ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub

Azərbaycan Tibb Universitetində (ATU) Data-analitika və Süni İntellekt Laboratoriyasının açılış mərasimi keçirilib.
Bu barədə ATU-dan verilən məlumatda bildirilir ki, mərasimdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli, səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Baş direktoru, akademik Rasim Əliquliyev, Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsəd-zadə, ATU-nun İctimai Nəzarət və Məsləhət Şurasının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, universitetin professor-müəllim heyəti və digər şəxslər iştirak ediblər.
Açılışdan əvvəl qonaqlar “Nar toxumu datanın, nar isə biliyin simvolu” olaraq, hər dənəsi bir datanı ifadə edən nar toxumlarını torpağa əkiblər.
Daha sonra çıxış edən rektor Gəray Gəraybəyli qlobal dünyada süni intellekt (Sİ) texnologiyalarının sürətlə bütün sahələrə nüfuz etdiyini, süni intellekt sistemlərinin müxtəlif sahələrdə tətbiqinin getdikcə aktuallaşdığını, eyni zamanda, bütün istiqamətlərdə olduğu kimi, müasir təbabətdə də artıq əsas transformasiya edici amillərdən birinə çevrildiyini bildirib.
Rektor dünya miqyasında gedən inkişaf tendensiyalarına uyğun olaraq, dövlətlərin qlobal rəqabət mühitində üstünlüklər əldə etməsinə birbaşa təkan verən süni intellekt ekosisteminin ölkəmizdə də inkişafı və gücləndirilməsinin dövlət siyasətinin prioritet xətlərindən biri kimi önə çıxdığını vurğulayıb. Məhz bu aspektləri əsas tutaraq, ali tibb təhsili və elmi araşdırmalar mühitində süni intellect yönümlü laboratoriyanın yaradılması da mövcud dövlət strateji xəttinin əsas prinsiplərinə dəstək verir.
Ölkədə süni intellektlə bağlı mövcud çağırışlardan və qarşıya qoyulan hədəflərdən söz açan səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov xüsusilə səhiyyə sistemində bu istiqamətdə atılan mühüm addımlar, həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. “2024-2028-ci illər üçün rəqəmsal səhiyyə üzrə Milli Strategiya” ilə müəyyənləşən vəzifələri xatırladan Rüfət Hacıəlibəyov bu sahədə vahid ekosistemin qurulması, səhiyyə sistemində proseslərin rəqəmsallaşdırılması, rəqəmsal idarəetmənin təkmilləşdirilməsi və s. kimi istiqamətlər üzrə konkret və mühüm layihələrin icrasını diqqətə çatdırıb. O, xüsusən Səhiyyə Nazirliyi tərəfindən yaxın günlərdə təqdim olunan vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanması və fasiləsiz mübadiləsini təmin edən “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin Azərbaycanı Qafqaz və Mərkəzi Asiya regionunda rəqəmsal səhiyyə sahəsində lider mövqeyə yüksəltdiyini də nəzərə çatdırıb.
Akademik Rasim Əliquliyev də çıxışında süni intellekti yalnız texnoloji yenilik deyil, həm də iqtisadi, hərbi və siyasi üstünlüyü müəyyən edən, müasir dövrdə artıq qlobal güc balansını dəyişən başlıca amil kimi dəyərləndirib. Bu transformasiyanın dövlətlər qarşısında mühüm vəzifələr müəyyənləşdirdiyini bildirən Rasim Əliquliyev Azərbaycanda da bu sahədə son illərdə atılan addımlar, xüsusən Sİ ekosisteminin formalaşdırılması, bu sistemlərin tətbiqi üzrə əlverişli infrastrukturun yaradılması, rəqəmsal xidmət sahələrinin müəyyən edilməsi və inkişafının xüsusi strateji əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Akademik rəqəmsal dövlət modelinin texnoloji, data və şəbəkə suverenliyi kimi fundamental arxitektur prinsiplərə əsaslanmasının vacibliyini diqqətə çatdıraraq, bu istiqamətdə dövlət idarəçiliyinin bütün səviyyələrində koordinasiyalı fəaliyyətin önəmini qeyd edib.
ATU-nun İctimai Nəzarət və Məsləhət Şurasının sədri, Milli Məclisin deputatı İlham Məmmədov da ölkəmizdə texnoloji yenilik və tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri olduğunu nəzərə çatdırıb. Azərbaycanda innovativ texnologiyaların və süni intellektin tətbiqinin 2025–2028-ci illəri əhatə edən Dövlət Strategiyası çərçivəsində genişləndiyini deyən millət vəkili “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın qəbulunu, eyni zamanda, rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradıldığını xatırladıb.
Daha sonra ATU-nun prorektoru Məlahət Sultan Data-analitika və Süni İntellekt Laboratoriyasının məqsədi, əhatə dairəsi, vacibliyi, həmçinin mərkəzin əsas vəzifələri haqqında təqdimatla çıxış edib.
Çıxışlardan sonra qonaqlar Data-analitika və Süni İntellekt Laboratoriyasına baxış keçiriblər.
ATU-nun Tibbi və bioloji fizika kafedrasının müdiri, Data-analitika və Süni İntellekt Laboratoriyasının rəhbəri İsmayıl Qafarov qonaqlara fəaliyyətə başlayan laboratoriya haqqında ətraflı məlumat verib.
Bildirilib ki, laboratoriyanın yaradılması elmi fəaliyyətin keyfiyyətinin artırılması, innovativ yanaşmaların tətbiqi və universitetdaxili elmi potensialın birləşdirilməsi, eyni zamanda, ATU-da elmi-tədqiqat və tədris fəaliyyətinin müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi, tibdə rəqəmsallaşma proseslərinin elmi əsaslarla dəstəklənməsi və innovativ yanaşmaların universitet mühitinə sistemli şəkildə inteqrasiyası baxımından əhəmiyyətlidir.
Sözügedən təşəbbüs tibbi və bioloji sahələrdə qarşıya çıxan mürəkkəb elmi problemlərin həllində süni intellekt, maşın öyrənməsi və data-analitika metodlarından istifadənin genişləndirilməsinə, elmi-tədqiqat potensialının gücləndirilməsinə və müasir tədqiqat mühitinin formalaşdırılmasına yönəlib. Laboratoriyanın yaradılması universitetin elmi fəaliyyətinin tətbiqyönümlülüyünün artırılmasına, elmi nəticələrin beynəlxalq elmi mühitdə tanınmasına və rəqəmsal tibbin inkişafına töhfə vermək məqsədi daşıyır.
Eyni zamanda, ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının fəaliyyəti universitetin uzunmüddətli inkişaf strategiyasına, elmi fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması və innovasiyayönümlü tədqiqat mühitinin formalaşdırılmasına xidmət edir.
Laboratoriyanın fəaliyyətində maşın öyrənməsi, dərin öyrənmə, biostatistika və bioinformatika metodlarının tətbiqi nəzərdə tutulur və bu metodların klinik məlumatlar, tibbi görüntülər və biomolekulyar verilənlər üzərində tətbiqi əsas istiqamət kimi müəyyənləşdirilir. Elmi tədqiqatlar həm fundamental, həm də tətbiqi xarakter daşıyacaq, əldə olunan nəticələrin tibbi praktikada istifadə imkanları prioritet olaraq qiymətləndiriləcək. Bu çərçivədə laboratoriyanın fəaliyyəti elmi əsaslı, metodoloji cəhətdən düzgün və beynəlxalq elmi standartlara uyğun tədqiqatların aparılmasına yönəldiləcək, eyni zamanda, universitet daxilində mövcud elmi istiqamətlərin süni intellekt texnologiyaları ilə inteqrasiyasını təmin edəcək.
Xəbəri paylaş









