Sosial xidmətin inkişafına dair Dövlət Proqramı qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam verib.
Sənəddə bildirilir ki, yeni Dövlət Proqramının qəbulu Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək məqsədi daşıyır.
Yeni Sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.
2026-cı ilin sonunadək hamı üçün bərabər iştirak imkanını təmin edən sosial xidmətlər sisteminin və bu sahədə ixtisaslı kadr potensialının formalaşması, sosial xidmətlərin əhatəsinin genişlənməsi, ünvanlılığının və keyfiyyətli xidmətlərə əlçatanlığın təmin edilməsi və əhalinin göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin artması yeni Dövlət Proqramının əsas hədəf göstəriciləridir.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 2026-cı ilin sonunadək sosial xidmət sistemi ilə bağlı qanunvericilik bazasının təkmilləşəcəyi, həssas əhali qruplarına göstərilən xidmətlərin kəmiyyət və keyfiyyətinin artacağı gözlənilir. Eləcə də müntəzəm həyata keçirilən profilaktik abilitasiya və reabilitasiya tədbirləri stasionar sosial xidmətə ehtiyacı olan şəxslərin sayının azalmasına imkan verəcək.
Həmçinin Proqram üzrə görüləcək tədbirlər xidmət təklifinin artması ilə rəqabət mühitinin güclənməsinə səbəb olacaq. Bu da öz növbəsində sosial xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək. Dövlət sifarişi ilə sosial xidmət sahəsində həyata keçirilən layihələrin sayının ildən-ilə artırılması, innovativ texnologiyaların tətbiqi ilə sosial xidmət sahəsində vahid informasiya məkanının yaradılması da nəzərdə tutulur.
Yeni Dövlət Proqramı ilə sosial xidmət sahəsində elektron xidmətlərin təkmilləşməsi və yeni e-xidmətlərin tətbiqi, sosial xidmət infrastrukturunun müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması, sosial xidmətlərin təşkilində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın davam etdirilməsi, bu sahədə dövlət–özəl tərəfdaşlığının genişləndirilməsi və s. planlaşdırılır.
Dövlət Proqramında səhiyyəyə, insan sağlamlığına dair bir sıra məsələlərə də toxunulur. Belə ki, proqramın “Qlobal trendlər” bölümündə qeyd olunur ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun hesablamalarına əsasən, 2050-ci ildə dünya əhalisinin sayının daha 2 milyard nəfər artaraq 9,7 milyard nəfərə çatacağı proqnozlaşdırılır. Son onilliklər ərzində tibbin inkişafı, səhiyyə xidmətlərinin keyfiyyətinin artması nəticəsində dünyada insanların sağlamlıq və uzunömürlülük səviyyəsi yüksəlmiş, ümumilikdə dünya əhalisinin yaş strukturunda ahıl şəxslərin sayı əvvəlki dövrlərə nisbətən xeyli artmışdır. Lakin son dövrlərdə dünyada baş verən bir sıra mənfi proseslər insanların bir qisminin həyat səviyyəsinə, sosial-psixoloji vəziyyətinə mənfi təsir göstərmiş, onların sosial təhlükəli vəziyyətə düşmələrinə səbəb olmuşdur.
Son illərdə Azərbaycan Respublikasında əhalinin etibarlı sosial müdafiəsi istiqamətində mühüm işlər görülmüşdür. Eyni zamanda, Azərbaycan Respublikası müxtəlif səbəblərdən çətin həyat şəraitinə düşmüş insanların sosial müdafiəsinin təmin edilməsi məqsədilə aidiyyəti beynəlxalq və regional təşkilatlar, müxtəlif qurumlar tərəfindən qəbul edilmiş bir sıra dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilə və sazişlərə qoşulmuşdur. Bu da insan hüquq və azadlıqlarının, o cümlədən vətəndaşların sosial hüquqlarının qəbul olunmuş beynəlxalq prinsip və normalar əsasında reallaşdırılmasına təminat vermişdir.
Proqramın “Azərbaycan Respublikasında sosial xidmət sisteminin mövcud vəziyyəti” bölümündə qeyd edilir ki, hər bir cəmiyyətdə uşaqların sosial müdafiəsi, sağlam və firavan böyüməsi, fiziki və mənəvi inkişafı üçün həyata keçirilən siyasət həmin cəmiyyətin ümumi inkişafının əsas keyfiyyət göstəricilərindən biri hesab edilir. Sivil və ümumbəşəri dəyərləri daim yüksək tutan Azərbaycan Respublikası da uşaqların münasib şəraitdə böyüyərək tərbiyə olunmaları və onların layiqli vətəndaş kimi formalaşmalarının təmin edilməsi sahəsində fəal siyasəti ilə fərqlənir.
Məişət zorakılığı ilə bağlı vəziyyət təhlil edilərkən vurğulanır ki, Azərbaycanda məişət zorakılığının profilaktikası, ona qarşı mübarizənin kompleks şəkildə həyata keçirilməsi məqsədilə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib. Qanunun icrası ilə əlaqədar məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyasını həyata keçirən komissiya yaradılıb, həmin komissiya tərəfindən 10 qeyri-dövlət yardım mərkəzi akkreditə edilib. Bu mərkəzlərdə zorakılıqdan zərər çəkmiş 1814 şəxsə sosial, psixoloji, hüquqi, ilkin tibbi yardım, səhiyyə müəssisələrinə yönləndirmə xidmətləri göstərilib, ehtiyacı olanlar müvəqqəti sığınacaqlarla təmin ediliblər.
Sosial xidmət sisteminin daha bir istiqaməti penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial müdafiəsi və sosial adaptasiyası, o cümlədən tibbi və sosial yardıma ehtiyacı olan şəxslərlə əlaqədar tədbirlərin təşkilidir.
Sosial xidmət sahəsində dövlət sifarişlərinin qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarına verilməsi nəticəsində 482 layihə icra edilib, layihələr çərçivəsində ümumilikdə 35 mindən artıq çətin həyat şəraitində olan şəxsə və onların ailələrinə sosial-psixoloji, sosial-hüquqi, tibbi-sosial, sosial-məişət xidmətləri, sosial-məsləhət yardımı göstərilib, sosial reabilitasiya və müalicələrinin təşkili, reinteqrasiya xidmətlərinin göstərilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planında Səhiyyə Nazirliyi ilə bağlı bir sıra bəndlər var.
“Sosial xidmət sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və sosial xidmət göstərilməsinə nəzarət mexanizminin müəyyən edilməsi” bölməsinin “Sosial xidmət sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi” bəndində Nazirlər Kabineti əsas icraçı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Həmkarlar İttifaqları Konfederasiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, yerli icra hakimiyyəti orqanları isə digər icraçılardır. “Sosial xidmət müəssisələrinin fəaliyyətinə nəzarətin vahid mexanizminin müəyyən edilməsi” bəndində də Nazirlər Kabineti əsas icraçı, Səhiyyə Nazirliyi digər iştirakçılardan biridir.
“Sosial xidmət sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) arasında əlaqələrin genişləndirilməsi” bölməsinin “Sosial xidmət sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətli nümayəndələrindən ibarət Koordinasiya Şurasının yaradılması və fəaliyyətinin Təşkili” bəndinin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Digər icraçılar arasında Səhiyyə Nazirliyi də var. Həmin bölmənin “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə birgə tədbirlərin həyata keçirilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi” bəndində də Səhiyyə Nazirliyi içraçılardan biridir.
Dövlət Proqramının “Sosial xidmət müəssisələrinin fəaliyyətinin təşkili və maddi-texniki bazasının təkmilləşdirilməsi” bölməsinin “Dövlət sosial xidmət müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi və həmin müəssisələrdə reabilitasiya şəraitinin müasir beynəlxalq təcrübəyə uyğun təşkili məqsədilə tədbirlər görülməsi” bəndinin, “Mütərəqqi beynəlxalq təcrübənin tətbiqi ilə sosial xidmət sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi” bölməsinin “Əlilliyi olan və ahıl şəxslər üçün mobil xidmətlərin göstərilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan Respublikasında tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsi”, “Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” bəndlərinin icrasında da Səhiyyə Nazirliyinin iştirakı nəzərdə tutulub.
Proqramın “Uşaqların alternativ qayğı xidmətləri ilə əhatə olunması imkanlarının genişləndirilməsi” adlanan 8.5-ci bölməsinin “Himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi” bəndi üzrə planlaşdırılan tədbirlər arasında da Səhiyyə Nazirliyinin üzərinə müəyyən vəzifələr düşür.
“Sosial xidmət sistemində insan resurslarının inkişafı və təminatı” bölməsinin “Sosial xidmət sahəsində rəqabətqabiliyyətli kadr potensialının inkişafı üçün yeni peşə və kvalifikasiya standartlarının hazırlanması” bəndi “Sosial işçi”, “Sosial xidmətçi”, “Sosial pedaqoq” və “Sosial iş üzrə mütəxəssis– psixoloq” peşələri üçün peşə və kvalifikasiya standartları layihələrinin hazırlanmasını, aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmasını və təsdiq olunmasını ehtiva edir. Səhiyyə Nazirliyi bu bölmənin həm bu, həm də “Sosial xidmət sahəsində yüksəkixtisaslı və peşəkar kadr hazırlığının həyata keçirilməsi məqsədilə ali təhsil müəssisələrində mövcud təhsil proqramlarının təkmilləşdirilməsi” bəndinin icrasında iştirak edəcək.
Qeyd edək ki, sadalanan bütün bəndlərin əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yalnız sonuncu bəndin əsas icraçısı Elm və Təhsil Nazirliyidir.