UNICEF Azərbaycanda uşaqların sağlamlığına dair dəyirmi masa təşkil edib

UNICEF Azərbaycanda uşaqların sağlamlığına dair dəyirmi masa təşkil edib

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizdə uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığına dair vəziyyətin təhlilinə həsr olunmuş dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Haykens iqlim dəyişikliyi, bunun uşaqlara təsiri və ətraf mühit məsələlərinin təmsil etdiyi təşkilatın fəaliyyətinin prioritet sahələrindən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın Səhiyyə Nazirliyinin dəstəyi ilə 2023-cü ilin mart-iyun aylarında bir qrup milli ekspert tərəfindən ölkəmizdə uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığı məsələlərinə dair çevik qiymətləndirmə aparılıb. Aparılmış qiymətləndirmənin nəticələri, o cümlədən müvafiq problemlərin potensial həlli yollarını müzakirə etmək üçün bu dəyirmi masa təşkil olunub.
Tədbirdə səhiyyə nazirinin müavini İlqar Qasımov dəyirmi masanın əhəmiyyətli mövzuya həsr edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, səhiyyə siyasətini formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı olaraq Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığına yanaşmada praktiki mövqeyin tərəfdarı və təşviqatçısıdır. Nazir müavini əhalinin sağlamlığının qiymətləndirilməsinin ictimai səhiyyənin əsas istiqamətlərindən biri olduğunu bildirib. O, ekoloji təhlükələrin insan sağlamlığına birbaşa və dolayı təsirlərindən də bəhs edib.
Tədbirdə Azərbaycan Tibb Universitetinin Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri Şəhla Balayeva deyib ki, Azərbaycanda ekoloji problemlər səbəbindən son 5 il ərzində 13 yaşa qədər uşaqların xəstələnmə göstəricilərində artım müşahidə olunur. O vurğulayıb ki, 13 yaşa qədər uşaqlarda tənəffüs, həzm sistemi, göz, infeksion və digər xəstəliklər kimi problemlərin rastlaşma tezliyində artım qeydə alınır.
“Eyni zamanda, ekoloji patologiya səbəbindən yaranan törəmələrdə 37,5 faiz artım var. 14-17 yaş aralığı uşaqlarda tənəffüs sistemi, həzm sistemi, göz xəstəlikləri, infeksion və parazit xəstəliklər, sinir sistemi kimi problemlər ən çox rast gəlinən xəstəliklərdə ilk onluğa daxildir. Yeniyetmələr arasında xəstəliklərin artım dinamikası müşahidə olunur. Ən yüksək artım isə dəri və dərialtı xəstəliklərdə qeydə alınır. Həmin xəstəliklər əsasən ekoloji problemlərin təsiri nəticəsində yaranır”, - deyə kafedra müdiri bildirib.
Ş.Balayeva qeyd edib ki, müxtəlif regionlar üzrə Şəki-Zaqatala iqtisadi rayonunda 18 yaşa qədər uşaqlarda törəmə xəstəlikləri ilk sıradadır. Sinir sistemi xəstəlikləri səbəbindən ölüm halları isə rayonlara nisbətən paytaxtda daha çoxdur.
Dəyirmi masada həmçinin Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Erkin Rəhimov, ATU-nun I Daxili xəstəliklər kafedrasının dosenti, Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri İsmayıl Əfəndiyev və digərləri çıxış ediblər.
Tədbirdə aparılmış təhlillərin nəticələri (əsas ekoloji problemlər, səhiyyə sisteminin təhlili, uşaqların ətraf mühit təhlükələrinə məruz qalması, havanın çirklənməsi və s.) ilə bağlı təqdimatlar edilib və müzakirələr aparılıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova