Milli Məclisin növbədənkənar sessiyasının iclaslarında səhiyyə məsələləri müzakirə edilib
İyun ayında Milli Məclisin 2023-cü ilin növbədənkənar sessiyasında spiker Sahibə Qafarovanın sədrliyi ilə iclasları keçirilib.
Parlamentin bir plenar iclasında gündəlikdəki məsələlərin müzakirəsi zamanı Milli Məclisin sədri ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olmuş və mahiyyətcə bir-birinə bağlı olan 5 məsələni diqqətə çatdırıb. Bunlardan biri də “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda (üçüncü oxunuş) dəyişikliklər edilməsi barədə qanun layihəsidir.
Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bundan əvvəl təqdim edilən layihələrə uyğunlaşdırma xarakteri daşıyan bu qanun layihəsi ilə bağlı məlumat verib. Bildirib ki, əvvəlki oxunuşdan sonra sənəddə heç bir dəyişiklik aparılmayıb və olduğu kimi səsə qoyulmasını xahiş edib.
Milli Məclisin sədri qanun layihəsinə 4 komitədə də baxıldığını bildirib.
Beləliklə, sənəd barədə Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Əziz Ələkbərov Mədəniyyət komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin rəylərini səsləndiriblər.
Deputat Tahir Kərimlinin fikirləri dinlənildikdən sonra üçüncü oxunuşda təqdim olunan 5 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” Qanunda dəyişikliklə bağlı məlumat verib. O bildirib ki, qanunun 2.1-ci maddəsinə "Mülki Məcəlləsindən," sözlərindən sonra "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunundan," sözləri əlavə edilir. Sənəd ölkə Prezidentinin 2019-cu il 28 noyabr tarixli 1616 nömrəli müvafiq Sərəncamının icrası məqsədilə hazırlanıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Milli Məclisin növbədənkənar sessiyasının daha bir iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov gündəlikdə duran “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, layihənin birinci oxunuşundan sonra komitəyə heç bir irad və təklif daxil olmadığını bildirib və həmkarlarından qanun layihəsini ikinci oxunuşda da dəstəkləməyi xahiş edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edilən qanun layihəsi barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. O, bildirib ki, layihə səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirləri və Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarının icrasını təmin etmək məqsədilə hazırlanıb.
Qeyd edilib ki, layihədə dünya təcrübəsi əsas götürülərək dərman vasitələrinin beynəlxalq qeydiyyatının tanınması nəzərdə tutulub. Dərman vasitələrinin sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən, beynəlxalq qeydiyyatı tanınaraq onların dövlət reyestrinə daxil edilməsi üçün tələb olunan sənədlərin
sayı azaldılıb, sadələşdirilib və qeydiyyat prosedurlarının müddətləri qısaldılıb.
Dərman vasitələrinin Azərbaycana gətirilməsi məqsədilə qeydiyyatı üçün müraciət edə biləcək tərəflərin dairəsi genişləndirilib və bütövlükdə qeydiyyat prosesi sürətləndirilib.
Nəzərə çatdırılıb ki, sənəddə dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron təqib və izləmə sisteminin tətbiq edilməsi, dərman vasitələrinə reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqi nəzərdə tutulub. Layihəyə əsasən,
dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan olunur.
Bildirilib ki, ümumilikdə qanun layihəsində 7 istiqamət üzrə dəyişikliklər nəzərdə tutulub, 4 yeni maddənin əlavə olunması və 11 maddə üzrə 86 dəyişikliyin edilməsi təklif olunur. Dəyişikliklərin qəbul edilməsi dərmanların dövlət qeydiyyatı prosedurunun optimallaşdırılmasına, ölkə ərazisinə idxal edilən keyfiyyətli dərman vasitələrinin artmasına, ölkədə yarana biləcək dərman qıtlığının aradan qaldırılmasına, o cümlədən dərman vasitələrinin dövlət qeydiyyatına alınmasının sadələşdirilməsinə səbəb olacaq.
Komitə sədrləri Tahir Mirkişili, Qənirə Paşayeva, deputatlardan Tahir Kərimli, Etibar Əliyev, Azər Badamov, Razi Nurullayev, Rəşad Mahmudov çıxış edərək, məsələ barədə fikirlərini açıqlayıblar, bəzi təkliflərini səsləndiriblər.
Parlamentin komitə sədri Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Rasim İsmayılov çıxışlara münasibət bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.