Cenevrədə 75-ci Ümumdünya Səhiyyə Assambleyası keçirilib

Cenevrədə 75-ci Ümumdünya Səhiyyə Assambleyası keçirilib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil qərargahında qurumun ali qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyası koronavirus pandemiyası başlayandan bəri ilk dəfə birbaşa iştirak formatında keçirilib.
İldə bir dəfə keçirilən Ümumdünya Səhiyyə Assambleyasında ÜST-yə üzv olan bütün dövlətlərin nümayəndə heyətləri İcraiyyə Şurası tərəfindən hazırlanmış, sağlamlıqla bağlı xüsusi gündəliyi müzakirə edir, qurumun baş direktorunu seçir, təşkilatın siyasətini, proqramlarını və büdcəsini müəyyənləşdirirlər.
“Sağlamlıq üçün sülh, sülh üçün sağlamlıq” devizi altında keçirilən 75-ci yubiley assambleyasının sessiyalarında dövlət və hökumət nümayəndələri, səhiyyə sahəsində rəhbər vəzifələrdə çalışan şəxslər, ekspertlər iştirak edib, fikirlərini bildirib, müzakirələr aparıblar. Səhiyyə sahəsində yaranan fövqəladə hallara hazırlığın gücləndirilməsi assambleyanın diqqət mərkəzində dayanıb.
Azərbaycan Respublikası Assambleyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus assambleya çərçivəsində qlobal və regional səhiyyə məsələlərində liderlik səriştəsi və səylərinə görə “Qlobal Səhiyyə Liderləri“ mükafatına layiq görülən şəxslərin adlarını açıqlayıb.


ÜST rəhbəri: "COVID-19 dünyada yeganə böhran deyil"

75-ci Ümumdünya Səhiyyə Assambleyasında Tedros Gebreyesus çıxış edərək bildirib ki, pandemiya dünyanın ÜST-yə ehtiyacı olduğunu nümayiş etdirdi. O, davamlı maliyyə üzrə İşçi Qrupun növbəti onillikdə icbari ödənişlərin əsas büdcəsinin 50 faizinə qədər artırılmasına dair tövsiyəsini alqışladığını bildirib.
"Biz hələ də bir çox problemlərlə qarşılaşırıq və konkret olaraq indi olduğumuz yeri müəyyənləşdirməliyik. Pandemiyanın başa çatmasına hələ çox vaxt var. Biz onunla mübarizəni davam etdirdikcə, səhiyyənin bərpası problemi ilə üzləşirik, çünki üzv dövlətlərin 90 faizi bir və ya bir neçə əsas səhiyyə xidmətinin fəaliyyətində fasilələrin olduğunu bildirir", - deyə o əlavə edib.
ÜST rəhbəri həmçinin vurğulayıb ki, COVID-19 pandemiyası dünyada yeganə böhran deyil. "Biz iqlim dəyişikliyi, ədalətsizlik və geosiyasi rəqabətin qaynaqlandığı xəstəliklər, quraqlıq, aclıq və müharibələrin nəhəng birləşməsi ilə üzləşirik", - deyə Tedros Gebreyesus bildirib.
Məlumat verilib ki, yeni səhiyyə problemi olan meymunçiçəyi Afrika qitəsi ölkələrindən başqa, daha 15 ölkədə qeydə alınıb. Ən çox Mərkəzi və Qərbi Afrikada yayılan meymunçiçəyi ABŞ, Kanada, İspaniya, Portuqaliya, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, Avstriya və Avstraliyada da rast gəlinir. Ümumdünya Səhiyyə Təşkilatı yoluxma hallarının sayının artacağı ilə bağlı xəbərdarlıq edib.

Qoşulmama Hərəkatı üzvləri Azərbaycanın təşəbbüslərini alqışlayır

Sessiyanın ikinci günündə Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev plenar iclasda çıxış edib.
Nazir bildirib ki, pandemiyanın başladığı dövrdən Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı geniş beynəlxalq ictimaiyyətin səylərini çoxtərəflilik, əməkdaşlıq və həmrəylik ruhunda fəal şəkildə səfərbər edib, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürüb.
Teymur Musayev diqqətə çatdırıb ki, COVID-19-a qarşı peyvəndlərin bölgüsündə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasındakı qeyri-bərabərlik pandemiyanın qısa zamanda tamamilə aradan qaldırılmasına nail olunmasında çətinliklər yaradıb. O, səhiyyə sisteminin davamlı fəaliyyətinin təmin edilməsi və pandemiya ilə mübarizədə effektiv addımların atılması üçün əsas səhiyyə xidmətlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, səhiyyənin universal əlçatanlığının təmin edilməsi üçün müxtəlif digər tədbirlərlə yanaşı, fasiləsiz peyvəndləmə proqramları davam etdirilməlidir.
Səhiyyə naziri vurğulayıb ki, Qoşulmama Hərəkatının üzv dövlətləri bu və digər mövzulara dair təşkilatın sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüslərini alqışlayır.

Çıxışının sonunda Teymur Musayev post-COVID dövrü üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının təşkil edilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Azərbaycan bütün etnik qrupların sağlamlıq hüquqlarını təmin edir

Plenar iclasda çıxışdan başqa, Azərbaycan səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilən ümumi debatlar zamanı da çıxış edib.
Öncə Tedros Gebreyesusu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edən nazir ÜST-nin fəaliyyətinin ölkəmiz tərəfindən daim dəstəkləndiyini bildirib.
Daha sonra Teymur Musayev pandemiyadan irəli gələn çağırışların, o cümlədən güclü, dayanıqlı səhiyyə sistemlərinin yaradılmasında beynəlxalq əməkdaşlığın vacibliyindən danışıb. Bu xüsusda, səhiyyə sahəsində ölkəmizdə həyata keçirilən mühüm proseslərdən bəhs edib.

Səhiyyə naziri bildirib ki, Azərbaycan hökuməti ölkə ərazisində yaşayan bütün etnik qrupların, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşlarının sağlamlıq hüquqlarını, həmişəki kimi, bundan sonra da təmin etməyə hazırdır. Bunu nəzərə alaraq, o, Ermənistan nümayəndə heyətinin beynəlxalq səhiyyə platformasının imkanlarından istifadə edərək hazırkı Assambleyada əsassız və təxribat xarakterli iddialar səsləndirməsinin qəbuledilməz olduğunu vurğulayıb, bunun əvəzində iki ölkə arasında başlanılmış sülh prosesinə töhfə verməyə çağırıb.
Ümumdünya Səhiyyə Assambleyasının yubiley sessiyası çərçivəsində səhiyyə naziri Teymur Musayevin təşkilatın rəhbər şəxsləri və üzv ölkələrinin səhiyyə nazirləri ilə ikitərəfli görüşləri və digər işçi tədbirləri də keçirilib.

Azərbaycan səhiyyə naziri ilə ÜST Baş direktorunun görüşü

Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində Azərbaycan səhiyyə naziri Teymur Musayevlə ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus arasında görüş keçirilib.

Görüşün əvvəlində Teymur Musayev Tedros Gebreyesusu ikinci müddətə ÜST Baş direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ötən müddət ərzində təşkilatın Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Daha sonra nazir yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə ölkəmizin uğurlu təcrübəsini paylaşıb, vaksinasiya səviyyəsinin əhalinin hədəf qrupu üzrə 90 faizdən artıq olduğunu, Azərbaycanın “COVAX” təşəbbüsünə qoşulan ilk ölkələr sırasında yer aldığını diqqətə çatdırıb, həmçinin son dövr ərzində əhalinin sağlamlığının qorunması məqsədilə aparılan islahatlar barədə məlumat verib.
ÜST-nin Baş direktoru Tedros Gebreyesus Prezident İlham Əliyevin bu qurumla əməkdaşlığa verdiyi dəyəri yüksək qiymətləndirib. Xüsusən pandemiya dövründə ölkəmizin təşkilata etdiyi humanitar yardımları, eyni zamanda, xəstəliyin aradan qaldırılması məqsədilə ölkələri birgə əməkdaşlığa səsləyən qlobal çağırışları xatırladıb. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx təmaslarının olduğunu diqqətə çatdırıb, iyun ayında keçiriləcək Forumda iştirak etməyi səbirsizliklə gözlədiyini söyləyib. Forum çərçivəsində Tedros Gebreyesus ilkin səhiyyə xidmətləri sahəsində Azərbaycanda görülən işlərlə yaxından tanış olmaq istəyini bildirib.
Tərəflər arasında ÜST-nin səhiyyə böhranlarına hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi, akademik fəaliyyətin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətimizin ÜST Avropa regional direktoru ilə görüşü

Azərbaycan səhiyyə naziri Teymur Musayevin başçılığı altında nümayəndə heyətimiz Assambleya çərçivəsində ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri P.Klüge ilə də görüşüb.

Toplantıda Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT Bölməsi və Digər Beynəlxalq Təşkilatlar yanında daimi nümayəndəsi, səfir Qalib İsrafilov da iştirak edib.
Tərəflər ÜST ilə ölkəmiz arasında mövcud sıx əlaqələrdən razılıq ifadə ediblər. Qurumla Azərbaycanın səhiyyə sahəsində gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.


Azərbaycan və Türkiyə səhiyyə nazirlərinin görüşü

Azərbaycan səhiyyə naziri Teymur Musayev Cenevrədə türkiyəli həmkarı Fahrettin Koca ilə də görüşüb.
Görüşdə tərəflər iki qardaş ölkənin səhiyyə sahəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin “Səhiyyə Biznes Forumu”nun Bakıda təşkil olunması barədə danışıqlar aparılıb.
“Səhiyyə Biznes Forumu” indiyə qədər Birləşmiş Krallıq, Özbəkistan, Pakistan və digər ölkələrdə keçirilıb. Forumda təmsil olunan ölkələrin özəl tibb şirkətləri, həmçinin səhiyyədə maliyyə mexanizminin təkmilləşdirilməsi və investisiya imkanları müzakirə olunur.
Görüşdə nazirlər iki qardaş ölkə arasındakı əməkdaşlıq əlaqələrinin gələcəkdə səhiyyə sahəsində uğurlu nəticələr verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.

Azərbaycan səhiyyə nazirinin İranlı həmkarı ilə görüşü

Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə İranın səhiyyə və tibb təhsili naziri Bəhram Eynollahi arasında ikitərəfli görüş keçirilib.

Görüşdə səhiyyə qurumları arasında əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.





May 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova