Görkəmli cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olundu
Tarixdə elə şəxsiyyətlər var ki, həmişə yadda qalır. Belə insanlardan biri də 1919-cu il noyabrın 4-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olmuş Mürsəl Qarayevdir. Mürsəl xalq həkimi idi. Öz peşəsinin vurğunu, böyük professional idi.
Bu fikirlər Azərbaycan Tibb Universitetində (ATU) görkəmli tibb xadimi, ötən əsrin 60-cı illərində Azərbaycan Səhiyyə Nazirliyinin baş cərrahı işləmiş Mürsəl Qarayevin 100 illiyi münasibətilə keçirilən tədbirdə səslənib.
ATU-nun təşkilatçılığı ilə gerçəkləşən tədbirin iştirakçıları əvvəlcə Bakı şəhəri 2 saylı Uşaq Klinik Xəstəxanasının qarşısında Mürsəl Qarayevin atası – ilk azərbaycanlı pediatr, Əməkdar elm xadimi Əbülfəz Qarayevin abidəsini ziyarət ediblər, abidənin önünə tər çiçəklər düzüblər.
ATU-nun Tədris Cərrahiyyə Klinikasında keçirilən yubiley tədbirində dövlət və hökumət rəsmiləri – Səhiyyə naziri Oqtay Şirəliyev, Mədəniyyət naziri Əbülfəs Qarayev, Gənclər və İdman naziri Azad Rəhimov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Fövqəladə Hallar nazirinin birinci müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, elm, mədəniyyət və ədəbiyyat xadimləri, ATU-nun professor-müəllim heyəti, Abşeron rayonu Fatmayı kəndinin ağsaqqalları iştirak ediblər.
Tədbirin açılışında universitetin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək qonaqları salamlayıb. Rektor Mürsəl Qarayevin həyat və fəaliyyəti haqqında danışaraq bildirib ki, 1919-cu ildə Bakının Fatmayı kəndində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində dünyaya gələn Mürsəl Qarayev Azərbaycan tibb elmində çoxprofilli cərrah kimi böyük nüfuz sahibi, cərrahiyyə tariximizdə ən savadlı və peşəkar insanlardan biri olub. 1938-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olan Mürsəl Qarayev 1942-ci ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılıb, Qafqaz Cəbhəsi 65-ci xüsusi motoatıcı briqadasının seçmə-qəbul məntəqəsində ordinator-cərrah işləyib. Döyüşlərin birində yaralanıb və bir müddət müalicə olunandan sonra 1943-cü ilin avqust ayından müharibənin sonuna qədər orduda 482-ci Tibb-sanitar batalyonunda cərrah kimi xidmət edib. Kursk uğrunda döyüşlərdə hərbi eşelonun baş həkimi olub. Budapeşt ətrafındakı döyüşlərdə daha bir dəfə yaralanıb, tibb xidməti kapitanı kimi ordudan tərxis olunub. “Döyüşdə cəsurluğa görə”, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində Qələbəyə görə” medalları ilə təltif edilib.
Sonradan cərrah kimi fəaliyyətini davam etdirən Mürsəl Qarayev 1960-1964-cü illərdə Səhiyyə Nazirliyinin baş cərrahı işləyib. Namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib.
5000-dən artıq cərrahiyyə əməliyyatı edən doktor Qarayevin son iş yeri o vaxtkı Azərbaycan Dövlət Tibb İnstitutunun Travmatologiya, ortopediya və hərbi səhra cərrahiyyəsi kafedrasında dosent vəzifəsi olub. Görkəmli tibb xadimi 1975-ci ildə vəfat edib.
Sonra əlləri hər zaman insanlara şəfa, ömür bəxş edən Mürsəl Qarayevə həsr edilmiş “Cərrah” sənədli filmi nümayiş olunub. Filmdə cərrahın peşə yoldaşlarının, dostlarının, ailə üzvləri və tələbələrinin xatirələri yer alıb. Xalq rəssamı Tahir Salahov, akademiklər Vasim Məmmədəliyev, Cəmil Əliyev, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Mürsəl Qarayevin ailə üzvləri və yaxınları – oğlu Əbülfəs Qarayev, qardaşı övladları Fərəc Qarayev, Züleyxa Qarayeva, nəvələri unudulmaz insan haqqında düşüncələrini bölüşüblər. Film doktor Qarayevlə tanışlığı olmayan insanların təsəvvüründə belə, onun işıqlı simasını yaradır.
Tədbirin davamında çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, Mürsəl Qarayev çox virtuoz cərrah idi. Cərrahiyyə elminin bütün sahələrinə dərindən bələd olan Mürsəl Qarayev neçə-neçə cərrahlar nəslinə nümunə olub. Onun belə peşəkar cərrah kimi yetişməsində ilk təcrübəsinin müharibə dövrünə təsadüf etməsi də rol oynayıb. Çünki o, cəbhədə, ağır şəraitdə əməliyyatlar edərkən çox vaxt təkbaşına qərar verməyə məcbur olurdu. Təbii ki, digər mühüm səbəb onun tanınmış pediatr Əbülfəz Qarayevin ailəsində doğulması idi. Əhliman Əmiraslanov cərrahla bağlı xatirələrini də bölüşüb.
Mürsəl Qarayevin yaxın qohumu – Xalq artisti, kinorejissor Oqtay Mirqasımov çıxışı zamanı filmin yaradıcı heyətinə təşəkkür edib. Bildirib ki, belə sənədli filmlərin çəkilməsi Azərbaycan xalqının həyatında mühüm rol oynayan ziyalıların xatirəsinin yaşadılması və gənc nəslə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. O, Azərbaycanın elm, mədəniyyət tarixinə töhfələr vermiş Qarayevlər və Mirqasımovlar nəslinin davamçısı olmasından qürur duyduğunu dilə gətirib. Vurğulayıb ki, Mürsəl Qarayev onun üçün həmişə nümunə və parlaq bir obraz olub.
Fövqəladə Hallar nazirinin birinci müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə xatirələrini bölüşərək, Mürsəl Qarayevin müəllim kimi gözəl xüsusiyyətlərindən söz açıb. Bildirib ki, o öz nəslinin parlaq təmsilçisi idi. Azərbaycan cərrahlıq məktəbinin qızıl nəslinin nümayəndəsi olan Mürsəl müəllim ən çətin, çıxılmaz vəziyyətlərdə belə, hökmən bir çıxış yolu tapırdı. Böyük məktəb keçən cərrah qeyri-peşəkarlığa qarşı sərt bir şəxsiyyət idi. Görünür, müharibəni keçməsi, hərbi-səhra cərrahlığı təcrübəsi onda tez və qeyri-adi çıxış yolları tapmaq vərdişi yaratmışdı.
Daha sonra filmin ssenari müəlliflərindən olan Səlim Babullaoğlu çıxış edib. O, filmin ərsəyə gəlməsi, həmçinin tərtibçisi olduğu “Doktor Qarayev” kitabı ilə bağlı düşüncələrini bölüşüb. Vurğulayıb ki, Mürsəl Qarayev həyatını ləyaqətlə, peşəsini sevə-sevə yaşayıb: “O, insanların həyatını xilas edərək yaşadı. Onu həyat və şəfa bəxş etdiyi insanların ümid və inamı böyütdü. O hesab edirdi ki, həkim mütləq vətənpərvər və gözütox olmalıdır. Heç nədən qorxmamalıdır. Gənc həmkarları ilə zəngin təcrübəsini bölüşər, gənclər də onunla tez-tez məsləhətləşərdilər”.
Səlim Babullaoğlu filmin yaradıcı heyətinə, onun ssenari müəlliflərindən biri və həm də rejissoru olan Əməkdar artist Rafiq Haşımova, operator Rüfət Süleymanova təşəkkürünü bildirib.
Tədbirin sonunda Mürsəl Qarayevin ailəsi adından Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edib. O, tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək vurğulayıb ki, ölkəmizdə tanınmış elm və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Mürsəl Qarayevin yubileyinin keçirilməsi ölkə rəhbərliyinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin görkəmli insanlarının xatirəsinə diqqətinin təzahürüdür.
Əbülfəs Qarayev təqdim olunan filmin və kitabın müəlliflərinə təşəkkür edib. Bildirib ki, hər bir xalqın görkəmli nümayəndələrinin tarixdə qalması üçün incəsənətin, mədəniyyətin böyük rolu var: “Kitabda və filmdə yaddaqalan anlar, xatirələr yer alıb, atamın fəaliyyəti əks olunub. Filmi izlədikcə, orada səslənən fikirləri eşitdikcə bir daha əmin oluruq ki, bu insan həyatını hədər yaşamayıb”.
Sonda tədbir iştirakçılarına “Doktor Qarayev” xatirə kitabı hədiyyə edilib.