ATU ilk dəfə olaraq beynəlxalq reytinq qurumunun siyahısına daxil edilib

ATU ilk dəfə olaraq beynəlxalq reytinq qurumunun siyahısına daxil edilib

Azərbaycan Tibb Universiteti (ATU) ilk dəfə olaraq beynəlxalq reytinq qurumunun siyahısında yer alıb.
Belə ki, 2009-cu ildən bəri nəşr olunan “SCImago Institutes Rankings (SIR)” təsnifatı ATU-nu öz siyahılarına daxil edib.
Qeyd edək ki, “SCImago Institutes Rankings” təsnifatı akademik qurumların qlobal bir reytinqidir. O, akademik və tədqiqat müəssisələrini tədqiqat, innovasiya nəticələri və sosial təsirlər kimi üç fərqli göstəriciyə görə təsnifləndirir.
SIR İspaniyanın bir neçə iri təhsil müəssisəsini özündə birləşdirən və Ali Elmi Tədqiqatlar Şurasının (CSIC) üzvü olan təşkilatdır. SIR elmi nəşrlərin və müəssisələrin digər məhsullarının ümumi statistikasını araşdırır və müxtəlifölçülü qurumlar arasında müqayisə aparır.
ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, bu ali məktəb dünyanın digər universitetləri kimi həmin reytinq sisteminə daxil edilib və 4 göstəriciyə görə indeksləşdirilib. Bunlar ümumi, elmi tədqiqat, innovasiya və ictimai göstəricilərdir. “SCImago” sıralamasına görə, Azərbaycan Tibb Universiteti 2021-ci ildə ümumi göstəriciyə görə dünyanın 7533 universiteti arasında 899-cu yerdədir. Tədqiqat göstəricilərinə görə, ATU-nun reytinqi 529-dan 517-ci yerə yüksəlib ki, bu da universitetin əməkdaşları tərəfindən “Web of Science”, “Scopus” və s. nəşriyyat bazalarına daxil olan jurnallarda çap olunmuş məqalələrin sayının artması ilə əlaqədardır.
İnnovasiya və sosiallaşma göstəricilərinə gəldikdə isə, təəssüf ki, reytinq düşüb və 2021-ci ildə ATU müvafiq olaraq 547 və 251-ci yerləri tutub. Dünya tibb müəssisələri arasında Azərbaycan Tibb Universiteti 920-ci, Şərqi Avropada 170-ci, Azərbaycanda isə 1-ci yeri tutur.
ATU-nun əməkdaşları son iki ildə “Scopus”a daxil olan 32 elmi jurnalda elmi işlərini çap etdiriblər. Həmin jurnallara “Psycho-Oncology”, “Medicine and Low”, “Annals of Oncology”, “Journal of Medical Virology”, “Antiviral Research”, “Chemistry of Natural Compounds” və s. aiddir.
Beləliklə, Azərbaycan Tibb Universiteti “SCImago” reytinq sistemində tədqiqat göstəricilərinə görə dünya və yerli universitetlər arasında layiqli yer tutur. Hazırda bu reytinq sistemi üzrə digər göstəricilərin yaxşılaşdırılması, eləcə də ATU-nun “QS World University Ranking”, “Times Higher Education University Ranking”, “World University of Academic Ranking (ARWU)” reytinqlərinə daxil edilməsi istiqamətində işlər aparılır.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova