Aİ, ÜST və UNICEF Azərbaycanda immunizasiya sistemlərinin rəqəmsallaşdırılmasını dəstəkləyir
Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisinin ekspertləri UNICEF ilə əməkdaşlıqda Azərbaycanda İmmunizasiya üzrə İnformasiya Sistemini (İİS) qiymətləndirmək üçün beş günlük missiya həyata keçirib.
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən bildirildiyinə görə, missiya müddətində qeydiyyat və hesabatlılıq, rəqəmsal alətlər və tibbi personalın mövcud alətlər üzrə hazırlığı, xidmətlərin çatdırılması prosedurları, peyvənd təchizatı sistemi və monitorinq metodologiyaları daxil olmaqla, İİS-in idarə edilməsi qiymətləndirilib.
Ekspertlər Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in nümayəndələri ilə görüşərək, səhiyyə sisteminin gücləndirilməsi, peyvəndlərin əhatə dairəsinin yaxşılaşdırılması və elektron səhiyyə strategiyasının təkmilləşdirilməsi üçün İİS-in əhəmiyyətini müzakirə ediblər. Missiya üzvləri əsas informasiya təminatçılarının məlumat və monitorinq sistemlərinə olan ehtiyaclarını və immunizasiya proqramının idarə edilməsinə olan tələbləri müəyyən etmək üçün Bakı və Quba şəhərlərində Respublika və regional Gigiyena və Epidemiologiya mərkəzlərinə, eləcə də tibb müəssisələrinə səfər ediblər. Əməkdaşlıq imkanlarını müəyyən etmək üçün beynəlxalq tərəfdaşlarla görüşlər keçirilib.
Rutin immunizasiya üçün rəqəmsallaşdırma yolu ilə məlumatların toplanmasının təkmilləşdirilməsi daha yaxşı monitorinq, koordinasiya, sübuta əsaslanan planlaşdırma və qərar qəbulu üçün imkanlar yaradır. Eyni zamanda, immunizasiya üzrə rəqəmsal sistemin müasirləşdirilməsi inzibati vəzifələri azaltmaqla tibb işçilərinə pasiyentlərə daha çox vaxt ayırmağa imkan verir.
ÜST-nin missiyasının rəhbəri Roberta Pastore bildirib ki, immunlaşdırma proqramı haqqında etibarlı məlumat hər bir uşağın peyvənd olunmasının təminatı üçün vacibdir: “İmmunizasiya üzrə informasiya sistemlərinin rəqəmsallaşdırılması tibb işçilərinə və qərar qəbul edənlərə daha operativ və dəqiq məlumat verməyə kömək edə bilər. Biz immunizasiya informasiya sistemlərini təkmilləşdirmək üçün müvafiq sahələri müəyyən etmək və effektiv rəqəmsallaşmaya dair yol xəritəsi hazırlamaq məqsədilə Azərbaycanda keçirdiyimiz məhsuldar və gərgin həftə üçün yerli qurumlara və səhiyyə işçilərinə təşəkkür edirik”.
Qiymətləndirmədən sonra missiya üzvləri ölkədə immunizasiya proqramının gücləndirilməsinə xidmət edəcək və məlumatların fəaliyyətə çevrilməsinə dəstək olacaq rutin immunizasiya informasiya sisteminin rəqəmsallaşdırılması üzrə yol xəritəsi hazırlayacaqlar.
Qeyd edək ki, ÜST-nin “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsi çərçivəsində soyuq zəncir sistemi avadanlıqları – peyvənd soyuducularının texniki baxımı ilə bağlı təlim də keçirilib.
Bakı, Gəncə və Qəbələdə yerləşən Gigiyena və Epidemiologiya mərkəzlərində istehsalçı şirkət olan “Vestfrost” ilə birlikdə ÜST tərəfindən təşkil edilən onlayn təlimdə təcrübəli ustalardan ibarət texniki heyət, həmçinin ölkə üzrə texniki peşə məktəblərinin tələbələri iştirak ediblər.
Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən təlimin iştirakçıları cihazların baxımı haqqında ümumi məlumat, onların texniki parametrləri, əsas komponentlər və alətlər, mühərrikin istismarı, ehtiyat hissələrin dəyişdirilməsi və texniki dəstək haqqında təfərrüatlı məlumat alıb, əyani vasitələrlə tanış olublar.
Sözügedən layihə çərçivəsində daha öncə soyuq zəncir sistemi avadanlıqlarının düzgün istifadəsi ilə bağlı peyvənd məntəqələrində çalışan tibb işçiləri üçün də təlim keçirilib. Ölkədə həm COVID-19, həm də rutin peyvəndlərin saxlanması və daşınması üçün ÜST tərəfindən soyuq zəncir sisteminin gücləndirilməsi istiqamətindəki dəstək tədbirləri davam etdirilir.
Məlumat üçün bildirək ki, Azərbaycan da daxil olmaqla, 6 Şərq Tərəfdaşlığı ölkəsində COVID-19 pandemiyası ilə mübarizəni dəstəkləmək və rutin immunlaşdırma proqramlarını gücləndirmək məqsədilə 2021-ci ilin iyun ayından etibarən ÜST Avropa İttifaqının maliyyə dəstəyi ilə üç il müddətində “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsini həyata keçirməyə başlayıb. Layihə Avropa İttifaqı və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.