Valyuta.com

Azərbaycanda onkoloji xidmətin 80 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib

Azərbaycanda onkoloji xidmətin 80 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Onkoloqlar Cəmiyyəti, Amerika Kliniki Onkologiya Cəmiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş “Bədxassəli şişlərin diaqnostikası və müalicəsinə müasir yanaşma” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Heydər Əliyev Mərkəzində karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil edilən konfransı giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev Azərbaycanda onkoloji xidmətin yaradılması və 80 il ərzində keçdiyi tarixi yol haqqında konfrans iştirakçılarına məlumat verib. C.Əliyev bildirib ki, ölkəmizdə onkoloji xidmətin fəaliyyətinin yüksək səviyyəyə çatması, səmərəliliyinin dinamik şəkildə artması və ən müasir standartlara cavab verməsi bu sahədə çalışan insanların gərgin əməyi, dövlətimizin daimi qayğısı və diqqəti nəticəsində mümkün olub. Onkoloji xidmətin flaqmanı olan Milli Onkologiya Mərkəzinin nanotexnologiyalarla təchiz olunmuş müayinə və müalicə strukturlarının, poliklinika və cərrahiyyə korpuslarının, Uşaq Onkoloji Klinikasının tikilib istifadəyə verilməsində ölkə Prezidenti İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox böyük səyləri və əməyi var.
Azərbaycan Respublikası Prezidenti Aparatının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu səsləndirib. Fərəh Əliyeva 80 illik yubiley münasibətilə təbriklərini çatdırıb, konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev yüz il əvvəl Azərbaycanda onkoloji xidmətin ilk özəklərinin yarandığını, 80 il əvvəl – 1941-ci ildə isə onkoloji xidmətin ilk ixtisaslaşdırılmış, müstəqil tibb müəssisəsinin – bugünkü Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin sələfi olan Elmi Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutunun yaradıldığını xatırladıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk rəhbərliyi dövrünü respublika onkologiyasının yüksəliş mərhələsi adlandıran natiq həmin dövrdə onkoloji xidmətin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə görülən işlərdən, Ulu Öndərin şəxsi təşəbbüsü ilə SSRİ-nin aparıcı onkoloji mərkəzlərində respublikamız üçün mütəxəssislərin hazırlanmasından söz açıb.
Səhiyyə nazirinin birinci müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi illərində ölkə səhiyyəsinin, o cümlədən onkologiyasının çiçəklənməsindən danışıb: “İyirmi ilə yaxın bir müddətdə ölkəmizdə səhiyyə müəssisələrinin maddi-texniki bazası əsaslı surətdə yenilənib, onlar üçün müasir tələblərə cavab verən yeni binalar inşa olunub, yaxud əvvəlki binalar əsaslı təmir edilib. Tibb ocaqlarının avadanlıqla, cihazlarla, dərman vasitələri ilə təchizatı təkmilləşdirilib, kadr potensialı gücləndirilib. Həyatı xüsusi müalicədən və dərman preparatlarından asılı olan xəstələrin normal yaşayışı üçün dövlət proqramları qəbul edilib. Bütün bu sadalananlar ümumilikdə ölkəmizdə əhalinin sağlamlığının qorunmasında inqilabi sıçrayışı, o cümlədən də onkoloji xidmətin inkişafını təmin edib.
2006-cı ildə Milli Məclisin qəbul etdiyi və Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Onkoloji yardım haqqında” Qanun, onun icrası ilə əlaqədar “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” və sonradan qəbul olunan yeni dövlət proqramları, onkoloji xidmətin maddi-texniki bazasının gücləndirilməsi, Mərkəzin cərrahiyyə, uşaq onkologiyası, yeni müalicə korpuslarının, Nüvə Təbabəti Mərkəzinin, müasir səviyyəli laboratoriyalarının açılması, tibb ocağının ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə təchiz olunması və sair məhz dövlət başçısının bu sahəyə diqqət və qayğısının təzahürüdür”.
Teymur Musayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ümumilikdə səhiyyəyə, o cümlədən onkologiya sahəsinə daim diqqət yetirdiyini, onkoloji xəstələri, xüsusən də şiş xəstəliklərindən əziyyət çəkən uşaqları qayğı ilə əhatə etdiyini deyib, bildirib ki, onun təşəbbüsü və himayəsi ilə Milli Onkologiya Mərkəzinin nəzdində yaradılmış Uşaq Onkoloji Klinikası regionda birinci belə ixtisaslaşdırılmış tibb müəssisəsidir.
Səhiyyə nazirinin birinci müavini 30 ildən artıqdır bu böyük səhiyyə müəssisəsinə başçılıq edən akademik Cəmil Əliyevin xidmətlərini xüsusi vurğulayıb, Milli Onkologiya Mərkəzində bu elm və səhiyyə müəssisəsinin ənənələrini yaşadan layiqli gənc nəslin formalaşdığını deyib. Bildirib ki, hazırda Mərkəzdə onkoloji xəstəliklərin profilaktikası, aşkarlanması və müalicəsi üzrə işlər uğurla həyata keçirilir: “Onkoloji xidmətin effektivliyini tək bircə cümlə ilə ifadə etmək mümkündür – bu gün Azərbaycan cəmiyyətinin onkoloji xəstəliklərə münasibəti dəyişib. Onkoloji diaqnoz artıq ölüm hökmü kimi qəbul olunmur, çünki hazırda ölkəmizdə şiş xəstəlikləri müalicə edilir, bu diaqnozla insan həyatı qoruna bilir. Bu isə o deməkdir ki, onkoloji tibb xidmətimiz doğru yoldadır, inkişaf edir. Onun 80-yaşlı flaqmanı Milli Onkologiya Mərkəzi isə bu tərəqqinin aparıcı qüvvəsidir”.
Sonda Teymur Musayev Mərkəzi, onun kollektivini yubiley münasibətilə təbrik edib, əhalinin sağlamlığının qorunması üzrə fəaliyyətdə yeni nailiyyətlər arzulayıb. Dövlətimizin bu sahədə siyasəti və mütəxəssislərin səyləri sayəsində Azərbaycanın onkoloji xəstəliklərlə mübarizədə böyük uğurlar qazanacağına inamını ifadə edib.
Konfransın davamında Azərbaycan Respublikası Milli Məclisi Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov Azərbaycanda onkologiyanın inkişaf tarixindən, müasir onkologiyanın əldə etdiyi nailiyyətlərdən söz açıblar.
Azərbaycanda onkoloji xidmətin keçdiyi böyük və uğurlu inkişaf yolu diqqətə çatdırılıb. Bədxassəli şiş problemləri ilə məşğul olan ilk ixtisaslaşdırılmış elmi-tibbi müəssisənin - Azərbaycan Dövlət Elmi-Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutunun səhiyyəmizdə rolundan danışılıb, qeyd olunub ki, İnstituta müxtəlif illərdə rəhbərlik etmiş İsaak Ginzburq, Mustafa Əlikişibəyov, Rəhim Rəhimov kimi tanınmış alimlərin hər biri Azərbaycanda onkoloji xidmətin inkişafına çox böyük töhfələr verib.
Səhiyyə Nazirliyinin onkologiya üzrə baş mütəxəssisi Azad Kərimli təəssüflə bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı çoxalır. Əgər 2016-cı ilə ölkəmizdə 44 minə yaxın onkoloji xəstə qeydiyyatda olmuşdusa, 2020-ci ildə bu göstərici 54 400 nəfərə çatıb. Lakin burada demoqrafik göstəriciləri, əhali artımını və aşkarlanma səviyyəsini də nəzərə almaq lazımdır: “Hazırda onkoloji xəstələrin aşkarlanmasında vəziyyət çox yaxşıdır. Əgər 2016-cı ildə onkoloji xəstəliklə 5 il və daha artıq yaşayanlar 17 166 nəfər idisə, ötən il bu göstərici 19 766 nəfər olub. Ümumi ölüm göstəricilərinə baxsaq, 75 min ölüm hadisəsi qeydə alınıb, onkoloji xəstəliklərdən ölüm cəmi 6 faiz olub".
Jurnalistlərə açıqlamasında Azad Kərimli bildirib ki, xərçəngin hər növünün özünəməxsus xüsusiyyətlərinə uyğun olaraq, onkoloji xəstələrin müalicəsi 3 istiqamətdə - cərrahi, kimya-terapevtik və şüa müalicəsi şəklində aparılır: “Zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan Milli Onkologiya Mərkəzini dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir sıraya qoymaq olar. Mərkəzin əməkdaşları onkoloji xəstələrə yüksəkkeyfiyyətli xidmətlər göstərir, bədxassəli şişlərin erkən diaqnostikasını, belə xəstələrin müasir cərrahi üsullarla, şüa terapiyası və dərmanlarla müalicəsini həyata keçirir, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı elmi araşdırmalar aparırlar. Burada bütün müayinə-müalicə üsulları dünya standartlarına, Avropa, Amerika protokollarına uyğun həyata keçirilir”. O həmçinin bildirib ki, xəstələrin vaxtında müraciət etməsi çox önəmlidir. Əgər xəstəyə vaxtında diaqnoz qoyulsa, tələblərə tam riayət olunsa, onda müalicəni tam effektli aparmaq mümkündür”.
Konfransda İngiltərənin Oksford Universitetinin professoru Devid Kerr, ABŞ-ın Vaşinqton Universitetinin professoru, Amerika Kliniki Onkologiya Cəmiyyətinin icraçı vitse-prezidenti professor Culi Qralou, Türkiyənin Hacettepe Universitetinin professoru Şuayib Yalçın ölkə onkoloqlarını yubiley münasibətilə təbrik ediblər.
Konfrans öz işini Milli Onkologiya Mərkəzinin aparıcı mütəxəssislərinin, həmçinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton və Qərbi Virciniya Universitetlərinin, Filadelfiyanın Fox Chase Xərçəng Mərkəzinin, Veill Cornell Tibb Universitetinin, Böyük Britaniyanın Oksford Universitetinin, İtaliyanın Genuya Universitetinin, Türkiyənin Hacettepe Universitetinin professor və aparıcı mütəxəssislərinin Azərbaycanda onkologiyanın inkişafı, bədxassəli şişlərin müasir diaqnostikası və müalicəsi üzrə müxtəlif mövzularda məruzələri ilə davam etdirib. Toplantıda onkoloji xəstəliklərin ənənəvi müalicə metodlarına müxtəlif yanaşma konsepsiyaları ilə yanaşı, müasir diaqnostika və müalicə metodlarının müzakirələri böyük maraq doğurub. Onkologiyanın əsas istiqamətləri üzrə seksiyalarla işini davam etdirən konfransın “Bədxassəli şişlərin müalicəsi” bölümü Milli Onkologiya Mərkəzinin əməkdaşları Leylaxanım Məlikova, Elxan Kazımov, Samir Qurbanovun ABŞ və İtaliyadan olan həmkarları Mattro Lambertini və Aşis Saksena ilə apardıqları təcrübə mübadiləsi, elmi diskussiya xarakterli çıxışları ilə yadda qalıb.
Kolorektal xərçəng problemləri ilə bağlı Amerika Kliniki Onkologiya Cəmiyyəti ilə birgə keçirilən dinləmələrdə professor Devid Kerrin “Kolorektal xərçəngdə biomarkerlərin yolu”, professor Şuayib Yalçının “Erkən mərhələdə kolorektal xərçəngin dərman müalicəsi”, ABŞ-ın Fox Chase Xərçəng Mərkəzinin professoru Elin Siqurdsonun “Kolorektal xərçəngin cərrahi müalicəsi”, Qərbi Virciniya Universiteti Xərçəng İnstitutunun professoru Riçard Qoldberqin “Metastatik kolorektal xərçəngin müalicəsi” mövzularında çıxışları da alim və mütəxəssislərin marağına səbəb olub.шаблоны для dle 11.2





MAY

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova