Hematologiya və Transfuziologiya İnstitutu 2016-cı ilin yekunlarını açıqladı

Hematologiya və Transfuziologiya İnstitutu 2016-cı ilin yekunlarını açıqladı

2016-cı ildə B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna (ETHTİ) 12 628 vətəndaş müraciət edib. Bunlardan 4 519-u ilkin müraciətlər olub. 2015-ci ildə isə bu rəqəm 4 036 olmuşdu. Hazırda müəssisədə 27 523 xəstə dispanser qeydiyyatdadır. 2015-ci illə müqayisədə (23 962 nəfər) bu göstərici də artıb. Keçən il 460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkar olunub, onların 327 nəfərində kəskin leykoz müəyyən edilib.
Bu rəqəmlər ETHTİ-də keçirilmiş, ötən ilin yekunlarına həsr olunmuş hesabat xarakterli tədbirdə səsləndirilib.
Toplantıda İnstitutun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib ki, ölkəmizdə hematologiya və transfuziologiya sahəsi üzrə baş müəssisə olan ETHTİ 1943-cü ildən fəaliyyət göstərir. Hazırda İnstitut 3 hissədən ibarətdir: Klinika, Mərkəzi Qan Bankı və Elm bölməsi. Öz növbəsində, Klinikanın tərkibinə böyüklər üçün 2 Hematoloji şöbə, Uşaq hematologiyası şöbəsi, Reanimasiya və intensiv terapiya şöbəsi, Klinik-diaqnostik laboratoriya və Talassemiyanın profilaktikası şöbəsi daxildir.
ETHTİ-nin direktoru bildirib ki, son zamanlar dünyada leykoz xəstəliyinin diaqnostikasında və müalicəsində köklü irəliləyişlər müşahidə edilir. Bu, ilk növbədə, leykozların molekulyar-genetik diaqnostika üsullarının tətbiqi və leykozların müxtəlif növlərinin hədəf terapiyası üsullarının işlənib hazırlanması sayəsində mümkün olub. Z.Əlimirzəyeva vurğulayıb ki, hazırda Azərbaycanda da bu xəstəliyin diaqnostikası beynəlxalq standartlara uyğun aparılır. Leykoza gətirib çıxaran pozulmaların həm hüceyrə (sitokimyəvi), həm xromosom (sitogenetik), həm də gen səviyyəsində (polimeraz zəncirvari reaksiya) müəyyənləşdirilməsi təcrübədə tətbiq edilir.
Mərkəzi Qan Bankıının (MQB) fəaliyyətindən danışan natiq deyib ki, qan xidməti tibb müəssisələrini qan və qan komponentləri ilə təmin edən səhiyyə sahəsidir, onun dinamik inkişafı olmadan cərrahiyyə, reanimasiya, doğuşayardım, hematologiya, onkologiya, travmatologiya və sair kimi sahələrdə ixtisaslaşdırılmış tibbi yardımın həyata keçirilməsi mümkün deyil. Qan xidmətinin əhəmiyyəti fövqəladə vəziyyətlər zamanı xüsusilə artır.
Son zamanlar Səhiyyə Nazirliyi tərəfindən qan xidməti və donorluq sahəsində köklü islahatların aparıldığını söyləyən Z.Əlimirzəyeva qan xidməti müəssisələri şəbəkəsinin optimallaşdırıldığını, fəaliyyətinin təkmilləşdirildiyini xatırladıb: “Qan tədarük edən müəssisələrin sayının azaldılması donorların səmərəli istifadəsinə, qanın infeksiyalara yoxlanılmasının yaxşılaşdırılmasına imkan yaradıb. Qan xidməti müəssisələrinin ən müasir avadanlıqlarla təmin edilməsi komponent donorluğunun inkişafına, qanın infeksiyalara yoxlanılması üçün immunoferment üsuluna əlavə olaraq, qanda virusu bilavasitə aşkar edən polimeraz zəncirvari reaksiya üsüllarının tətbiqinə yol açıb. Transfuziyadan sonrakı immunoloji ağırlaşmaların qarşısını almaq məqsədilə MQB-da donor və resipiyentin uyğunluğunu təmin etmək üçün çarpaz reaksiya (kross-matç) aparılır”.
