“Kardioonkologiya: problemə müasir baxışlar”

“Kardioonkologiya: problemə müasir baxışlar”

“Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyinin Kardiologiya İnstitutu bu mövzuda Beynəlxalq elmi-praktik konfrans keçirib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Kardioonkologiya: problemə müasir baxışlar” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirib.
Tədbirin açılış mərasimində səhiyyə nazirinin müavini İlqar Qasımov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov, həmçinin Türkiyə və Azərbaycanın tanınmış elm xadimləri, millət vəkilləri və KİV nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçılarına ETKİ tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli film nümayiş olunub.
Giriş sözü ilə çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və Azərbaycanın dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu qeyd edib: “Tarixdə elə şəxsiyyətlər var ki, öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynayıblar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb”.
İlqar Qasımov bildirib ki, Ulu Öndər Heydər Əliyev üçün ən vacib sahələrdən biri də insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub: “Ümummilli liderin səhiyyənin inkişafında diqqət etdiyi əsas məqamlardan biri də mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilməsi idi. Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
“Bugünkü Beynəlxalq elmi-praktik konfrans təbabətin ən aktual sahələrindən birinə – kardiologiya və onkologiyanın kəsişməsində yerləşən kardioonkologiya sahəsinə həsr olunub. Ümid edirəm ki, elmi-praktik konfrans hər bir iştirakçı üçün faydalı olacaq, müzakirə olunan mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılacaq”, - deyə nazir müavini fikrini tamamlayıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov keçirilən elmi-praktik konfransın Azərbaycan təbabəti və tibb elmi üçün vacibliyini vurğulayıb, kardioonkologiya kimi problemin bizim ölkədə aktuallığını qeyd edib.
ETKİ-nin direktoru Gülnaz Dadaşova öz çıxışında Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib, Heydər Əliyevin təməlini qoyduğu mütərəqqi siyasi irsin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. Tədbir haqqında məlumat verən G.Dadaşova diqqətə çatdırıb ki, konfransda bir neçə əlaqəli ixtisasın – kardiologiya, onkologiya və ürək-damar cərrahiyyəsinin kəsişməsində çalışan tanınmış ekspertlər iştirak edirlər.
Konfransda Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri professor Kamran Musayev “Ürəyin birincili və metastatik şişləri” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, ürək şişləri nadir rast gəlinən, təsadüfən aşkarlanan, əksər hallarda xoşxassəli olan törəmələrdir, birincili və ikincili olmaqla iki yerə bölünür. Autopsiya zamanı aşkarlanan birincili törəmələrin rastgəlmə tezliyi 0,001-0,03 faiz təşkil edir və 80 faiz halda xoşxassəli olur. Klinik təzahürləri sistematik, embolik, kardiak və metastatik formada olur. Sistematik təzahürlərdə temperatur müşahidə edilir, atralgiyalar, onkoloji xəstəliklərə spesifik olan laborator dəyişikliklər qeydə alınır. Embolik təzahürlərdə ağciyər arteriyasının və ya beyin damarlarının emboliyası müşahidə oluna, daxili orqanların, koronar arteriyaların emboliyası da qeydə alına bilər. Kardiak əlamətlər daha çox aritmiyalarla qarşıya çıxır. Təəssüf ki, bədxassəli ürək şişlərində ağciyər, beyin və sümük metastazları daha çox müşahidə olunur.
Professor bildirib ki, xəstəliyin diaqnostikasında exokardioqrafiya ən önəmli vasitədir: “Kompüter tomoqrafiyası mütləq kontrastlı olmalıdır. Xüsusilə müalicənin planlaşdırılması zamanı kardiak maqnit rezonans tomoqrafiya əvəzedilməz metoddur. Biopsiya isə nadir hallarda istifadə edilir.
Hansısa müayinə metodu nəticəsində ürəkdə törəmə aşkarlandıqda üç ehtimalı mütləq düşünmək lazımdır: tromb, vegetasiya və şişlər. Ürəkdə törəmə şəklində ən çox qarşıya çıxan tromblardır. Sevindiricidir ki, ürək şişləri ən az ehtimalla təsdiq olunur".
K.Musayevin sözlərinə görə, ürəkdə xoşxassəli törəmələrin təxminən yarısı miksoma adlandırılan törəmələrin payına düşür. Miksoma daha çox ürəyin sol qulaqcığında qeydə alınır. Bundan başqa, az hallarda sağ qulaqcıqda, nadir hallarda hər iki qulaqcıqda olur. Həmçinin çox nadirən, təxminən 1-2 faiz hallarda sağ və sol mədəciklərdə də rast gəlinə bilər. Qadınlarda daha çox qeydə alınır və daha çox orta yaşlarda müşahidə olunur. Ölçüləri, adətən, 5-8 santimetr təşkil edir. Ən böyük miksoma 16 santimetr olub. Miksomalı xəstələrin əksəriyyətində baş dönməsi, dispnoe, öskürək, ağciyər ödemi, ürək çatışmazlığı kimi obstruktiv kardiak əlamətlər müşahidə olunur”.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Hikmət İbrahimli dünyada və ölkəmizdə ürək-damar xəstəlikləri ilə bağlı vəziyyətdən danışıb, qeyd edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da qeyri-infeksion xəstəliklər arasında ürək-damar xəstəlikləri vaxtsız ölümlərin əsas səbəblərindəndir. O bildirib ki, icbari tibbi sığortanın xidmətlər zərfi tərtib edilərkən əsas götürülən prinsiplərdən biri əlillik və ölüm riski yüksək olan xəstəliklərin sığorta ilə əhatə edilməsi olub: “Ürək-damar xəstəliklərinin müayinə və müalicəsi, xüsusilə də dəyəri yüksək olan açıq ürək əməliyyatları icbari tibbi sığorta ilə qarşılanır. Hazırda ürək-damar xəstəliklərinin müayinə və müalicəsi ilə bağlı 210-dan artıq tibbi xidmət icbari tibbi sığorta hesabına göstərilir. Buraya aorta koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, minimal invaziv üsullar və bir sıra kardiocərrahi əməliyyatlar daxildir”.
Beynəlxalq elmi-praktik konfrans Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 24 DTT (davamlı tibbi təhsil) kredit balı ilə qiymətləndirilib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova