Azərbaycan – İtaliya Beynəlxalq Rinoloji Konqresi

Azərbaycan – İtaliya Beynəlxalq Rinoloji Konqresi

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında I Azərbaycan – İtaliya Beynəlxalq Rinoloji Konqresi keçirilib.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli İtaliya Rinoloji Cəmiyyətinin təşəbbüsü ilə təşkil olunmuş tədbirin Azərbaycan Səhiyyə Nazirliyində də akkreditasiya olunduğunu deyib. Bildirib ki, iki gün davam edəcək konqresdə müxtəlif təşkilatlardan olan mütəxəssislər rinologiya sahəsi ilə bağlı məruzələr və təqdimatlarla çıxış edəcəklər. Həmçinin “Yuxuda nəfəs dayanmaları” adlı təlim kursunun canlı cərrahiyyə əməliyyatı da nümayiş etdiriləcək. Bu münasibətlə İtaliyanın məşhur rinoloqları, İtaliya Rinoloji Cəmiyyətinin sədri və üzvləri ATU-ya dəvət olunublar.
Professor G.Gəraybəyli Beynəlxalq Otorinolarinqoloqlar Cəmiyyəti Federasiyasının sabiq prezidenti və İdarə Heyətinin üzvü, İtaliya Rinoloji Cəmiyyətinin fəxri prezidenti, Otorinolarinqologiya kafedrasının müdiri, professor Desiderio Passalinin rəhbərliyi ilə İtaliyanın müxtəlif universitet və klinikalarından gəlmiş qonaqları toplantı iştirakçılarına təqdim edib. Onlara konqresdə çıxış və iştiraklarına görə ATU-nun professor-müəllim heyəti adından təşəkkürünü bildirib.
Rektor həmçinin konqresin 2020-ci ildə keçirilməli olduğunu, amma pandemiya səbəbindən bu gün baş tutduğunu diqqətə çatdırıb, tədbirin yüksək səviyyədə təşkilinə görə konqresin prezidenti, professor Əzizağa Talışinskiyə minnətdarlığını ifadə edib.
Professor Əzizağa Talışinski çıxışında bu tədbirin təşkil olunmasında əsas məqsədin rinologiyanın müasir problemlərini müzakirə etmək, bununla yanaşı, hər iki ölkənin rinoloqları arasında məhsuldar dialoq yaratmaqdan ibarət olduğunu deyib. O, konqresin elmi proqramının Azərbaycan otorinolarinqoloqları və İtaliya rinoloji cəmiyyətləri tərəfindən birgə təqdim ediləcəyini, rinologiya sahəsində bir sıra mövzuların müzakirə olunacağını bildirib. Tədbirə beynəlxalq səviyyədə tanınmış mütəxəssislərin dəvət olunduğunu qeyd edən Ə.Talışinski hər iki ölkənin otorinolarinqoloqlarının tibbin bu sahəsinin inkişafına töhfə verəcəklərinə əminliyini vurğulayıb.
İtaliyalı qonaq, professor Desiderio Passali çıxışında söyləyib ki, 120 ölkənin təmsil olunduğu Beynəlxalq Otorinolarinqoloqlar Cəmiyyəti Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biri mütəxəssislər arasında görüş və müzakirələri inkişaf etdirməkdir: “Bu görüşün digərlərindən fərqli və xüsusilə gənc həmkarlarım üçün faydalı olacağına əminəm. Çünki onlar xəstələrin müalicəsi və sağlamlığı üçün buradan yeni məlumatlar öyrənəcəklər”.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra ikigünlük konqres öz işini Roma Katolik Universitetinin qulaq, burun, boğaz xəstəlikləri üzrə professoru, İtaliya Rinoloqlar Cəmiyyətinin baş katibi Giulio Cesare və ATU-nun Otorinolarinqologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Cabbar Cəlilovun sədrliyi ilə elmi sessiyalarla davam etdirib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova