Azərbaycan Avropada məxmərək və qızılcaya qalib gələn ilk ölkələrdəndir
Azərbaycan Avropanın 53 ölkəsi arasında qızılca və məxmərək xəstəliklərinin hər ikisinin eliminasiyasına nail olan ilk 10 ölkədən biridir. Bu nəticəyə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun müstəqil ekspertləri son bir neçə ildə bütün Avropa ölkələrində, o cümlədən Azərbaycanda bu sahədəki vəziyyəti araşdırdıqdan sonra gəliblər.
Bu barədə bizə K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, professor Nəsib Quliyev məlumat verdi.
Baş pediatr bununla bağlı ÜST Avropa Regional Bürosunun rəhbəri Jujanna Yakab tərəfindən Səhiyyə Nazirliyinə xüsusi məktub ünvanlandırıldığını bildirdi. Jujanna Yakab öz məktubunda Azərbaycanda qızılca və məxmərəyin eliminasiyasını ölkəmizdə ictimai səhiyyə sahəsində böyük nailiyyət adlandırıb və bu qələbədə zəhməti olan hər kəsi təbrik edib.
Müsahibimiz xüsusi vurğuladı ki, bu infeksiyalar üzərində qələbədə ilk onluğa düşmək ölkə səhiyyəsi üçün mühüm hadisədir və vaksinasiya ilə qarşısı alına bilən xəstəliklərlə mübarizədə Azərbaycanda ciddi uğurlar qazanılmasının göstəricisidir. Xüsusilə Avropa ölkələrində uzun illər bu sahədə stabil inkişaf getdiyini, bisdə isə yaxın keçmişdə epidemioloji vəziyyətin ağır olduğunu nəzərə aldıqda, bu nailiyyətin əhəmiyyəti daha da artır.
İnstitutun direktoru xatırlatdı ki, 2005-ci ildən ölkəmizdə immunoprofilaktika sahəsində genişmiqyaslı işlər, silsilə tədbirlər həyata keçirilməyə başlanıb. O cümlədən bununla bağlı dövlət proqramları qəbul edilib və uğurla icra olunur. Uşaq əhalisi arasında vaksinasiya işinin mütəşəkkil aparılması və peyvəndlə əhatə olunma göstəricisinin yüksək səviyyəyə çatdırılması da belə bir müvəffəqiyyətin qazanılmasında mühüm rol oynayıb.
Nəsib Quliyev onu da bildirdi ki, Avropada qızılca və məxmərəyin eliminasiyası bir məqsəd kimi qarşıya qoyulub, ancaq hələ heç də bütün ölkələrdə bu məqsədə çatmaq mümkün olmayıb. Bir çox ölkələrdə bu xəstəliklərdən yalnız biri ləğv edilib. Amma Azərbaycanda hər iki xəstəlik əvvəlcə epizodik hadisələr səviyyəsinə salınıb və nəhayət, onların ölkə çərçivəsində tamamilə ləğvinə nail olunub.