MDB-də təyyarələrdə tibbi yardım vahid prinsiplərlə göstəriləcək
Müstəqil Dövlətlər Birliyində (MDB) mülki aviasiya hava gəmilərinin göyərtəsində tibbi yardımın göstərilməsi üzrə vahid prinsiplər işlənib hazırlanacaq. Bu barədə MDB-nin İcraiyyə Komitəsində mülki aviasiya hava gəmilərinin uçuşunun tibbi və sanitar-epidemioloji təminatı məsələləri üzrə İşçi qrupun Minskdə keçirilmiş iclasında qərar qəbul edilib.
Məlumat verilir ki, İşçi qrupun müzakirəsinə iki mühüm sənəd təqdim olunub. Bunlardan birincisi “Aviaşirkətin tibbi təminatı. MDB ölkələrinə üzv dövlətlərin mülki aviasiyasında uçuş dövründə hava gəmisinin sərnişinlərinə və heyət üzvlərinə tibbi yardım göstərilməsinin xüsusiyyətləri” adlı metodiki tövsiyədir. İşçi qrup tərəfindən işlənmiş bu qaydalar aviaşirkətin geniş tibbi fəaliyyətinin daha əhəmiyyətli xüsusiyyətlərini və əlamətlərini, onlara təqdim olunan əsas tələbləri müəyyən edən vahid başlıca sənədin yaradılması zərurəti ilə bağlı hazırlanıb. Görüş iştirakçılarının müzakirə etdiyi bu Aviasiya qaydaları layihəsində MDB ölkələrinə üzv dövlətlərin mülki aviasiyasında uçuş müddətində sərnişinlərə və hava gəmisinin heyət üzvlərinə tibbi yardım göstərilməsinin vahid tələbnaməsinin tətbiqi təklif olunur. Sənəd həm aviaşirkətin təşkilati strukturuna daxil olan tibbi bölmənin, həm də aviaşirkətin tibbi təminatına nəzarəti həyata keçirən aviasiya həkiminin aviaşirkətdə tibbi təminat üzrə fəaliyyətini izah edir.
Qaydalar Birliyin üzv dövlətlərinin mülki aviasiyasının hər hansı hava daşımalarını yerinə yetirən aviaşirkətləri tərəfindən istifadə oluna bilər.
İşçi qrupun üzvlərinin nəzərdən keçirdikləri ikinci sənəd namizədlərin sağlamlıq durumlarına dair birinci dərəcəli aviasiya personalının tibbi şəhadətnaməsinin (sertifikatın) alınması və ya müddətinin uzadılması üzrə Tələbnamə layihəsidir.
Həkimlər tərəfindən aviasiya personalının uçuş üçün sağlamlıq ekspertizasının təkmilləşdirilməsi aviasiya uçuşlarının tibbi təminatının əsas istiqamətlərindən biridir. Bu, pilotların xəstəliklərinin ilkin aşkarlanması və onların öz sağlamlıq durumlarına görə səlahiyyətlərini yerinə yetirməyə yararlı olmalarını müəyyən etmək məqsədi daşıyır.
Pilotların ümumi xəstələnmə strukturunda ürək-damar patologiyaları aparıcı yer tutur. Bunların arasında ürəyin işemik xəstəliyi üstünlük təşkil edir. Özü də pilotlarda işemiya xəstəliyi “cavanlaşır”, ağrısız və azsimptomlu növləri daha geniş yayılır. Arterial hipertoniya terapevtik profilli xəstəliklər arasında ikinci yeri tutur. Mülki aviasiya pilotlarının sağlamlıq durumunun dəyişməsi uçuşlara təhlükə yarada bilər.
Aviasiya tibbində kardiologiyanın müasir nailiyyətlərindən geniş istifadə olunmasına baxmayaraq, pilotlarda ürək-damar sistemi xəstəliklərinin erkən diaqnostikası problemi yüksək dərəcədə aktual olaraq qalmaqdadır. Pilotların xəstəliklərinin müayinə üsullarının və erkən diaqnostikanın bundan sonra da təkmilləşdirilməsi vacibdir. Bu yanaşmalardan biri aviasiya personalının sağlamlıq durumuna, o cümlədən onların ürək-damar sisteminin vəziyyətinə dair tələbnamələrin Birlik çərçivəsində işlənib hazırlanmasıdır. Bu barədə jurnalistlərə işçi qrupun iclasında iştirak edən, Belarus Respublikası Səhiyyə Nazirliyinin Mülki Aviasiyanın Tibb Xidmətinin direktoru Aleksandr Jadan bildirib. O, işçi qrupun fəaliyyəti ilə bağlı deyib: “MDB-də mülki aviasiya hava gəmilərinin göyərtəsində həm sərnişinlərə, həm də heyət üzvlərinə tibbi yardımın göstərilməsi üzrə vahid prinsiplər işlənib hazırlanacaq, həmçinin pilotların, hava hərəkətini idarəetmə dispetçerlərinin, göyərtə bələdçilərinin sağlamlıq durumlarının dəyərləndirilməsinə vahid yanaşma tərtib ediləcək. Bundan başqa, sanitar-epidemioloji tədbirlərin keçirilməsinə vahid yanaşma tətbiq olunacaq. Bu istiqamətdə metodiki tövsiyələr artıq hazırdır və MDB-nin səhiyyə sahəsində əməkdaşlıq üzrə Şurasının iclasında ötən il təsdiq edilib. Noyabrın 8-9-da Tacikistanda təşkil olunacaq növbəti iclasda biz aviasiya personalının sağlamlıq durumuna dair tələblərin birinci hissəsini və aviaşirkətin tibbi təminat üzrə metodiki tövsiyələri təqdim etməyi planlaşdırırıq”.
Aleksandr Jadan qeyd edib ki, sərnişin üçün ən başlıcası hava gəmisinin göyərtəsində onun təhlükəsizliyinin təminatıdır. “Gələcəkdə müntəzəm reyslərdə həkimlərin göyərtəyə cəlb edilməsi və orada onların tibbi yardım göstərilməsi qaydaları ilə tanışlığı üzrə proqramın işlənib hazırlanması yolunu tapmaq lazımdır. Bu, sərnişinlər üçün nəzərəçarpacaq olmasa da, onların təhlükəsizliyinin təminatında böyük əhəmiyyətə malikdir”, - deyə o əlavə edib.