BMT dünya ölkələrini məktəbləri təmiz su və sabunla təmin etmək üçün lazımi tədbirlər görməyə çağırıb
BMT təkidlə aidiyyətli qurumları məktəblərdə dərslər başlayanadək uşaqlar üçün təhlükəsiz şərait yaratmağa çağırıb. 2019-cu ildə, hələ pandemiya başlamamış dünyada məktəblərin təxminən yarıdan çoxunda sabunla əl yumaq üçün yer olmayıb. COVID-19-un yayıldığı indiki dövrdə belə şəraiti olmayan məktəblərin açılmasına yol vermək olmaz.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən hazırlanmış bəyanatda bildirilir.
“COVID-19 pandemiyası başlayandan bəri məktəblərin hər yerdə bağlanması uşaqların təhsil almasında, sağlam və firavan böyüməsində çətinliklər yaradır. Biz uşaqların təhsilinə böyük önəm verməliyik. Bu o deməkdir ki, biz məktəblərə qayıdan uşaqların təhlükəsizliyini, o cümlədən onları gigiyena vasitələri və təmiz içməli su ilə təmin etməliyik”, - deyə UNICEF-in icraçı direktoru Herniyetta For söyləyib.
Yeni hesabata görə, hazırda dünyada təxminən 818 milyon uşağın oxuduğu məktəblərdə əl üçün əsas yuyucu vasitələrin olmaması COVID-19-a və digər infeksion xəstəliklərə yoluxma riskini artırır. Həmin uşaqların üçdəbiri - 295 milyonu Saxaradan cənubda yerləşən Afrika ölkələrində yaşayır.
Məktəblərin uzun müddətə bağlanmasının uşaqların təhlükəsizliyi, rifahı və təhsili üçün son dərəcə mənfi nəticələrə səbəb olacağı artıq danılmaz faktdır. Bununla əlaqədar olaraq, ÜST və UNICEF dünya ölkələrinin hökumətlərini zəruri ictimai səhiyyə tədbirlərinin həyata keçirilməsi ilə təcridolunma və sosial-iqtisadi nəticələr arasında balans tapmağa çağırıb.
“Təmiz su, sanitariya və gigiyena vasitələri ilə təchiz olunma infeksiyaya qarşı səmərəli profilaktika, həmçinin məktəblərdə ona qarşı mübarizə aparmaq üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib. Onun sözlərinə görə, bu, COVID-19 pandemiyası dövründə məktəblərin açılmasına hazırlıq mərhələsində prioritet olmalıdır.
Hesabatın müəllifləri xatırladıblar ki, ən kasıb ölkələrdəki məktəblərdə uşaqlar nəinki təhsil, həm də qida və tibbi yardım alırlar. Bu gün məktəblərin bağlanması səbəbindən 370 milyon uşaq bu imkandan məhrum olub.
BMT dünyanın bütün ölkələrinin hökumətlərini imkan yaranan kimi uşaqları məktəblərə qaytarmağa, lakin bu zaman orada xəstəliklərin geniş miqyasda yayılmasının qarşısının alınması üçün şərait yaratmağa, sosial məsafəyə və gigiyena qaydalarına əməl olunmasını təmin etməyə çağırıb.