ÜST: Avropa qızılca ilə mübarizədə məğlub olur

ÜST: Avropa qızılca ilə mübarizədə məğlub olur

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir neçə il ard-arda Avropada qızılca ilə uğurlu mübarizə aparıb. Lakin 2018-ci ildə bu xəstəliyə qalib gələn ölkələrin sayı kəskin şəkildə azalıb. Bu nəticəyə təşkilatın Avropa Regional Komissiyası gəlib. Qurum qarşısına qızılca və məxmərək hallarının tamamilə aradan qaldırılması vəzifəsini qoyub. Bu məqsədlə Komissiya 53 ölkənin məlumatlarını təhlil edib.
Regionda 2012-ci ildə dəqiqləşdirmə prosesinin həyata keçirilməsindən sonra dörd ölkə - Albaniya, Çexiya, Yunanıstan və Böyük Britaniya qızılcaya qalib gələn ölkə statusunu itiriblər.
Komissiyanın sədri Günter Pfaff deyib: “Biz qızılcanın Avropada yenidən yayılmasından narahatıq. Əgər immunlaşdırma həyata keçirilməsə və hər bir icmada bu prosesləri dəstəkləmək mümkün olmasa, onda bu xəstəlikdən uşaqlar da, yaşlılar da əziyyət çəkəcəklər. Onların bir qismi üçünsə xəstəliyin ölümcül nəticələri ola bilər”.
Bununla yanaşı, Komissiyada qeyd ediblər ki, iki ölkə - Avstriya və İsveçrə qızılcaya qalib gələn ölkələr statusu alıblar. Bu ölkələrdə son üç il ərzində həmin virusun yayılması üzrə heç bir hal qeydə alınmayıb.
Qızılcanın 2018-ci ildə yayılması halları 2019-cu ildə də davam edib. ÜST-nin məlumatına görə, təkcə bu ilin birinci yarısında Avropada bu xəstəliyə 90 min nəfər tutulub ki, bu da ötən ilin 12 ayından da çoxdur. Həm də bütün bu halların 78 faizi ÜST-nin Avropa regionu üzrə dörd ölkəsində – Ukrayna (60 faizə yaxın), Qazaxıstan (10 faiz), Gürcüstan (4 faiz) və Rusiyada (3 faizədək) qeydə alınıb.
Ukraynada bu ilin birinci yarısında – yanvardan iyun ayınadək 54 min insan bu virusa yoluxub. Xəstəlik nəticəsində onlardan 18 nəfəri həyatını itirib. Ekspertlərin qənaətinə görə, Ukraynada qızılcanın geniş yayılmasının əsas səbəbi əhalinin peyvənd olunmaqdan imtina etməsidir.
ÜST-də vurğulayıblar ki, hər il peyvənd 3 milyon insanın həyatını xilas edir. Qeyd olunur ki, bu məsələdə KİV-lərin və xüsusən sosial şəbəkələrin rolu böyükdür. Təəssüf ki, bir çox hallarda bu rol mənfi istiqamətdə olur, sosial şəbəkələrdə tez-tez vaksinlər haqqında düzgün olmayan informasiyalar yayılır. Sensasiya ardınca qaçan jurnalistlər məlumatları şişirdir və faktları təhrif edirlər. Nəticədə, bir çox valideynlər öz uşaqlarını peyvənd etdirməkdən imtina edirlər.
Ümumilikdə, Komissiyanın 2018-ci ilin sonunadək olan vəziyyətə dair Avropa regionunun 35 ölkəsi üzrə yekun hesabatına görə, bu ölkələrə qızılcadan xilas olmaq üçün yardım göstərilir və onlar xəstəliyin qarşısını alıblar. Daha iki ölkə virusun yayılması müddətini 12 aydan 35 ayadək dayandıra bilib, 12 ölkədə isə, əvvəlki kimi, qızılcanın endemik yayılması baş verir. Bundan başqa, yuxarıda göstərildiyi kimi, 4 ölkədə yenidən qızılca halları qeydə alınıb.
ÜST Avropada baş verənləri “ikinci dərəcəli fövqəladə hal” kimi qiymətləndirib ki, bu da təşkilata öz texniki, maliyyə və insan resurslarını səfərbər edərək, qızılcadan əziyyət çəkən ölkələrə kömək etməyə imkan verir.
ÜST-nin Avropa Regional Bürosunun direktoru Jujanna Yakab deyib: “Qızılcanın yenidən yayılması bizə xatırladır ki, onun aradan qaldırılması üçün səyləri daha da gücləndirmək zəruridir”.
Qızılcanın və məxmərəyin aradan qaldırılması üzrə Avropa Regional Komissiyası müstəqil ekspertlərdən ibarətdir. Onlar hər il ölkələrin bu xəstəliklərlə mübarizədə uğurlarını qiymətləndirmək üçün bir araya gəlirlər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova