Peyvəndlərin hazırlanması və effektivliyinin yoxlanılması üçün tədqiqatlara başlanılıb
Uzun illərdən sonra ölkəmizdə vaksinlərin yaradılması, yeni növ koronavirus (COVID-19) da daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması üçün hüceyrə kulturası tədqiqatlarına start verilib.
Bu münasibətlə V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu ilə Elmi Tədqiqat Baytarlıq İnstitutu “Hüceyrə kulturası və krioprezervasiyası” mövzusunda ongünlük ustad dərsi təşkil ediblər.
Proqramın əsas məqsədi uzun illərdən sonra ilk dəfə ölkədə infeksiyalara qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, xəstəliklərin diaqnostikası, kimya terapiyası, xüsusilə vaksin istehsalı ilə bağlı tədqiqatların başladılmasının əsasını təşkil edən hüceyrə kulturası modellərinin yaradılması və bu sahədə mütəxəssislərin hazırlanmasından ibarətdir.
Koronavirusun diaqnostikasında, vaksinlərin hazırlanması və effektivliyinin yoxlanılmasında son dərəcə əhəmiyyətli olan, COVID-19 viruslarının çoxalmasını təmin edən VERO və digər hüceyrə xətləri Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun laboratoriyasına gətirilib.
Burada həmçinin leyşmanioza qarşı müxtəlif növ dərman preparatları və vaksin hazırlanması üçün leyşmania parazitlərinin kulturası da mövcuddur.
Hazırda laboratoriyada kultura işləri başladılıb, hüceyrələr çoxaldılaraq bir qisminin maye azotda (-180°C) deposu yaradılıb.