Azərbaycanda “İmmunlaşdırma həftəsi” keçirilib
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrə əsasən, aprelin 24-dən 29-na kimi ölkəmizin bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.
Əmrdə Azərbaycanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin təşkili, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməklik göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlər nəzərdə tutulub.
Peyvəndləmədən kənarda qalan uşaqlar kampaniya çərçivəsində peyvənd olunmağa dəvət ediliblər.
Bundan əlavə, immunlaşdırma həftəsi çərçivəsində ÜST-nin dəstəyi ilə bir sıra rayonlarda maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.
İmmunlaşdırma həftəsi çərçivəsində ÜST-nin dəstəyi ilə bir sıra rayonlarda maarifləndirici tədbirlər keçirilib.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib ki, ÜST BMT-nin Uşaq Fondu (UNICEF) ilə birlikdə Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində Azərbaycanda Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlər təşkil edib.
ÜST-nin texniki dəstəyi ilə ötən ilin göstəricilərinə görə peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan 11 rayonda monitorinqlər keçirilib, həmin rayonların 4-də - Göygöl, Mingəçevir, Yevlax və Qobustanda “Peyvəndin vaxtını gecikdirmə! Hər doza vacibdir!” şüarı altında valideyn konfransları təşkil edilib. Bu tədbirlərdə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti valideynlərə peyvəndləmə ilə bağlı dolğun məlumat çatdırıb, onları maraqlandıran sualları cavablandırıb. Bununla yanaşı, həmin rayonlarda fəaliyyət göstərən pediatr və vaksinatorlar üçün peyvəndləmə sahəsində son tibbi yeniliklərlə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulub.
Kampaniya müddəti boyunca əhaliyə ÜST tərəfindən hazırlanmış rutin immunlaşdırma ilə bağlı maarifləndirici materiallar təqdim edilib. Həmçinin bu il ÜST-nin Avropa regionunda qızılca və məxmərək infeksiyasına yoluxma hallarının artmasını nəzərə alaraq, həmin infeksiyalar haqqında məlumatların əks olunduğu posterlər paylanılıb.
Qeyd edək ki, Ümumdünya İmmunlaşdırma Həftəsi ÜST-nin təşəbbüsü ilə hər il aprelin ikinci yarısında keçirilir. Əvvəlcə bu tədbir Avropa İmmunlaşdırma Həftəsi adlanırdı və müvafiq olaraq yalnız bu qitə ölkələrini əhatə edirdi. Lakin tədricən digər qitələr də həmin prosesə qoşuldular.
Təşkilatın məlumatına görə, immunizasiya hər il difteriya, tetanus, göyöskürək, qızılca, parotit və məxmərəkdən 2-3 milyon insanın ölümünə mane olur. Vaksini vaxtında alan uşaqların sayı da ÜST-nin səyləri və onun elan etdiyi İmmunlaşdırma Həftəsi sayəsində artır. Hər il dünyada 100 milyondan çox uşaq difteriya, tetanus və göyöskürəyə qarşı peyvənd olunur. Məsələn, qızılca peyvəndi sayəsində 2000-2016-cı illər arasında dünyada həmin xəstəlikdən ölüm halları 84 faiz azalıb.
Bununla belə, 20 milyona yaxın uşaq hələ də lazımi peyvəndi almayıb. Onların, demək olar ki, 70 faizi on ölkədə - Hindistan, İndoneziya, Əfqanıstan, Pakistan, İraq, Konqo, Nigeriya, Uqanda, Efiopiya və Cənubi Afrikada yaşayır. Halbuki immunlaşdırma nəticəsində beş yaşına qədər olan 1,7 milyon uşağın həyatını xilas etmək olardı. Körpələrin həyat üçün lazım olan peyvənd almamasının səbəbləri qeyri-adekvat vaksin təchizatı, səhiyyə xidmətlərinə çıxışın olmaması, siyasi və maliyyə dəstəyin yetərsizliyidir.
Bu il Ümumdünya İmmunlaşdırma Həftəsi “Əldən verilmiş fürsətin əvəzini çıxaq!” şüarı altında keçirilir. ÜST xatırladır ki, COVID-19 pandemiyası dövründə milyonlarla uşaq zəruri vaksinləri ala bilməyib. Ekspertlər immunlaşdırma dairəsini ən azı 2019-cu il səviyyəsinə qədər bərpa etməyə və ilkin tibbi-sanitar yardımı gücləndirməyə çağırırlar.
ÜST, UNICEF və Avropa Komissiyasının Birgə Bəyanatında vurğulanır ki, ÜST-nin Avropa regionuna daxil olan 53 Avropa və Mərkəzi Asiya ölkəsində 1 milyondan çox uşaq 2020-ci ildə pandemiya başlanandan sonra planlaşdırılan peyvəndlərin hamısından və ya bəzilərindən kənarda qalıb.
Avropa regionunda orta gəlir səviyyəli 20 ölkənin yarısında 2021-ci ildə bir və ya bir neçə vaksinlə əhatə dairəsi 90 faizdən aşağı olub. Eyni zamanda, gəlir səviyyəsi yüksək olan ölkələrin 10 faizdən az hissəsi belə bir problemlə üzləşib. Bu, regionda immunlaşdırma səviyyəsində fərqin artmasını göstərir.
Ukraynada müharibə və Türkiyədə zəlzələlər səhiyyə xidmətlərinin işində yeni fasilələrə, milyonlarla ailənin məcburi yerdəyişməsinə gətirib çıxarıb, həyati əhəmiyyətli vaksinlərin əlçatan olmasını xeyli çətinləşdirib.
Hesabat ili ərzində Avropa regionunda qızılca xəstəliyinə tutulma halları təqribən altı dəfə artaraq 2021-ci ildəki 159 faktdan 2022-ci ildə 900 faktı aşıb. Difteriyaya tutulma halları 7 dəfə artaraq 2021-ci ildəki 41 faktdan 2022-ci ildə 300 fakta çatıb. 2022-ci ildə İsraildə və Böyük Britaniyada vaksin mənşəli sirkulyasiya edən polivirus yayılıb.
Ümumdünya İmmunlaşdırma Həftəsinin əsas məqsədi vaksinlərin köməyi ilə qarşısı alına bilən xəstəliklərdən mümkün qədər çox sayda insanı qorumaqdır.
İmmunlaşdırma səhiyyə sahəsində ən uğurlu və iqtisadi baxımdan ən səmərəli tədbirlərdən biridir. Hər kəs immunlaşdırma ilə əhatə dairəsinin genişləndirilməsinə kömək edə bilər. Bu məqsədlə şəxs özü və onun ailə üzvləri peyvəndlənməli, vaksinləmənin vacibliyi barədə informasiyanı yaymalıdır.