Unudulmaz insan, dəyərli mütəxəssis

Unudulmaz insan, dəyərli mütəxəssis

Görkəmli şəxsiyyət, tanınmış həkim, professor, həqiqi dost Teymur Babayevin sıralarımızı tərk etməsindən bir neçə ay ötür. O, insanları və insanlığı, elmi və elmli şəxsləri sevən, məğrur, demokratik ruhlu ziyalı idi. Bu cür ziyalıları, onların keçdiyi şərəfli ömür yolunu, irsini unutmaq mümkün deyil.
Öz arzusunu reallaşdırmaq üçün N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (ADTİ) Stomatologiya fakültəsinə daxil olan Teymur Babayev hələ tələbəlik illərində təhsildə müvəffəqiyyətlərlə bərabər, daim tələbə elmi cəmiyyətində, tədbirlərdə, ictimai işlərdə fəal iştirak edib.
Ali təhsilini başa vurduqdan sonra təyinatla 3 il Sabirabad rayonunun Quruzma kəndində çalışan gənc həkim Səhiyyə Nazirliyinin əmri ilə peşə fəaliyyətini Bakıda, 1 saylı Şəhər Klinik Xəstəxanasının Üz-çənə şöbəsində davam etdirir. Burada T.Babayev klinikanın nəzdində fəaliyyət göstərən ADTİ-nin Üz-çənə kafedrasının professoru, Əməkdar elm xadimi Gülbala Qurbanovun rəhbərliyi altında namizədlik dissertasiyası üzərində çalışır və 1969-cu ildə onu Moskvada uğurla müdafiə edərək tibb elmləri namizədi olur.
Bakıya qayıdan T.Babayev Bakı şəhər 4 saylı Stomatoloji Poliklinikasında cərrah işləyir, sonra isə ADTİ-nin Cərrahiyyə stomatologiya kafedrasının assistenti, dosenti vəzifələrinə seçilir.
Teymur müəllimin həyatının növbəti mərhələsi Moskva şəhərindəki M.F.Vladimirski adına Elmi Tədqiqat Klinik İnstitutu ilə bağlıdır. 1981-ci ildə Səhiyyə Nazirliyi tərəfindən həmin instituta doktoranturaya göndərilən alim burada anadangəlmə və qazanılmış defektlərin aradan qaldırılması ilə məşğul olur, özünün yeni cərrahiyyə metodlarını nümayiş etdirir və buna görə “SSRİ-nin Əməkdar ixtiraçısı” adına layiq görülür. 1986-cı ildə doktoranturada təhsilini başa çatdıraraq doğma Vətənə qayıdan T.Babayev kafedradakı fəaliyyətini davam etdirir və tezliklə kafedra müdiri vəzifəsinə seçilir. 1988-ci ildə isə Moskva Tibbi Stomatologiya İnstitutunda doktorluq dissertasiyasını uğurla müdafıə edərək, tibb elmləri doktoru alimlik dərəcəsi alır.
1991-1994-cü illərdə Qarabağ uğrunda döyüşlərdə üz-çənə nahiyəsindən yaralanan 300-ə qədər əsgər və zabit Mərkəzi Hərbi Hospitalda müvafiq şöbə olmadığına görə Səhiyyə Nazirliyinin əmri ilə 1 saylı Şəhər Klinik Xəstəxanasının Üz-çənə cərrahiyyəsi şöbəsində müalicə olunur. Teymur Babayev və şöbənin digər mütəxəssisləri bu böyük imtahandan da uğurla keçirlər.
Müstəqil Azərbaycanda tibb elminin inkişafına öz töhfəsini vermiş dəyərli alim 10 nəfər tibb elmləri namizədi, 1 nəfər elmlər doktoru hazırlayıb. O, 2000-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Mən əminəm ki, gözəl və dəyərli mütəxəssis, şəxsiyyət Teymur Babayevi tanıyan insanlar onu həmişə xoş xatirələrlə yad edəcəklər!

Fərman Həsənov
ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti,
tibb üzrə fəlsəfə doktoru







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova