmuş və sağalmış Kənan Bayramov öz həyat hekayəsini danışıb, müxtəlif təşkilatların və qurumların nümayəndələri təqdimatlarla çıxış ediblər.
Tədbir zamanı QHT-lər, icmalar, ictimai xadimlər, sosial işçilər tərəfindən "Bakı Bəyannaməsi" imzalanıb. Bəyannamənin beynəlxalq QHT-lər tərəfindən də imzalanması və BMT-nin Baş Assambleyasının rəhbərliyinə ünvanlanması nəzərdə tutulur.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova