Azərbaycanda növbəti Avropa İmmunlaşdırma Həftəsinə start verilib
Böyüməkdə olan nəslin sağlamlığının qorunması, infeksion xəstəliklərə qarşı mübarizə məsələləri dövlətimizin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindəndir. Bu işdə immunoprofilaktika tədbirləri böyük əhəmiyyət daşıyır. Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində (RGEM) Azərbaycanda növbəti Avropa İmmunlaşdırma Həftəsinə başlanması münasibətilə keçirilən mətbuat konfransında söhbət açılıb.
Toplantıda RGEM-in direktor müavini Afaq Əliyeva bildirib ki, immunlaşdırma səhiyyə sahəsində ən uğurlu və iqtisadi baxımdan səmərəli tədbirlərdən biridir. Son illərdə ölkəmizdə infeksion xəstəliklərin profilaktikası və onlara qarşı mübarizəsi üzrə həyata keçirilən genişmiqyaslı və səmərəli tədbirlər sayəsində davamlı epidemioloji sabitliyin təmin olunduğunu deyən A.Əliyeva qeyd edib ki, indi Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da 11 infeksion xəstəlik – qızılca, məxmərək, parotit, difteriya, göyöskürək, tetanus və s. xəstəliklər əleyhinə planlı şəkildə peyvəndləşdirmə tədbirləri aparılır və bu, ölkə üzrə bütün uşaqların 95-97 faizini əhatə edir. Peyvənd təqviminə B hepatiti və pnevmokokk əleyhinə vaksinasiyanın daxil edildiyini və uğurla aparıldığını söyləyən direktor müavini immunoprofilaktika tədbirləri, bu sahədə işlərin daim təkmilləşdirilməsi sayəsində ölkəmizdə infeksion xəstəliklərə tutulma hallarının azaldılması istiqamətində sabit dinamikanın əldə edildiyini vurğulayıb. Xatırladıb ki, ÜST Azərbaycana poliomielitin kökünün kəsildiyi region kimi sertifikat verib. 2016-cı ilin aprel ayından etibarən ölkəmizin bütün şəhər və rayonlarında üçvalentli OPV vaksinindən istifadə dayandırılıb, onun əvəzinə ikivalentli vaksin tətbiqinə başlanıb.
RGEM direktorunun müavini vurğulayıb ki, indi regionlarda peyvəndlərdən kütləvi imtina edilməsi halları müşahidə olunmur: “Bəzən internetdə peyvəndlər barədə neqativ informasiyaya rast gələn valideynlər öz uşaqlarının vaksinləşdirilməsindən imtina edirlər ki, belə hallar da adətən Bakıda baş verir. Lakin bütövlükdə, belə faktların sayı çox aşağı faiz təşkil edir”.
Tədbirdə qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 2006-cı ildən Avropa regionunda keçirilən, dünya əhalisini münasib qiymətə zəruri vaksinlərlə təmin etməyə yönəlmiş immunlaşdırma həftəsi kampaniyasına Azərbaycan 2007-ci ildən qoşulub. Avropa İmmunlaşdırma Həftəsinin devizi “Önləmək. Qorumaq. Peyvənd etmək” şüarıdır. Bu kampaniyanın təbliğ etdiyi əsas ideyanın mahiyyəti ondan ibarətdir ki, hər bir uşağın immunlaşdırılması xəstəliklərin profilaktikası və həyatın qorunması üçün çox böyük əhəmiyyət kəsb edir. Aksiyanın məqsədi valideynləri, səhiyyə işçilərini, səhiyyə siyasətinin formalaşması və müvafiq qərarlar qəbul edilməsi üçün məsul şəxsləri, habelə KİV-ləri immunlaşdırmanın vacibliyi barədə məlumatlandırmaq, bu yolla vaksinləşdirmə tədbirlərinin əhatə dairəsini genişləndirməkdir.