Əziz Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi

Əziz Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, Əməkdar Həkim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 118-ci ildönümünə həsr edilmiş konfrans keçirildi.
Toplantını giriş sözü ilə açan ADHTİ-nin rektoru, tibb elmləri doktoru Nazim Qasımov qeyd etdi ki, xalqımız öz şərəfli tarixini vərəqləyərkən vətəninə, xalqına sadiq şəxsləri hörmətlə yada şalır: “Onların arasında dövlət xadimi, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Əliyevin xüsusi yeri var. Respublikanın Xalq Komissarlığının Müalicə şöbəsinin rəhbəri, Bakı Şəhər Səhiyyə Şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən Ə.Əliyev öz təcrübəsini, istedadını, enerjisini ölkə səhiyyəsinə, yüksək ixtisaslı həkimlərin yetişdirilməsinə, elmin inkişafına yönəldib. O, 1959-cu ildən ömrünün sonuna qədər ADHTİ-nun rektoru kimi fəaliyyət göstərib”.
N.Qasımov institutun tarixində bir çox şərəfli səhifələrin məhz Əziz Əliyevin adı ilə bağlı olduğunu dedi: “Həmin dövrdə institut öz fəaliyyətini genişləndirərək, Azərbaycanla yanaşı, bir çox Sovet İttifaqı respublikaları üçün, həmçinin Monqolustan, Bolqarıstan kimi dövlətlər üçün həkimlərin hazırlanmasında iştirak edib. Yeni-yeni kafedralar yaradılıb, elmi-pedaqoji kadr hazırlığının keyfiyyəti yaxşılaşdırılıb. İnstitutun kadr bazasında yüksək ixtisaslı mütəxəssislər hazırlanıb, tibb sahəsində çoxsaylı alimlər yetişdirilib, həkimlərin və əczaçıların internatura, yenidən ixtisaslaşma, ordinatura, aspirantura və doktorantura təhsili təşkil edilib. Azərbaycanlı həkimlər kütləvi şəkildə ixtisasartırmaya cəlb olunublar. ADHTİ-nun əsas kafedralarının Bakının iri xəstəxanalarında və müalicə ocaqlarında yerləşdirilməsi ilə elmlə praktikanın vəhdəti təmin edilib. İnstitut ölkəmizdə önəmli elmi-tibbi mərkəzə çevrilib”.
Rektor daha sonra Əziz Əliyevin elmi fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verdi, 1929-cu ildə aspiranturanı bitirərək müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etdiyini, sonradan Azərbaycan Tibb İnstitutunun Terapiya kafedrasında həm assistent, həm də dosent vəzifəsində çalışarkən ölkəmiz üçün vacib olan problemlər üzərində elmi araşdırmalar apardığını dedi: “Həkimlərin və tələbələrin kliniki hazırlığı üçün zəruri olan, həmin dövrdə Azərbaycan dilində ilk «Klinik analizlər» dərsliyini Ə.M.Əliyev nəşr etdirib. Onun 1937-ci ildə «Eksperimental nefrit» mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan təbibləri tərəfindən müdafiə olunmuş ilk doktorluq dissertasiyalarından biri idi. Bu elmi əsər SSRİ Elmlər Akademiyasının mükafatına layiq görülmüşdü.
Əziz Əliyev 87 elmi əsərin müəllifidir, onlardan 70-i təbabətin ayrı-ayrı sahələrinə, 17-si isə tarixi və siyasi problemlərə aiddir”.
N.Qasımov Əziz Əliyevin siyasi xadim kimi fəaliyyəti barədə də danışdı. Görkəmli alimin istər Azərbaycanda, istər Dağıstanda, istərsə də Moskvada yüksək dövlət vəzifələrində çalışarkən özünü uzaqgörən, səriştəli və bacarıqlı dövlət xadimi kimi göstərdiyini vurğuladı: “Dağıstanda işləyərkən Dağıstan ictimaiyyəti Əziz Əliyevə üzərində onun şəkli həkk olunan xüsusi medalyon bağışlamışdı. Həmin medalyon hazırda Azərbaycanın Tarix Muzeyində saxlanılır”.
Rektor 1960-cı ildə «Azərbaycan SSR Əməkdar Həkimi» fəxri adı alan professor Əziz Əliyevin dəfələrlə SSRİ, Azərbaycan SSR və Dağıstan MSSR Ali Sovetlərinin deputatı olduğunu, iki dəfə Lenin ordeni, eləcə də Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən müharibəsi ordeni və bir çox medallarla təltif edildiyini vurğuladı: “1962-ci il sentyabrın 27-də ADHTİ-nun professor-müəllim heyətinin vəsatəti əsasında Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna professor Əziz Məmmədkərim oğlu Əliyevin adı verilib. Professor Ə.Əliyevin qoyduğu ənənələr bu gün də davam etdirilir”.
Ə.Əliyev adına ADHTİ-nin professor-müəllim heyətinin, həkim-müdavimlərin və rezidentlərin iştirak etdiyi konfrans daha sonra öz işini institutun gənc alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışları ilə davam etdirdi. Oftalmologiya kafedrasının baş laborantı Lamiyə Həsənzadə “Braun sindromunda bizim təcrübə”, Otorinolarinqologiya kafedrasının rezidenti Kamil Süleymanov “Reinke ödeminin larinqostroboskopik göstəricilərə görə dərəcələndirilməsi”, Terapiya kafedrasının rezidenti Əziz Abdullayev “Xroniki qastrit zamanı Helicobakter Pylorinin diaqnostikası və eradikasiyasına müasir yanaşmalar”, Şüa diaqnostikası kafedrasının rezidenti Kamran Məmmədov “Dandy Walker Spektrum xəstəliyi”, Hematologiya kafedrasının assistenti Günel Əlizadə “Azərbaycanda hemofiliyalı xəstələrin profilaktik müalicəsi”, Kardiologiya kafedrasının rezidenti Günel Mustafayeva “Pulmonar arterial hipertenziya” mövzularında məruzələr etdilər. Çıxışlar çox maraqla dinlənildi və mövzular ətrafında diskussiyalar aparıldı.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova