25 may Ümumdünya Qalxanabənzər Vəzi günüdür

25 may Ümumdünya Qalxanabənzər Vəzi günüdür

2009-cu ildən etibarən mayın 25-i bütün dünyada Ümumdünya Qalxanabənzər Vəzi günü kimi qeyd edilir. Bu günün təsis olunma təşəbbüsü qalxanabənzər vəzini və onun problemlərini öyrənən Avropa Tiroid Assosiasiyası tərəfindən, alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini bu orqanın problemlərinə cəlb etmək məqsədi ilə irəli sürülüb.
2013-cü ildən Ümumdünya Qalxanabənzər Vəzi günü Azərbaycanda da qeyd olunmağa başlayıb. Hər il bu münasibətlə təşkil edilən müxtəlif tədbirlər və aksiyalar “hormonal sistemin dirijoru” adlandırılan və bütün orqanizmin fəaliyyətinə təsir göstərən bu orqanın problemlərinə diqqət çəkmək və əhalini maarifləndirmək məqsədi daşıyır.
Bu il də Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Ümumdünya Qalxanabənzər Vəzi gününə həsr olunmuş tədbir keçirilib.
Toplantıda Səhiyyə Nazirliyi Respublika Endokrinoloji Mərkəzinin (REM) direktor müavini Babək Salek “2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” sayəsində ölkəmizdə endokrinoloji xidmətin inkişaf etdiyini, bölgələrdə endokrinoloji kabinələr şəbəkəsinin əhaliyə xidmət göstərdiyini, həmçinin REM tərəfindən illik plan üzrə müxtəlif şəhər və rayonlarda müayinə, məsləhət və profilaktika işlərinin aparıldığını söyləyib. O, Azərbaycanda qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkən insanların müayinə və müalicəsi məqsədi ilə davamlı addımlar atıldığını qeyd edib. Bildirib ki, hazırda ölkə üzrə son statistik göstəricilərə əsasən, əhalinin 16 986 nəfəri qalxanvarı vəzi xəstəlikləri diaqnozu ilə REM-də qeydiyyatdadır. Bunlardan 3 251-i diffuz ur, 2 730-u düyünlü ur, 5 443-ü tireotoksikoz, 3 363-ü hipertireoz, 1 060-ı tireoiditdən əziyyət çəkir. Qalxanabənzər vəzinin yenitörəməsi hallarına isə 53 nəfərdə rast gəlinib. Bu rəqəmlərin yalnız qeydiyyatda olan xəstələrlə bağlı göstəricilər olduğunu deyən B.Salek qeyd edib ki, əslində, ölkədə bu problemlə üzləşənlərin sayı dəfələrlə çoxdur.
Direktor müavini bildirib ki, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Qanun qüvvəyə mindikdən sonra Azərbaycanda bu xəstəliklərlə əlaqədar göstəricilər yaxşılaşıb, yodlaşdırılmış duzun istifadəsi sayəsində endemik urun sayı azalıb. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünya əhalisinin 1,5 milyardının yod defisitinə məruz qaldığını söyləyən REM rəsmisi qeyd edib ki, ölkəmizin bəzi bölgələrində də bu problem yaşanmaqdadır. B.Salek yod defisiti səbəbindən əmələ gələn xəstəliklərin oftalmoloji, qastroenteroloji, nevroloji, ginekoloji, kardioloji və bir sıra digər problemlərin də yaranmasına səbəb olduğunu, onların müalicəsi zamanı həkimlərin birgə iş aparmasının vacibliyini vurğulayıb.
Respublika Klinik Xəstəxanasının cərrahı Elmir Əsgərov tireoid əməliyyatlar, onların növləri və fəsadları barədə məlumat verib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova