Operativ Qərargahın brifinqi keçirilib

Operativ Qərargahın brifinqi keçirilib

Bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov brifinqdə çıxış edərək, pandemiyanın hələ də inkişafda olduğunu, buna görə də Operativ Qərargahın qərarına əsasən ölkəmizdə karantin rejiminin növbəti il martın 1-dək uzadıldığını bildirib. O deyib ki, bu brifinqlərin mütəmadi şəkildə keçirilməsi həm ictimaiyyətin mövcud vəziyyət, dünyada baş verən proseslər haqqında məlumatlandırılması, eyni zamanda, Operativ Qərargahın növbəti qərarlarının açıqlanması məqsədi daşıyır.

“Azərbaycanda uğurlu vaksinasiya strategiyası mövcuddur”



Prezidentin köməkçisi Operativ Qərargahın dünyadakı bütün elmi nəticələri diqqət mərkəzində saxladığını və qərarlarında elmi tədqiqatlara əsaslandığını diqqətə çatdırıb. Bildirib ki, “omikron” ştamının yaranması və həddindən artıq yüksək sürətlə yayılması, əvvəlki delta ştamına nisbətən dörd dəfə daha yoluxdurucu olması, digər ölkələr kimi, bizdə də narahatlıq doğurur: “Yeni ştamın digər ölkələrdə yaratdığı problemlərin Azərbaycanda baş verməsi ehtimalı kifayət qədər çoxdur. Vəziyyəti nəzarətdə saxlamağın yeganə yolu vaksinasiyadır. Dünyanın aparıcı universitetlərinin tədqiqat mərkəzlərinin son elmi araşdırmaları göstərir ki, vaksinasiya iki dozadan sonra kifayət qədər yüksək qoruyucu qüvvəyə malikdir. Amma, eyni zamanda, həmin tədqiqatlar nəticəsində görmək olur ki, artıq ikinci dozadan 4 ay sonra qoruyucu immunitet tədricən azalmağa başlayır. Bunun üçün üçüncü dozanın – buster dozanın vurulması ciddi tövsiyə edilir. Gücləndirici dozanın vurulması prosesi Azərbaycanda da başlayıb. Ölkəmizdə artıq 1 milyon 200 mindən çox vətəndaş buster dozanı alıb. Bu proses davam edir”.

COVID pasportunun ikinci dozadan sonra müddəti 6 ay olacaq



Şahmar Mövsümov deyib ki, bu prosesdə daha çox qoruyucu, ehtiyatlı yanaşma məqsədilə hazırda istifadə olunan COVID pasportlarının, vaksinasiya və immunitet sertifikatlarının vaxtına məhdudiyyət qoyulur: “Fevralın 15-dən COVID pasportlarının ikinci doza peyvənddən sonra müddəti 6 ay müəyyən edilir. İkinci dozadan 6 ay keçdikdən sonra COVID sertifikatı artıq öz qüvvəsini itirir.
Bildiyimiz kimi, hazırda müəyyən yerlərə yalnız COVID pasportu ilə daxil olmaq mümkündür. Təbii ki, vaxtı keçmiş COVID pasportu ilə artıq həmin məkanlara girişə icazə verilməyəcək. Fevralın 15-dək bütün vaksin sertifikatları qüvvədə qalır. Hazırda buster dozanı ikinci dozadan 5 ay sonra vurmaq mümkündür. Eyni zamanda, Azərbaycanda immunitet sertifikatının müddəti 6 ay müəyyən edilib. Yenə də bir buster doza vurmaqla immunitet sertifikatının müddəti uzadılır. Yeni müddətin tətbiq olunması haqqında Operativ Qərargahın müvafiq qərarı bu yaxınlarda imzalanacaq və ictimaiyyətə təqdim ediləcək”.
Son iki həftə ərzində vəziyyətin gərgin olduğu bir neçə ölkədə tətbiq edilmiş məhdudiyyətlər haqqında məlumat verən Şahmar Mövsümov bildirib ki, Azərbaycanda vəziyyət sabitdir və ciddi məhdudiyyətlərin tətbiqi barədə hər hansı bir qərar yoxdur: “Ölkəmizdə uğurlu vaksinasiya strategiyası, ölkəyə xaricilərin daxil olması ilə bağlı kifayət qədər düşünülmüş sistem var. Özümüzü qorumaqda uğur qazandığımızı hesab edirik. Bildiyiniz kimi, son ay ərzində bizdə virusa yoluxma halları azalır. Vəziyyətimiz sabit olsa da, xahiş edirik, heç kəs düşünməsin ki, artıq pandemiya bitdi və biz qaydalara riayət etməyə bilərik. Koronavirusa yoluxma halları artdıqca xəstəxanaların dolma riski də yüksəlir. Bu isə ölüm faizini artıra bilər. Ona görə də hətta yumşaq koronavirus hallarında belə bəzi ölkələr məhdudlaşmaya getməyə məcbur olacaq.
Hesab edirik ki, birlikdə bu xəstəliyin öhdəsindən gəlmək üçün hamımız qaydalara riayət etməliyik, vaxtında vaksinləri vurdurmalıyıq. İkinci dozadan sonra 6 aya yaxınlaşan şəxsləri təcili olaraq üçüncü dozanı vurdurmağa çağırırıq. Ola bilsin ki, gələcəkdə buster dozadan sonra da hansısa müddət məhdudiyyəti tətbiq edilsin. Amma hazırda buster dozadan sonra vaksin sertifikatı müddətsizdir”.
Prezidentin köməkçisi vaksin sertifikatlarının qarşılıqlı tanınmasından da danışıb: “Bir çox ölkələrdə vaksin sertifikatları tətbiq olunur. Bu sertifikatların qarşılıqlı tanınması üçün İşçi Qrup yaradılıb. Azərbaycanda tətbiq olunan “Sinovac” vaksini Avropanın əsas sertifikasiya keçirən qurumu tərəfindən qəbul edilib. Ancaq bu məsələdə ölkədən ölkəyə fərq var”.
Ş.Mövsümov bu il ərzində böyük məhdudiyyətlərdən sonra bir çox yumşalmalar olduğunu, bütün qərarların elmi əsaslarla verildiyini deyib: “Toylarda saya nəzarət etmək daha asandır. Amma yas mərasimlərinə nəzarət etmək, orada COVID pasportlarını yoxlamaq çətindir. Yaslarda koronavirusun sürətlə yayılması riski daha yüksəkdir. Buna görə də yas mərasimləri ilə bağlı məhdudiyyət qüvvədədir”.
O, quru sərhədlərinin açılması məsələsinə də münasibət bildirib: “Quru sərhədləri hələ də bağlıdır. Amma insanlar xüsusi icazələrlə quru sərhədindən keçə bilir. “Omikron” ştamının yayılması şəraitində quru sərhədlərinin açılması məsələsi müzakirə edilmir”.
Prezidentin köməkçisi restoranların gecə işləməsi məsələsinə də toxunub: “Restoranlarla bağlı məhdudiyyət bizdə gecə saat 12-yə qədər, bəzi ölkələrdə isə hətta saat 10-a qədərdir. Restoranlarda gecə 12-yə qədər olan məhdudiyyətin saxlanması bu gün daha məqsədəuyğundur”.
Şahmar Mövsümov brifinqdə çıxışı zamanı tibbi maska ilə bağlı yumşalma gözlənilmədiyini söyləyib: “Əlləri yumaq, maska taxmaq, sosial məsafəni qorumaq vaksin olunanda belə əhəmiyyətini itirmir. Bu qaydalara əməl etmək vacibdir”.

Ölkədə koronavirusla bağlı vəziyyət stabildir



Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva ölkədə koronavirusla bağlı vəziyyətin nəzarət altında, stabil olduğunu bildirib. Qeyd edib ki, bu, vaxtında və doğru verilmiş qərarların nəticəsidir.
Y.Qarayeva söyləyib ki, iki il ərzində ölkə ərazisində COVID-19-un müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlər arasında müsbət pay daha çox ötən ilin noyabr-dekabr aylarında qeydə alınıb. Son üç ayı müqayisə etsək, bu göstəricinin yüksək həddi noyabr ayında baş verib və 21 faiz təşkil edib.
Onun sözlərinə görə, dekabr ayında COVID-19-a yoluxma hallarında ciddi azalma müşahidə edilir: "Testlər arasında pozitiv nəticə payı 4-5 faizdir. Dekabrın birinci həftəsi ilə sonuncu həftəsini müqayisə etsək, görərik ki, yoluxma faktları 59, ölüm halları isə 39 faiz azalıb".

Yoluxmaya görə Bakı və Abşeron yenə də öndədir



TƏBİB təmsilçisi ölkə üzrə yoluxma hallarına görə ilk sıralarda yenə də Bakı şəhərinin və Abşeron rayonunun qərarlaşdığını deyib. Paytaxt üzrə Xətai və Binəqədi rayonlarında yoluxma hallarının Bakının digər rayonlarına nisbətən çox olduğunu söyləyib.
"İndiyədək ölkədə 600 mindən çox vətəndaş COVID-19-a yoluxub. Yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 6 milyondan çox test aparılıb. Səkkiz mindən çox vətəndaş isə koronavirusdan vəfat edib. Son sutkada 376 yoluxma qeydə alınıb və 8784 test aparılıb", - deyə Y.Qarayeva qeyd edib.
O, ölkəmizdə yanvardan bəri tətbiq olunan vaksinasiya prosesi nəticəsində ciddi tədbirlərə və qapanmalara ehtiyac olmadan vəziyyəti idarə edə bildiklərini, hazırda Azərbaycanda koronavirusun heç bir dalğasının müşahidə olunmadığını vurğulayıb. Departament müdiri əldə olunan müsbət nəticələrə görə vətəndaşlara minnətdarlığını bildirib, qarşıdan gələn bayram günlərində əhalini diqqətli olmağa çağırıb.

Uşaqlarda koronavirusa yoluxma PZR və ekspres testlərlə təyin olunur



Yaqut Qarayeva ölkəmizdə "delta" ştamının aşkarlanmasının qeyri-mümkünlüyü ilə bağlı xəbərin doğru olmadığını da deyib: “Ölkəmizdə "delta" ştamını aşkarlaya biləcək reaktivlər var. Əgər eyni əlamətlər müşahidə olunan uşaqlarda aparılan testdən sonra COVID aşkarlanmırsa, bu, mövsüm üçün xarakterik olan digər respirator infeksiyalara yoluxmadan xəbər verir. Hər il payız-qış mövsümündə uşaqlarda boğaz ağrısı və yüksək qızdırma ilə müşayiət olunan xəstələnmə halları qeydə alınır. Bunlar respirator infeksiyalardır. Koronavirusla yanaşı, digər respirator infeksiyalarda da bu klinik xüsusiyyətlərə rast gəlinir. "Omikron" ştamına gəlincə, ona yoluxanlarda bəzi mədə-bağırsaq problemləri, qusma halları qeydə alınır. Lakin həmin simptomların da sırf "omikron" ştamına xas olduğunu demək düzgün olmaz. Uşaqlarda SARS-COV-2-yə yoluxma olarsa, bu istər PZR, istərsə də ekspres testlər vasitəsilə təyin oluna bilir".

Azərbaycanda "omikron" ştamına yoluxma qeydə alınmayıb



Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev brifinqdə çıxış edərək, gündəlik toplanan test nümunələrinin seçmə üsulu ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetik laboratoriyasında mütəmadi yoxlanıldığını, koronavirusun indiyə kimi 100-ə yaxin ölkədə yayılan "omikron" ştamına Azərbaycanda yoluxma faktının qeydə alınmadığını diqqətə çatdırıb.
T.Musayev bildirib ki, son iki həftədə koronavirus əleyhinə istifadə oluna biləcək yeni dərmanların gətirilməsi ölkəmizdə müzakirə edilir. Məsələ Səhiyyə Nazirliyi tərəfindən diqqətlə izlənilir. Sübuta yetirilmiş elmi məlumatlar toplandıqdan sonra həmin preparatların Azərbaycana gətirilməsi nəzərdən keçiriləcək: “Həmin dərmanların vaksinasiyanın yerini tutacağı ilə bağlı fikirlər yanlışdır. Bu dərmanlar, sadəcə, virusun replikasiyasının qarşısını alacaq. Onlar vaksinasiyaya dəstəkləyici xarakter daşıyır”.

COVID-19 əleyhinə 11 milyon 255 min peyvənd dozası vurulub



Səhiyyə nazirinin birinci müavini bildirib ki, COVID-19 əleyhinə vaksinasiya kampaniyası ölkədə uğurla həyata keçirilir. Vətəndaşlar buster doza ilə də peyvəndlənirlər: “Bu günə qədər ölkədə COVID-19 əleyhinə 11 milyon 255 min peyvənd dozası vurulub. İki doza vaksin alan insanların sayı 4 milyon 777 min nəfərdir. İndiyə qədər ölkədə buster doza ilə peyvəndlənənlərin sayı isə 1 milyon 255 min nəfərdir”.
T.Musayev Azərbaycanda 538 uşağın yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunduğunu da deyib. Xatırladıb ki, ölkədə uşaqların vaksinasiyası yalnız "Pfizer" peyvəndi vasitəsilə və hər iki valideynin razılığı ilə aparılır. O, hamiləliyin 3-cü ayından COVID-19 əleyhinə vaksin vurdurmağın tövsiyə edildiyini bildirib: “Ölkədə indiyə qədər təsadüfi hallarda hamilələr könüllü şəkildə vaksinasiya olunublar. Yəni hamilələrin COVID-19 əleyhinə vaksinasiyası aktiv deyil. Şəkərli diabet və digər xroniki xəstəliyi olan, ağırçəkili hamilələrin koronavirus əleyhinə peyvənd vurdurması tövsiyə edilir. Qeyd edim ki, hamilələrin vaksinasiyası zamanı da ancaq "Pfizer" peyvəndindən istifadə olunur”.
Səhiyyə nazirinin birinci müavini qeyd edib ki, Prezident İlham Əliyevin beynəlxalq arenada qazandığı nüfuzu sayəsində ölkəyə bütün platformalarda hazırlanan vaksinlər gətirilib. O, Azərbaycanda COVID-19 əleyhinə Türkiyə istehsalı olan "TURKOVAC" vaksininin üçüncü faza kliniki sınaqlarına razılıq verildiyini də deyib: "Bununla bağlı rəsmi sənədləşmə işləri tamamlanıb və Azərbaycana təqdim edilib. Səhiyyə Nazirliyində aidiyyəti komissiyada həmin sənədlər baxışdan keçirilib”.
Teymur Musayev çıxışı zamanı Azərbaycanla həmsərhəd ölkələrdə koronavirus infeksiyasının "omikron" ştamının qeydə alındığını və yayılmaqda davam etdiyini diqqətə çatdırıb: “Ona görə də "omikron" ştamının Azərbaycana gəlməsi və yayılması zamana bağlı olan məsələdir. Yeni ştam ölkədə qeydə alınarsa, müəyyən qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərə əl atmalı olacağıq”.
T.Musayev həmçinin vaksinasiyaya aktiv qoşulan vətəndaşlara təşəkkür edib.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova