Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası
Azərbaycan nümayəndə heyəti sessiyanın işində iştirak edib
İsveçrənin Cenevrə şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ali qərarverici və siyasət müəyyən edici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının (ÜSA) 76-cı sessiyası keçirilib.
ÜST-nin bütün üzv dövlətlərinin nümayəndələrinin iştirak etdiyi, hər il keçirilən bu ali toplantıda iştirakçılar İcraiyyə Komitəsi tərəfindən hazırlanmış gündəliyə əsasən dünya səhiyyəsi qarşısında dayanan ən aktual məsələləri müzakirə edirlər. Assambleyanın əsas vəzifələri ÜST-nin fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, qurumun baş direktorunu təyin etmək, maliyyə fəaliyyətinə nəzarət etmək, büdcəsini müzakirə və təsdiq etməkdir.
Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Ümumdünya Səhiyyə Assambleyasında Azərbaycan Respublikası səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Antonio Quterreş: “Sağlamlıq üçün bütün gələcək təhdidlərə çox ciddi hazırlaşmalıyıq”
76-cı sessiyanın ÜST-nin Cenevrədəki mənzil qərargahında keçirilmiş açılış mərasimində Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Ümumdünya Səhiyyə Assambleyasının iştirakçılarına videoformatda müraciəti yayımlanıb.
Baş katib çıxışında bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı mövcud olduğu 75 il ərzində insanların mühafizəsində nəzərəçarpan irəliləyişə nail olub: “Bu müddətdə insanların uzunömürlülüyünün orta göstəricisi 50 faizdən çox artıb, uşaq ölümü son 30 il ərzində 60 faizdən çox azalıb, çiçək xəstəliyi aradan qaldırılıb, poliomielit isə yoxolma həddindədir”.
Bununla belə, A.Quterreş təəssüflə qeyd edib ki, ÜST-nin yarandığı dövrdən bəri əldə etdiyi irəliləyiş müharibələr və iqlim dəyişmələri səbəbindən təhlükəyə məruz qalıb: “Lakin bu irəliləyiş təhlükə altındadır: müharibələr və münaqişələr milyardlarla insanı təhdid edir, iqlim sahəsindəki böhran nəticəsində milyardlarla insanın sağlamlığı təhlükə ilə üz-üzədir. COVID-19 pandemiyası ictimai səhiyyədə irəliləyişi ləngidib və hətta gerilədib”.
Baş katibin fikrincə, yalnız dünyanın əlaqələndirilmiş fəaliyyət göstərəcəyi təqdirdə tərəqqi yoluna qayıtmaq mümkündür. “Yeni pandemiyalardan tutmuş iqlim dəyişmələrinədək - sağlamlıq üçün bütün gələcək təhdidlərə çox ciddi hazırlaşmaq lazımdır ki, mümkün olduğu hallarda biz onların qarşısını ala bilək, mümkün olmadığı hallarda isə onlara tez və effektli reaksiya verək”, - deyə BMT-nin rəhbəri qeyd edib. O, ümidvar olduğunu bildirib ki, pandemiyanın qarşısının alınması barədə hazırda aparılan danışıqlar insanların həyatını xilas edən güclü hərtərəfli yanaşmalarla başa çatacaq. Quterreş ölkələri birgə işləməyə və ÜST-ni hamı üçün yüksək sağlamlıq standartlarına nail olmaqda dəstəkləməyə çağırıb.
Tedros Gebreyesus: “Ortaq təhdidlərə birgə reaksiya verilməsi zərurəti pandemiyanın əsas ibrət dərsidir”
ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus Assambleyadakı çıxışında təşkilatın öz fəaliyyətində üzləşdiyi çətin problemləri xarakterizə edib. O bildirib ki, son 20 ildə dünyanın ÜST-nin fəaliyyəti ilə bağlı gözləntiləri artıb, təşkilatın sərəncamında olan ehtiyatlar isə artmayıb. O, problemlərdən biri kimi, ÜST-nin getdikcə siyasiləşdirilmiş mühitdə hərəkət etmək məcburiyyətində olması faktını vurğulayıb.
Koronavirus pandemiyasından danışan Tedros Gebreyesus ortaq təhdidlərə birgə reaksiya verilməsi zəruriliyinin dərk edilməsini onun “əsas ibrət dərsi” adlandırıb: “ÜST-yə üzv ölkələrin hazırda barəsində danışıqlar apardığı pandemiyaya reaksiya verilməsi barədə razılaşma səhiyyə sahəsində qlobal təhlükəsizlik paradiqmasını dəyişməyə qadir olan tarixi razılaşmaya çevrilməlidir”.
Sessiya günlərində iştirakçılar dünya səhiyyəsi qarşısında dayanan və dövlətlərin əlaqələndirilmiş fəaliyyətini tələb edən bir sıra məsələlərə baxıblar. O cümlədən, səhiyyə xidmətləri ilə ümumi əhatəolunma, bunun dayanıqlı əsası kimi, səhiyyə sistemlərinin ilkin tibbi-sanitar yardım yönümlü olmağa istiqamətləndirilməsi, BMT Baş Assambleyasının səhiyyə xidmətləri ilə ümumi əhatəolunma məsələsi üzrə yüksək səviyyəli iclasına hazırlıq, ictimai səhiyyə sahəsində fövqəladə hallar, onlara hazırlıq və cavab tədbirləri, ÜST-nin bu hallarda fəaliyyəti, lazımi keyfiyyətdə olmayan və saxta tibbi məhsullar, səhiyyə sistemlərində reabilitasiyanın gücləndirilməsi kimi ciddi mövzular müzakirə olunub.
Həmçinin bir sıra sənədlər, o cümlədən “Qadın, uşaq və yeniyetmələrin sağlamlığının mühafizəsi üzrə qlobal strategiya (2016-2030-cu illər)”, Baş Assambleyanın qeyri-infeksion xəstəliklər və onlarla mübarizə, psixi sağlamlığın qorunması üzrə yüksək səviyyəli üçüncü iclasının siyasi bəyannaməsi, “Qlobal səhiyyə sülh maraqlarında” təşəbbüsü, “İnfeksiyaların profilaktikası və infeksion nəzarət üzrə qlobal strategiya” layihəsi, 2024-2025-ci illər üçün proqram büdcəsi layihəsi və sair sənədlər müzakirə edilib.
“Qoşulmama Hərəkatı ÜST ilə əməkdaşlığa hazırdır”
Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasında Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Qoşulmama Hərəkatı (QH) adından Bəyanat səsləndirib.
Çıxışına ÜST-nin təsis olunmasının 75-ci ildönümü münasibətilə QH üzv ölkələri adından təbriklə başlayan səhiyyə naziri qeyd edib ki, bu ölkələr hər bir insanın tibbi xidmətlərə çıxışının təmin edilməsinin mühüm məsələ olduğunu vurğulayır.
Nazir SARS-COV-2 pandemiyasının nəticələrinin idarə olunması üçün Qoşulmama Hərəkatının ÜST ilə əməkdaşlığa hazır olduğunu deyib. Hərəkat pandemiyanın təsirlərinin aradan qaldırılması üçün qlobal səylərin gücləndirilməsində mühüm rol oynayıb. Belə ki, peyvəndlərə bərabər, vaxtında və universal çıxışın təmin edilməsinə dair qətnamə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən qəbul edilib. Eyni zamanda, QH üzv ölkələrinin COVID-19-a qarşı tibbi və humanitar ehtiyaclarına dair məlumat bazası istifadəyə verilib. Hərəkat COVID-19-a qarşı vaksin ianə edən ölkələrin səylərini yüksək qiymətləndirir.
Qoşulmama Hərəkatı 2023-cü il martın 2-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş COVID-19-a cavab olaraq pandemiyadan sonrakı qlobal canlanma üzrə Hərəkatın Təmas Qrupunun Sammit səviyyəli görüşünü alqışlayır.
QH üzv ölkələri səhiyyədə təhlükəsizlik və daha güclü səhiyyə sistemlərini təmin etmək üçün Universal Səhiyyə Əhatəliliyinə və 2030-cu ilə kimi səhiyyə ilə bağlı Davamlı İnkişaf Məqsədlərinə nail olmağa sadiqliyini bir daha ifadə edir.
Sonda Teymur Musayev QH-nin Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasında iştirak edən dövlətlərin gələcək pandemiyalara daha hazırlıqlı olması üçün səhiyyədə effektiv tədbirləri prioritetləşdirməkdə həmrəyliyinə ümidvar olduğunu bildirib.
Teymur Musayev: “Minalar səhiyyəmiz və əhalimizin sağlamlığı üçün mühüm təhdiddir”
Ümumdünya Səhiyyə Assambleyasının sessiyasında ölkə adından çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev tədbir iştirakçılarını salamlayaraq, Ümumdünya Səhiyyə Təşkilatının 75 illik yubileyi münasibətilə təbriklərini səsləndirib.
Çıxışında nazir xalqımızın Ümummilli Lideri, bu il ölkəmizdə 100 illik yubileyi qeyd edilən Heydər Əliyevin müasir Azərbaycan səhiyyə sisteminin inkişafında, əldə etdiyi nailiyyətlərdə və ölkəmizin ÜST-yə üzvlüyünün həyata keçirilməsində müstəsna rolunu vurğulayıb.
Teymur Musayev qeyd edib ki, hazırda səhiyyə sistemlərinin və dünya iqtisadiyyatının COVID-19 pandemiyasından sonrakı bərpa dövrünə tədricən keçidi reallaşmaqdadır. O, Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası ərəfəsində qlobal səhiyyə problemlərini və onların müvafiq həll yollarını müzakirə etmək məqsədilə Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirlərinin videokonfrans formatında keçirilmiş növbəti görüşü haqqında məlumat verib.
Nazir Azərbaycanın işğal altında olan ərazilərinin 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsindən sonra mövcud vəziyyətə dair məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıb: "Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması istiqamətində böyük işlər görülür. Lakin azad olunmuş torpaqların hədsiz dərəcədə minalanması əhalinin təhlükəsiz geri qayıtmasına ciddi maneələr yaradır. Müharibə başa çatdıqdan sonra mina partlayışları nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla 300-dən çox vətəndaş həlak olub və ya ağır yaralanıb. Bu, səhiyyəmiz və əhalimizin sağlamlığı üçün mühüm təhdiddir. Plenar iclas vasitəsilə dünya ictimaiyyətinin diqqətini mina terroru probleminə və onun səhiyyə sistemlərinə təsirinə cəlb etmək istərdik".
Nazir Ermənistan nümayəndəsinin yenidən Azərbaycana qarşı ÜST-nin gündəliyinə aidiyyəti olmayan siyasi məsələ ilə bağlı əsassız ittihamlar səsləndirdiyini təəssüf hissi ilə qeyd edib: “Azərbaycan Ermənistanın ərazisinə təcavüz etmək cəhdi kimi səsləndirilən fikirləri əsassız sayır və qətiyyətlə qəbul etmir. Azərbaycan ərazisində on mindən artıq erməni hərbçilərinin mövcudluğu regionda gərginliyin və vətəndaşlarımızın təhlükəsizliyinə təhdidlərin əsas mənbəyidir. Ermənistan Laçın yolundan sui-istifadə edərək Azərbaycanda yerləşdirilən silahlı qüvvələrinin rotasiyasını həyata keçirib, onları silah-sursatla təmin edib, çoxsaylı minalar basdırıb, üçüncü ölkə vətəndaşlarının ölkəmizə qanunsuz səfərlərini təşkil edib”.
Teymur Musayev sessiya iştirakçılarının bir daha diqqətinə çatdırıb ki, Azərbaycan dövləti beynəlxalq müstəvidə suveren hüquqlarına uyğun olaraq, habelə 2020-ci ilin noyabr ayında imzalanmış üçtərəfli Bəyanata əsasən dəhliz üzrə yüklərin daşınmasının şəffaflığını və təhlükəsizliyini təmin etmək məqsədilə Laçında sərhəd-keçid məntəqəsi quraşdırıb.
Nazir Azərbaycan dövləti tərəfindən onun suveren ərazisində yaşayan erməni sakinlərinin yenidən siyasi, iqtisadi və sosial çərçivələrlə inteqrasiyası istiqamətində ardıcıl səylərin davam etdiriləcəyini bildirib: “Biz Ermənistan nümayəndəsini beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərindən əl çəkməyə dəvət edirik. Əksinə, Ermənistan Baş nazirinin bu günlərdə açıq şəkildə səsləndirdiyi bəyanatına əsasən, iki dövlət arasında münasibətlərin normallaşması prosesinə dəstək verməyini tövsiyə edirik”.
Teymur Musayev həmçinin ərazi bütövlüyünə hörmət və suveren dövlətlərin daxili işlərinə qarışmamağın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş mühüm prinsiplərdən olduğunu qeyd edib.
ÜSA-nın sessiyası çərçivəsində səhiyyə naziri Teymur Musayevin bir sıra ikitərəfli görüşləri, digər işçi tədbirlər də keçirilib.