Aİ və ÜST psixi sağlamlıq problemlərinin effektiv həlli üçün Bərdədə həkimlərə təlim keçiblər
Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisi, Səhiyyə Nazirliyi və TƏBİB-in birgə əməkdaşlığı ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasında ilkin səhiyyə xidməti göstərən həkimlər üçün “mhGAP” təlimi təşkil edilib.
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən bildirildiyinə görə, “mhGAP” ölkələrdə psixi sağlamlıq xidmətlərinə əlçatanlığı yaxşılaşdırmaq üçün icra olunan praktiki yanaşmadır. 2008-ci ildə yarandığı tarixdən başlayaraq “mhGAP” 100-dən çox ölkədə epilepsiya, şizofreniya və depressiyadan müalicə almağa, o cümlədən intiharın qarşısını almağa və hətta resursları az olan ərazilərdə bir çox insana normal həyat sürməyə kömək edib.
“mhGAP” üzrə təlimçilər üçün təlim proqramını tamamlamış yerli təlimçilər Səhiyyə Nazirliyinin mütəxəssisi Nigar Novruzova və TƏBİB-in eksperti Məlahət Osmanlı ilkin səhiyyə xidməti göstərən həkimlərə ən çox rast gəlinən psixi sağlamlıq pozuntularını müəyyənləşdirmək, idarə etmək və yönləndirmək üzrə təlim keçiblər.
Təlimdə klinik depressiya, təşviş pozuntuları, posttravmatik stres pozuntusu və stres kimi psixi sağlamlıq pozuntuları haqqında, eləcə də yardım üçün müraciət edən şəxslərə düzgün yanaşmanın təməl prinsipləri ilə bağlı sessiyalar yer alıb. Məlumatların mənimsənilməsi və praktiki bacarıqların artırılması məqsədilə praktiki məşğələlər və qrup işləri təşkil olunub.
Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası layihəsi psixi sağlamlıq xidmətlərinin ilkin səhiyyə səviyyəsində təkmilləşdirilməsi məqsədilə ÜST-nin Azərbaycan ölkə ofisi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi psixi sağlamlıq və psixososial dəstək üçün multidisiplinar koordinasiya mexanizminin yaradılmasına yardım etmək və ilkin səhiyyə xidməti müəssisələrində psixi sağlamlıq xidmətləri potensialını artırmaqdır. Sözügedən layihə Aİ və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.