Dağınıq sklerozun neyroradioloji diaqnostikası məsələləri müzakirə olunub
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Dağınıq sklerozun diaqnostikasında radioloqların rolu” mövzusunda dəyirmi masa keçirilib. İnstitutun Nevrologiya kafedrasının müdiri, professor Rəna Şirəliyevanın rəhbərliyi ilə keçirilən tədbirdə paytaxtın dövlət səhiyyə müəssisələrində çalışan həkim-radioloqlar iştirak ediblər.
Dəyirmi masada qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” əsasən gənc yaşlarda başlayan, proqressiv artan və müalicə edilməzsə, ağır əlilliyə səbəb ola bilən bu xəstəliklə mübarizədə mühüm rol oynayıb. Bu Dövlət Proqramının sayəsində belə xəstələrin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin həcmi artıb, onların həyat keyfiyyəti yüksəlib, inyeksiya vasitələri və dərman preparatları, o cümlədən yüksək effektli preparatlarla təminatı yaxşılaşıb. Dövlət Proqramı fəaliyyətə başlayandan 1300-dən artıq xəstə müayinə edilib, onların 1100-dən çoxunda dağınıq skleroz diaqnozu təsdiqlənib. Səhiyyə Nazirliyinin dəstəyi ilə həmin xəstələrin sayına görə zəruri olan dərman preparatları alınıb və onlar davamlı olaraq bu preparatlarla təmin olunurlar.
Tədbirdə dağınıq skleroz xəstəliyinin diaqnostikasında radioloqların rolu və vəzifələri müzakirə edilib, bu xəstəliyin diaqnostik meyarları barədə məlumatlar verilib. Qeyd olunub ki, xəstəliyin diferensial diaqnostikasında radioloji metodların xüsusi yeri var. Aparılan diskussiyalar zamanı iştirakçıların dağınıq sklerozun diaqnostikası barədə fikirləri dinlənilib. Tədbirin sonunda Dövlət Proqramının icrasının səmərəliliyini artırmaq üçün tədbirlər planı qəbul olunub.