Beynəlxalq Astma günü
Astma dünya səhiyyəsinin qlobal problemlərindən hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, Yer kürəsində bu xəstəlikdən təxminən 235 milyon insan əziyyət çəkir. Uşaqlarda nəfəs yollarının xroniki xəstəlikləri arasında ən geniş yayılmış patologiya məhz astmadır.
Dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb edərək, əhalini bu xəstəliyin ilkin əlamətləri və müalicə istiqamətləri haqqında daha geniş məlumatlandırmaq məqsədi ilə hər il may ayının ilk həftəsinin ikinci günü Beynəlxalq Astma günü kimi qeyd olunur. Bu il mayın 2-nə təsadüf edən Beynəlxalq Astma günündə, hər il olduğu kimi, dünyanın 80-dən çox ölkəsində bronxial astmanın müalicəsi və profilaktikası üzrə qlobal strategiya çərçivəsində, əhalinin maarifləndirilməsi məqsədilə müxtəlif tədbirlər təşkil olunub.
Beynəlxalq Astma günü münasibətilə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında mətbuat konfransı keçirilib.
Tədbirdə Səhiyyə Nazirliyinin allerqologiya üzrə baş mütəxəssisi, professor Cəbrayıl Məmmədov bu xəstəlik haqqında, onun yayılma şəraiti və profilaktikası barədə geniş məlumat verib.
Bildirilib ki, astmanın inkişafının ən başlıca risk faktorları allergenlərdir. Bundan əlavə, soyuq hava, həyəcan, əsəb, qorxu və s. də onun əmələgəlmə səbəblərindən ola bilər. Xəstəliyin yaranmasında genetik faktorlar çox böyük rol oynayır. Qeyd olunub ki, düzgün müalicə aparılmadıqda astma çox ciddi fəsadlarla nəticələnə bilər.
Mətbuat konfransında Azərbaycanda astma xəstəliyi ilə bağlı vəziyyət barədə məlumat verilib. Qeyd edilib ki, təxmini hesablamalara görə, ölkəmizdə xəstəliyə yoluxma faizi əhalinin 5-8 faizi civarındadır. Lakin ekologiyanın pozulması və genetik səbəblərdən xəstələrin sayı ilbəil arta bilər.
Astmanın yayılma arealına gəlincə, professor C.Məmmədov məlumat verib ki, Abşeron regionunda dənizə yaxınlaşdıqca onun yayılması və çoxalması üçün daha əlverişli mühit yaranır. Sonrakı yerdə Lənkəran-Astara zonası gəlir. Naxçıvanda da astma xəstələrinin sayı nisbətən çoxdur. Lakin dağlıq və dağətəyi rayonlarda onun əmələ gəlməsi üçün o qədər də münbit şərait yoxdur.
Baş allerqoloqun dediyinə görə, bronxial astmanın yayılmasının ən mühüm səbəblərindən biri məişət gənələridir: “Çox kiçik, mikroskopik ölçüdə olan həmin gənələr üçün yataq dəstində, yorğan-döşəkdə olan 37 dərəcə temperatur və rütubət münbit şərait yaradır. Ona görə də yaşayış şəraiti pis olanda, o cümlədən yataqxana və zirzəmidə məişət gənələrinin inkişaf etməsi və yayılması daha rahat olur, bu da astma xəstəliyinə gətirib çıxara bilər. Məişət gənələrinin ən çox qorxduğu günəş şüalarıdır. Ona görə biz xəstələrə həmişə günəş işığının daha çox düşdüyü otaqda yaşamağı məsləhət görürük. Otaqda səliqəsizlik, bir çox əşyaların üst-üstə yığılması da gənələrin inkişafına səbəb olur. Yastıq, yorğan və döşəyin tez-tez dəyişilməsi də vacib profilaktik şərtdir. Gənələr tükdən və yundan olan yataq dəstlərində artırlar. Onları sinteponla əvəz etmək də astmanın qarşısını almaq üçün gərəkli tədbirlərdir”.
Mətbuat konfransında professor C.Məmmədov xəstəliyin əlamətləri barədə danışarkən deyib: “Xəstələrin 70-80 faizində astma tutmalarından əvvəl burun axmaları başlayır. Təəssüf ki, bəzən həmin əlamətləri qripə oxşadır və dəyişik salırlar. Əslində isə, həmin əlamət astmaqabağı allergik rinitdir, onun əlamətləri yarananda xəstə otolarinqoloq yox, ilk növbədə, allerqoloq müayinəsindən keçməlidir. Allergen müəyyən edildikdə spesifik immunoterapiya vasitəsilə xəstəliyin qarşısını almaq mümkündür”.
Professor onu da qeyd edib ki, allergik rinit dövründə xəstəliyi sağaltmaq olar, lakin xroniki hala keçəndən sonra bunu etmək çox çətin olur: “Lakin bu heç də astmanın müalicəsiz olduğu kimi başa düşülməməlidir. Astma tam sağalmasa da, müalicəyə tabe olan xəstəlikdir. Düzgün həkim müalicəsi alanda xəstəlik heç də qorxulu deyil və ona yoluxanlar uzun ömür sürə bilərlər.”
Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara cavablar da verilib.
Qeyd edək ki, Beynəlxalq Astma gününün yaranma tarixi 1993-cü ildə ABŞ-ın Milli Ürək, Ağciyər və Qan İnstitutu, Milli Sağlamlıq İnstitutu və Dünya Sağlamlıq Mərkəzi tərəfindən “Bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası”nı müəyyənləşdirən işçi qrupun formalaşdırılması ilə bağlıdır. 1998-ci ildə dünya mütəxəssislərinin Barselonada keçirilən, astma problemlərinə həsr olunmuş ilk görüşündə isə Beynəlxalq Astma gününün təsis edilməsi 35 ölkə tərəfindən dəstəklənib.