Ağdamda Azərbaycan – BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələr aparılıb
Ağdam şəhərində Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəmizdə fəaliyyət göstərən qurumları arasında İllik yüksək səviyyəli strateji məsləhətləşmələrə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir BMT ilə Azərbaycan Respublikasının əməkdaşlığında vacib olan proses və təşəbbüslərin, qabaqcıl yanaşmaların müzakirəsi məqsədi daşıyıb.
Bu münasibətlə BMT-nin və Azərbaycan hökumətinin ümumilikdə 30-dan çox nümayəndəsi işğaldan azad olunmuş Füzuli və Ağdam rayonlarına səfər edib.
Əvvəlcə qonaqlar təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Onlar Füzuli şəhərində işğal dövründə törədilmiş erməni vəhşiliyi – urbisidlə tanış olublar, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq və tikinti işləri, Azərbaycan tərəfindən həyata keçirilən infrastruktur layihələri, Füzuli şəhərinin inkişaf planı barədə məlumatlandırılıblar.
Sonra qonaqlar Ağdam rayonunda keçiriləcək tədbirə yola düşüblər.
Dəyirmi masada Azərbaycan Respublikasının Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Minatəmizləmə Agentliyinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzində təmsil olunan Prezident Administrasiyası əməkdaşları, habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbər şəxsləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın BMT tərəfindən qəbul edilən Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmasının daha da sürətləndirilməsi, bu prosesdə azad edilmiş ərazilərdə uğurla həyata keçirilən bərpa və yenidənqurma işlərinin rolu, minatəmizləmə və onun DİM-lərə təsiri, ətraf mühitin qorunması və su ehtiyatlarından səmərəli istifadə, kənd təsərrüfatı, səhiyyə, şəhərsalma, gender məsələləri, ölkəmizin BMT ilə digər əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Toplantıda qeyd olunub ki, Azərbaycan Respublikasında DİM-ə nail olmaq istiqamətində işlər durmadan aparılmaqdadır. Ölkəmizin işğaldan azad edilmiş ərazilərində həyata keçirilən əsaslı bərpa və yenidənqurma layihələri həmin səylərin tərkib hissəsi olaraq mühüm əhəmiyyət kəsb edir.
Ölkəmiz inkişaf məqsədlərinə, ilk növbədə, daxili potensial və imkanlardan, eyni zamanda, çoxtərəfli beynəlxalq əməkdaşlıq mexanizmlərindən istifadə etməklə nail olur. Bu əməkdaşlıq ölkəmiz üçün əhəmiyyətli olan müxtəlif sahələri, o cümlədən ətraf mühitin qorunması, səhiyyə, kənd təsərrüfatının inkişafı və digər məsələləri əhatə edir. Eyni zamanda, Azərbaycan üçün əsas prioritetlərdən olan Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə iqtisadi davamlılıq, humanitar minatəmizləmə, ərazilərin sosial-iqtisadi reinteqrasiyası məsələlərinin dünyada mövcud olan təcrübənin nəzərə alınması ilə təşkili önəmlidir.
Azərbaycan Respublikasının sözügedən istiqamətlərdə bu günədək həyata keçirdiyi tədbirlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Bir neçə aparıcı beynəlxalq təşkilat, o cümlədən BMT tərəfindən bərpa və yenidənqurma işlərinin ilkin mərhələsi müsbət qarşılanıb. Yaxın gələcəkdə bu istiqamətdə müvafiq ərazilərdə əməkdaşlığın genişləndirilməsi gözlənilir.
Ötən il Şuşada təşkil edilmiş, Azərbaycan – BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının davamı olaraq baş tutan bu tədbirdə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, oraya əhalinin qayıdışı və bu prosesdə beynəlxalq təcrübənin tətbiqi müzakirə edilib.
Həmçinin bu müstəvidə BMT, Dünya Bankı və Avropa İttifaqının birgə postböhran mexanizmi olan bərpa ehtiyaclarının qiymətləndirilməsi metodologiyasının ölkəmizdə tətbiqi sahəsində fikir mübadiləsi aparılıb.
Tədbirin yekununda “Heydər Əliyev İli” çərçivəsində Ağdam şəhərində ağacəkmə aksiyası keçirilib.