Səhiyyə naziri Şirvanda partlayışda xəsarət alanlara baş çəkib
İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar yerli tibb müəssisələri səfərbər olunub. Əlavə olaraq, hadisə yerinə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən 5 həkim briqadası göndərilib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tibb işçiləri hadisə nəticəsində zərərçəkənlərə yerində zəruri tibbi yardım göstəriblər. Partlayışda xəsarət alan 24 nəfər şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Onlardan 14-nə ambulator tibbi yardım göstərilib və evə buraxılıb. Doqquz nəfərin isə müalicəsi xəstəxanada davam etdirilib. Bir nəfər zərərçəkən əməliyyat olunmaq üçün Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilib. Hadisə nəticəsində ölən olmayıb.
Mətbuat xidmətindən o da bildirildi ki, səhiyyə naziri Oqtay Şirəliyev partlayışda xəsarət alanlara tibb yardım göstərilməsini şəxsi nəzarətinə götürüb. Hadisədən dərhal sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gələn nazir yaralıların vəziyyəti ilə maraqlanıb, onlara tibbi yardım göstərilməsinin təşkili ilə bağlı tibb personalına tapşırıqlarını verib.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərovdan aldığımız məlumata görə, hospitalizasiya olunan 9 nəfərdən 7-sinin vəziyyəti yaxşılaşıb və onlar evə yazılıblar. Müalicəsi Şirvan ŞMX-da davam edən iki nəfərin, eləcə də Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əməliyyat olunan xəstənin vəziyyəti isə hazırda normaldır. Baş həkim yaralılara zəruri tibbi yardımın mütəxəssislər tərəfindən yüksək səviyyədə göstərildiyini dedi, həmçinin bildirdi ki, ambulator müalicə olunanlara nəzarət bu gün də davam etdirilir.
Ü.FƏRZƏLİYEVA