Direktor donorluğun təbliği sahəsində istifadə edilən müasir üsüllardan danışıb, görülmüş işlər nəticəsində donorların sayının, tədarük edilmiş qan və onun komponentlərinin miqdarının ilbəil artdığını söyləyib.
İnstitutun Elm bölməsində aparılan elmi tədqiqatlar barədə məlumat verərkən Z.Əlimirzəyeva bildirib ki, burada ölkəmizdə hemoblastozlar və hemoqlobinopatiyalar, həmçinin Azərbaycanda əhaliyə göstərilən transfuzioloji xidmətin təkmilləşdirilməsi istiqamətləri üzrə elmi tədqiqat işləri həyata keçirilib. 2016-cı ildə “Azərbaycanda qanköçürmənin tarixi” adlı monoqrafiya, 2 metodik vəsait, 1 kitabça, 19 məqalə və tezis çap olunub.
Tədbirdə Səhiyyə Nazirliyinin hematologiya üzrə baş mütəxəssisi Çingiz Əsədov çıxış edərək bildirib ki, müasir təbabətin ən aktual problemlərindən biri olan qanın bədxassəli xəstəlikləri dünyada bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10 faizini təşkil edir. Uşaq və gənc yaşlarında qanın bədxassəli xəstəliklərindən ölüm hallarının 50 faizə yaxın olması narahatlıq doğurur.
Azərbaycanda 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır. Bu xəstəliklər 15 yaşa qədər uşaqlar arasında ölümün əsas səbəblərindən biridir.
Ötən il Nazirlər Kabineti tərəfindən “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”nın təsdiq edildiyini diqqətə çatdıran Ç.Əsədov bildirib ki, bu proqram qanın bədxassəli xəstəliklərinin diaqnostikasının və müalicəsinin müasir səviyyəyə çatdırılmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına yönəlib.
Baş hematoloq qeyd edib ki, ölkəmizdə talassemiya ilə mübarizəyə dair dövlət proqramlarının həyata keçirilməsi nəticəsində belə xəstələrin müalicəsi indi müasir səviyyədə aparılır. Xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına olan ehtiyacı tam ödənir. Artıq talassemiyanın radikal müalicə üsulu olan ilik transplantasiyası əməliyyatları da yerinə yetirilir. Görülən tədbirlər talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına gətirib çıxarmışdır.
Ç.Əsədov bildirib ki, hazırda əhali arasında talassemiyanın profilaktikası istiqamətində də kompleks tədbirlər aparılır. Nikaha daxil olmaq istəyən şəxslər bu məqsədlə icbari tibbi müayinədən keçirilir. Onlar talassemiya ilə yanaşı, həm də İİV və sifilisə görə də yoxlanırlar.
Baş mütəxəssis məlumat verib ki, 2016-ci ildə nikahqabağı tibbi müayinədən 143 694 nəfər keçib. Onlardan 4 649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis və 109 nəfərdə İİV infeksiyası təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan çütlüklərin sayı 42 olub.
Ümumilikdə, 2016-cı ildə ETHTİ-də 522 639 (2015-ci ildə 505 048) laborator müayinə aparılıb. Buraya hematoloji, sitoloji, biokimyəvi, immunoloji və molekulyar-genetik müayinələr daxildir.
Toplantıda çıxış edən B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının direktor müavini Namirə Abbasova ölkəmizdə qan tədarükü sahəsində vəziyyətdən danışıb. O qeyd edib ki, son illər Azərbaycanda qan bağışlamaq istəyənlərin sayında xeyli artım var: “Əgər 2010-cu ildə ölkə üzrə 46 530 nəfər donorluq edərək qan vermişdisə, sonrakı illərdə bu rəqəm xeyli artaraq 76 mini ötüb. Bunun təxminən 54,5 faizi Mərkəzi Qan Bankının donorlarının payına düşür”.
Bildirilib ki, 2016-cı ildə donor sayı MQB üzrə 44 393 nəfər, ölkə üzrə 11 ay ərzində 76 692 nəfər olub, 36 368,9 litr qan tədarük edilib. Təkcə Aşura günündə 4 141 nəfər qan verib, 1 863,8 litr qan tədarük olunub.
N.Abbasova vurğulayıb ki, donor sayının çoxalması, qan və qan komponentləri tədarükünün artması daha çox xəstəyə yardım etməyə imkan yaradıb.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova