Azərbaycanda qripə qarşı vaksinasiyaya başlanılıb

Hər il payız-qış aylarında havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən mövsümi qripin yayılma riskinin artması müşahidə olunur.
Əhali arasında qrip və digər respirator infeksiyaların yayılmasının qarşısının alınması, bu sahədə profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən bu il də ölkəyə qripə qarşı vaksinlər gətirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə nazirinin “2026–2027-ci ilin payız-qış mövsümündə respublikada kəskin respirator xəstəliklərə qarşı əksepidemik tədbirlərin gücləndirilməsi və qripə qarşı vaksinasiya kampaniyasının keçirilməsi barədə” əmrinə əsasən, oktyabrın 21-dən mövsümi qripə qarşı vaksinasiyaya başlanılıb.
Qrip infeksiyasının ağırlaşmaları baxımından daha yüksək risk qrupuna daxil olan şəxslərə, xüsusilə səhiyyə işçilərinə, hamilə qadınlara, eləcə də 6 aylıqdan yuxarı, xroniki tənəffüs sistemi xəstəlikləri olan şəxslərə qripə qarşı peyvənd olunmaq tövsiyə edilir.
Mövsümi qripə qarşı vaksinasiya xəstəlikdən qorunmanın və onun mümkün ağırlaşmalarının qarşısının alınmasının əsas profilaktik vasitələrindən biridir.
Səhiyyə Nazirliyi əhalini mövsümi qripə qarşı profilaktik tədbirlərə əməl etməyə, o cümlədən vaksinasiya prosesində fəal iştirak etməyə çağırır.
Məlumatda bildirilir ki, qripə qarşı vaksinasiya ödənişsiz həyata keçirilir və vətəndaşların yaşayış və ya iş yeri üzrə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, Bakı və Sumqayıt şəhərlərində dövlət tibb müəssisələri vaksinlərlə təmin olunub və artıq peyvəndlənməyə başlanılıb. Regionlarda isə vaksinlərin tibb müəssisələrinə çatdırılması mərhələli şəkildə davam edir. Ətraflı məlumatı ailə həkimlərindən almaq mümkündür.
Bildirilib ki, bu il Niderland istehsalı olan “Influvac Tetra” dördlü qrip vaksini istifadə olunur. Peyvənd qripə yoluxma riskini, xəstəliyin ağır keçməsi və hospitalizasiya ehtimalını azaltmağa kömək edir.
Peyvəndlənmə xüsusilə risk qrupunda olanlara – 6 aydan yuxarı uşaqlara, 65 yaşdan yuxarı şəxslərə, xroniki xəstəliyi və immun sistemi zəifliyi olanlara, hamilə qadınlara və tibb işçilərinə tövsiyə edilir.
Qripə qarşı vaksinasiya könüllüdür. Peyvənd olunmaq istəyənlər ərazi üzrə ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
Həmçinin bildirilib ki, Bakıda peyvəndləmə aşağıdakı tibb müəssisələrində həyata keçirilir:
Səbail rayonu üzrə: 1, 2, 33, 34 nömrəli Şəhər Poliklinikaları, 15 nömrəli Uşaq Poliklinikası;
Nəsimi rayonu üzrə: 5 və 20 nömrəli Şəhər Poliklinikaları, 1, 3 və 12 nömrəli Uşaq Poliklinikaları;
Yasamal rayonu üzrə: 3, 16, 19 və 39 nömrəli Şəhər Poliklinikaları, 5 nömrəli Uşaq Poliklinikası;
Binəqədi rayonu üzrə: 1 nömrəli Birləşmiş Şəhər Poliklinikası, 10 və 35 nömrəli Şəhər Poliklinikaları, 11 və 20 nömrəli Uşaq Poliklinikaları, Xocasən Sağlamlıq Mərkəzi;
Nərimanov rayonu üzrə: 4 və 37 nömrəli Şəhər Poliklinikaları, 7 və 14 nömrəli Uşaq Poliklinikaları;
Nizami rayonu üzrə: 26, 44 və 46 nömrəli Şəhər Poliklinikaları, 17 və 19 nömrəli Uşaq Poliklinikaları;
Xəzər rayonu üzrə: 1 və 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanaları, 45 nömrəli Şəhər Poliklinikası, Zirə Sağlamlıq Mərkəzi;
Sabunçu rayonu üzrə: Nardaran, Bilgəh və Kürdəxanı Sağlamlıq Mərkəzləri, 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 11, 12, 21, 22 və 36 nömrəli Şəhər Poliklinikaları, 18 nömrəli Uşaq Poliklinikası;
Xətai rayonu üzrə: 6, 7, 14, 28 və 38 nömrəli Şəhər Poliklinikaları, 2, 4, 8 və 9 nömrəli Uşaq Poliklinikaları, Zığ Sağlamlıq Mərkəzi;
Suraxanı rayonu üzrə: Suraxanı və Hövsan Sağlamlıq Mərkəzləri, 23, 24, 42 və 43 nömrəli Şəhər Poliklinikaları, 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanası, 16 nömrəli Uşaq Poliklinikası;
Qaradağ rayonu üzrə: 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 13, 32 və 41 nömrəli Şəhər Poliklinikaları.
Sumqayıt şəhərində isə peyvəndləmə 1, 2, 3, 4, 5, 6 və 7 nömrəli Ailə Sağlamlıq Mərkəzlərində həyata keçirilir.
Xəbəri paylaş








