ATU Avrasiya universitetlərinin beynəlxalq reytinqində qalib oldu
Avrasiya universitetləri arasında keçirilən “IAAR EUR - 2022” reytinqinə yekun vurulub. Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (Independent Agency For Accreditation and Rating - IAAR) keçirdiyi ekspert qiymətləndirməsinin nəticələrinə əsasən, Azərbaycan Tibb Universiteti (ATU) qaliblərdən biri olub, IAAR-ın Avrasiya tibb universitetləri arasında ilk üçlükdə yer alıb. Belə ki, ATU rəsmi olaraq Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyinin yüksək akademik nailiyyətlər və IAAR reytinq araşdırmalarının aparılmasına qatılaraq qətiyyətli dəstək nümayiş etdirdiyinə görə “IAAR Avrasiya Tibb Universiteti” mükafatına layiq görülüb.
ATU-dan verilən məlumata görə, beynəlxalq reytinqin nəticələrini əks etdirən sertifikat və mükafat Almatıda keçirilən VI Mərkəzi Asiya Beynəlxalq Forumunda Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyliyə təqdim olunub.
Bildirilib ki, “IAAR EUR” reytinq araşdırması zamanı universitetdə təhsilin keyfiyyəti, elmi potensialı, beynəlxalq aləmdə tanınması və akademik nüfuzu dəyərləndirilir. Ali təhsil müəssisələrinin fəaliyyətinin keyfiyyətinin hərtərəfli araşdırılmasına yönəlmiş “IAAR EUR" beynəlxalq reytinqi beynəlxalq metodoloji standartlar əsasında aparılır və universitetlərin qlobal təhsil və dünya tədqiqat məkanına inteqrasiyasını təşviq edir.
Beynəlxalq reytinq rəqəmsal texnologiyalar əsasında Webometrics elementləri ilə formalaşır ki, bu da qiymətləndirmədə subyektiv yanaşmaların olmasına imkan vermir. Araşdırma zamanı təhsil üəssisəsinin işində şəffaflığa, obyektivliyə, məlumat mənbələrinin əlçatan olmasına xüsusi diqqət yetirilir. Araşdırmanın metodologiyası IREG (Akademik Reytinq və Mükəmməllik Rəsədxanası) beynəlxalq auditinin nəticələrinə əsasən beynəlxalq ekspertlər tərəfindən təsdiqlənib.
Xatırladaq ki, ATU-nun tədris proqramları bu ilin əvvəlində Azərbaycan səhiyyəsinin tarixində ilk dəfə olaraq beynəlxalq akkreditasiyadan keçib. Bu, ATU-nun beynəlxalq nüfuzunun artmasının göstəricisi olmaqla yanaşı, məzunların diplomlarının xarici ölkələr tərəfindən tanınması və onların nüfuzlu tibb müəssisələrində iş tapması baxımından irəliyə doğru böyük bir addımdır.