“Bir adamın akademiyası”

“Bir adamın akademiyası”

Akademik Mirməmməd Cavadzadənin 90 illik yubileyi qeyd olundu



Milli urologiyanın inkişafında akademik Mirməmməd Cavadzadənin müstəsna xidmətləri var. Urologiya təcrübəsində ilk dəfə olaraq prostat vəzi və sidik kisəsində cərrahi əməliyyatlar zamanı çanaq sümükdaxili anesteziyanı tətbiq etməsi, tibbi təcrübədə hemodializ əməliyyatının ilk seansının iştirakçılarından olması, ölkəmizdə həmin əməliyyatın əsasını qoyması, Cənubi Qafqazda ilk dəfə terminal böyrəkköçürmə əməliyyatını aparması onun adını tibb tarixinə əbədi olaraq həkk edib. Məşhur uroloq-cərrahın 60 ilə yaxın tibbi fəaliyyətinin 34 ili Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə qırılmaz surətdə bağlıdır. Professor Cavadzadə 1974-cü ilin dekabrından ömrünün sonunadək həmin institutun rektoru işləyib. Tibb müəssisəsi məhz onun başçılığı altında istər tədris, istər elmi axtarışlar sahəsində yeni bir mərhələyə qalxıb. Akademikin rəhbərliyi dövründə institutda nefrologiya, anesteziologiya və reanimatologiya kafedraları yaradılıb, 51 nəfər elmlər doktoru və 152 nəfər elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib, çoxlu monoqrafiya, dərslik, metodiki tövsiyə və 700-dən artıq elmi məqalələr dərc olunub.

Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi-praktik konfrans
Akademik Mirməmməd Cavadzadənin xidmətləri Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən, onun anadan olmasının 90 illiyinə həsr olunmuş elmi-praktik konfransda bir daha xatırlanıb, məşhur uroloq-cərrahın keçdiyi şərəfli ömür yolu yad edilib.
İnstitutun rektoru, professor Nazim Qasımov akademikin keçdiyi həyat yolu, tibb elminə gətirdiyi yeniliklər və elmi kəşfləri barədə ətraflı məruzə edib.
ADHTİ-nin kafedra müdirləri Teymur Qafarov və Elmira Qədimova, Hemodializ şöbəsinin müdiri Fariz Babayev həkim, cərrah və rəhbər kimi Mirməmməd Cavadzadənin müsbət keyfiyyətlərindən bəhs ediblər. Qeyd olunub ki, M.Cavadzadə haqqında keçmiş zamanda danışmaq çətindir, çünki həmkarları, tələbələri onu əvvəlki kimi öz sıralarında hiss edirlər.
Mərhum akademikin oğlu, tibb elmləri doktoru, professor Samir Cavadzadə atasına göstərdikləri hörmət və ehtiram üçün konfrans iştirakçılarına təşəkkürünü bildirib.
Elmi-praktik konfrans məşhur cərrah-uroloqun haqqında çəkilmiş “Bir adamın akademiyası” filminin nümayişi ilə yekunlaşıb.

Beynəlxalq elmi-praktik konfrans


Böyrək cərrahiyyəsində bir sıra yenilik və ixtiraların müəllifi, akademik Mirməmməd Cavadzadənin 90 illik yubiley tədbirlərindən biri də onun xatirəsinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans olub.
Əvvəlcə tədbir iştirakçıları, tibb ictimaiyyətinin nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və akademik Mirməmməd Cavadzadənin xatirələrini anıb, məzarları üzərinə gül dəstələri qoyublar.
Dünyanın müxtəlif ölkələrindən tanınmış uroloq-alimlərin iştirak etdiyi konfransı Azərbaycan Uroloqlar Assosiasiyasının prezidenti, professor Samir Cavadzadə açıb və tədbir iştirakçılarını salamlayıb. Sonra xarici ölkələrdən gələn məşhur uroloqlardan bir neçəsi çıxış edərək, akademik M.Cavadzadə ilə bağlı xatirələrini bölüşüb, onun tibb elminə, böyrək cərrahiyyəsinə gətirdiyi yeniliklərdən danışıblar.
Konfransda Ə.Əliyev adına ADHTİ-nin Hemodializ şöbəsinin müdiri Fariz Babayev “Azərbaycan urologiyası və nefrologiyasının tarixi” adlı məruzəsində ölkəmizdə urologiyanın keçdiyi yoldan, ötən əsrin ikinci yarısından peşə fəaliyyətinə başlayan M.Cavadzadənin onun inkişafına verdiyi töhfələrdən danışıb.
Öz işini elmi məruzələrlə davam etdirən toplantıda Rusiya Urologiya və İnvaziv Radiologiya İnstitutunun direktoru, professor Oleq Apolixin “Kişi reproduktiv sağlamlığı və sosial uzunömürlülük”, ABŞ-ın Nayo klinikasının professoru İqor Frank “Oliqometastik prostat vəzi xərçənginin müalicəsində radikal prostatektomiyanın rolu”, Avropa Uroloqlar Assosiasiyasının Türkiyədəki Urolithiasis bölməsinin sədri, professor Kemal Sarıca “PNL-də minitaturizasiya: fəsadlaşma ehtimallarını azaltmaq uğuru artırırmı?”, İranın Şahid Beheşti Universitetinin professoru Nasser Simforuş “Minilaparoskopik cərrahiyyə: yeni paradiqma”, Nyu-York Universitetinin professoru Gennadi Bratslavski “Prostat vəzi xərçəngində dəqiq tibb”, Rusiya Elmi-Tədqiqat Onkologiya Mərkəzinin professoru Vsevolod Matveyev “Böyrək xərçəngində nefron-qoruyucu cərrahiyyə” və s. mövzularda məruzələr ediblər. İnteraktiv təqdimatlar şəklində iştirakçıların nəzərinə çatdırılan çıxışlar ətrafında müzakirələr aparılıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova