Bakıda Avropa və Mərkəzi Asiya xəstəxanalarının gələcəyi müzakirə olunub
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə Bakıda müasir səhiyyənin keyfiyyət və davamlılığının prioritetləri, xəstəxanaların gələcəyi ilə bağlı yüksək səviyyəli regional görüş keçirib.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin bildirdiyinə görə, tədbir ÜST-nin Avropa Regionunda, xüsusən də Şərqi Avropa və Mərkəzi Asiyadakı xəstəxanaların üzləşdiyi başlıca çağırışları müzakirə etmək üçün 200-dən çox hökumət nümayəndəsini, xəstəxanaların tibb işçilərini və tərəfdaşları bir araya gətirib.
“Məqsədə uyğun xəstəxanalar: müasir səhiyyənin tələblərinə cavab vermək üçün keyfiyyət və davamlılığın prioritetləşdirilməsi” mövzusuna həsr olunan toplantı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ÜST-nin Azərbaycandakı ölkə ofisi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində baş tutub.
Tədbirdə açılış nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev beynəlxalq görüşün mahiyyətinin və məqsədlərinin müasir dövr üçün aktuallığını yüksək qiymətləndirib. Bu il Azərbaycanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyini xatırladan nazir ölkəmizin ÜST ilə uğurlu əməkdaşlığının əsasını Ulu Öndərin qoyduğunu vurğulayıb: “Milli səhiyyəmizin əldə etdiyi nailiyyətlərin əksəriyyəti üçün zəmin məhz Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə, onun şəxsi iştirakı ilə yaradılıb”.
Səhiyyə naziri son 15 il ərzində Azərbaycan milli səhiyyə sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində, o cümlədən infrastruktur, insan kapitalı və bu sahənin modernləşdirilməsi üzrə mühüm işlər görüldüyünü diqqətə çatdırıb:
“Bu müddət ərzində 700-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub, müasir avadanlıqlarla, səhiyyə texnologiyaları ilə təchiz edilib. Peşəkar tibbi kadr potensialının formalaşdırılması və inkişafında mühüm nailiyyətlər əldə olunub. Aparıcı ali tibb təhsili ocağı olan Azərbaycan Tibb Universitetinin tədris planı beynəlxalq standartlara uyğunlaşdırılıb. 2011-ci ildən ali tibb təhsilinin ikinci pilləsi kimi rezidentura proqramına start verilib. Eyni zamanda, müalicə-profilaktika mərkəzlərində vətəndaş amili prioritet məqsədə çevrilməklə, səhiyyənin paradiqmasını yenidən qiymətləndirmək üçün böyük imkanlar yaranıb. Artıq ilkin mərhələ uğurlu nəticələrlə həyata keçirilməkdədir”.
2020-ci ildə Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə universal tibbi əhatəyə doğru mühüm addım atıldığını söyləyən Teymur Musayev onun tətbiqinin COVID-19 pandemiyasının başlanğıcı ilə eyni vaxta təsadüf etdiyini xatırladıb. Qeyd edib ki, koronavirus pandemiyası zamanı səhiyyə sistemlərində bir çox həssas nöqtələr ortaya çıxdı. Bu sahədəki son fövqəladə hal zamanı ÜST-nin həlledici və strateji rolu bir daha təsdiqləndi.
Teymur Musayev yeni növ koronavirus infeksiyası ilə mübarizə zamanı əldə olunan təcrübədən də danışıb: “ÜST-nin COVID-19-u pandemiya elan etməsindən qısa müddət sonra Azərbaycan hökuməti pandemiya ilə mübarizədə bütün dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək üçün İşçi Qrupu yaratdı. Virusun yayılmasının qarşısını almaq üçün məhdudiyyətlər qoyuldu və effektiv mübarizə tədbirləri həyata keçirildi. Bir neçə ay ərzində COVID diaqnostika laboratoriyalarının sayı 42-yə yüksəldi. Çox qısa müddətdə 11 modul tipli xəstəxana tikildi. Həmçinin, insan resursları səfərbər edildi, həkim və tibb bacıları personalı üçün intensiv təlimlər keçirildi, xəstəxanalar müasir tibbi avadanlıq və dərman vasitələri ilə təchiz edildi. Qazanılan bir təcrübə də səhiyyənin rəqəmsallaşdırılmasına təcili ehtiyacdır. COVID-19 pandemiyası səhiyyə də daxil olmaqla bir çox xidmətlərin mütərəqqi İT həlləri tətbiq edilməklə rəqəmsal transformasiyasını gücləndirdi”, - deyə nazir vurğulayıb.
Səhiyyə sistemlərin və dünya iqtisadiyyatının pandemiya rejimindən pandemiyadan sonrakı bərpaya tədricən keçidini vurğulayan Teymur Musayev səhiyyə sahəsində son fövqəladə hallar zamanı ÜST-nin həlledici və strateji rolunun bir daha təsdiqləndiyini qeyd edib.
“Bu tədbir dünyada ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinə xüsusi ehtiyac olduğu bir vaxtda keçirilir. İlkin səhiyyə, stasionar və ambulator müalicələr üçün davamlı və sürətli vahid rəqəmsal platformaya transformasiya, səhiyyə sistemlərində müasir menecmentin tətbiqi olduqca aktualdır. İnanıram ki, bugünkü tədbir səhiyyə sistemlərinin gələcək ictimai sağlamlıq məsələləri üçün funksionallığı baxımından mühüm addım olacaq, real həllərin işlənib hazırlanması və innovativ gələcəyə baxışının formalaşdırılması üçün böyük fayda verəcək”, - deyə nazir fikrini tamamlayıb.
Sonra ÜST-nin Avropa üzrə Regional direktoru Hans Henri Klügenin tədbir iştirakçılarına ünvanladığı videomüraciəti nümayiş olunub.ÜST-nin Avropa üzrə regional ofisinin Ölkə səhiyyə siyasəti və sistemləri departamentinin direktoru Nataşa Azzopardi-Muskat öz çıxışında hər bir xəstəxananın xüsusi və unikal olduğunu söyləyib: “Xəstəxana bizim üçün sadəcə xidmət göstərilən bina deyil. Xəstəxana aid olduğu cəmiyyətin bir hissəsidir. Bura insanların hər gün gəldiyi iş yeridir. Bura ailələrin yaxınlarının sağalacağına, özünü daha yaxşı hiss edəcəyinə ümid edərək gəldiyi məkandır.
Bütün bunlarla yanaşı, xəstəxanalar Avropa regionunda səhiyyə sisteminin transformasiyasının əsas hərəkətverici qüvvəsi rolunu oynayır”.
Beynəlxalq tədbirdə ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı xəstəxanalar sahəsində transformativ dəyişikliyin əhəmiyyətini vurğulayıb: “Xəstəxanalar səhiyyə sisteminin ayrılmaz tərkib hissəsidir. Bizim xəstəxanaların problemlərini həll etməyə yönələn səylərimiz, habelə inkişaf imkanlarına dəstəyimiz olduqca vacibdir. Bu görüş də öz növbəsində Avropadakı xəstəxanaların gələcəyini birgə formalaşdırmaq üçün ekspertləri və maraqlı tərəfləri bir araya gətirməkdə platforma rolunu oynayır".
ÜST-nin Azərbaycan Respublikasının səhiyyə sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq qurum olduğunu xatırladan TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, ölkəmiz bu təşkilata 1992-ci ildə - Azərbaycanın müstəqilliyini yeni bərpa etdiyi, digər sahələr kimi, səhiyyə sahəsində də problemlərin olduğu vaxtda qəbul edilib: “Həmin dövrdə xüsusilə vərəm, malyariya, difteriya, ana və uşaq sağlamlığının qorunması, təchizat və digər məsələlərdə çatışmazlıqlar var idi. Həmin illərdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə mühüm islahatlar başladı və ÜST ilə əməkdaşlığımız quruldu”. V.Qurbanov xəstəxanaların səhiyyə sistemində mühüm rol oynadığını, onların fəaliyyətini yeni tələblərə uyğunlaşdırmaq istiqamətində davamlı işlər görüldüyünü bildirib.
Görüşdə həmçinin Moldova Respublikasının səhiyyə naziri Alla Nemerenko, Bosniya və Herseqovinanın səhiyyə və sosial işlər naziri Alen Şeraniç, Yunanıstanın səhiyyə nazirinin müavini Mina Qaqa çıxış edərək, mövzu ilə bağlı fikirlərini bölüşüb, öz ölkələrinin təcrübəsindən danışıblar.
Üçgünlük tədbirdə xəstəxanaların üzləşdiyi çağırışlar və bu sahədə mövcud imkanlar, tibb müəssisələri üçün gələcək transformasiya, ekoloji cəhətdən dayanıqlı xəstəxanaların yaradılması, rəqəmsallaşma, insan resurslarının optimallaşdırılması, xəstəxanalara effektiv rəhbərlik və idarəetmə, eləcə də xəstəxana transformasiyasını ilkin səhiyyəyönümlü sistemlərə yönəltmək kimi bir çox mövzular müzakirə olunub.
Tədbirin Azərbaycanın səhiyyə sisteminə, onun yeni inkişaf səviyyəsinə keçidinə həsr olunan son günü müzakirələrdə əsas diqqət ölkəmizin bu sahədəki xüsusi ehtiyaclarının müəyyənləşdirilməsinə, dəstək və həll yolları göstərilməsində ÜST-nin rolunun müəyyən olunmasına yönəldilib. Yerli və beynəlxalq iştirakçıların, o cümlədən ÜST ekspertlərinin fəal iştirakı ilə baş tutan bu sessiyada xəstəxanalar sahəsində ölkənin səhiyyə ehtiyaclarının həllinə hərtərəfli və birgə yanaşma müzakirə edilib. Milli Məclisin və ölkənin səhiyyə qurumlarının təmsilçiləri bu sahədə son illər atılan addımlar və əldə edilən nəticələri, eləcə də gələcəyə dair baxışlarını tədbir iştirakçıları ilə bölüşüblər.
Eyni zamanda, ÜST-nin ölkənin səhiyyə sisteminin dəstəklənməsində əsas partnyorları sırasında olan USAID və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin iştirakı ilə birgə layihələr barəsində panel müzakirəsi keçirilib.