“Açıq qapı” aylığı çərçivəsində 6780 nəfər müayinə olundu
Heriatriya sahəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə sentyabrın 15-dən oktyabrın 15-dək “Sağlamlıq sahəsi” poliklinikasında “Açıq qapi” aylığı keçirilib. Bir ay ərzində şəhər üzrə ambulator-poliklinik tibbi xidmət göstərən tibb müəssisələrinə ixtisaslaşmış tibbi müayinədən keçmək üçün 4942 ahıl müraciət edib. Onlardan 565 nəfəri heriatrik müalicə kursu almaq məqsədilə “Sağlamlıq sahəsi”nə göndərilib.
Aylıq çərçivəsində ümumilikdə 6780 gəliş qeydə alınıb. Müraciət edən bütün pasiyentlərə həkim-heriatrların müayinəsi, laborator analizlər, elektrokardioqramma, ultrasəs müayinəsi, dar ixtisas həkimlərinin konsultasiyaları aparılıb. Ahıl şəxslərin 20 nəfəri stasionar müalicəyə göndərilib.
Aksiyanın tədbirlərindən biri kimi, Respublika Veteranlar Şurasının 50 üzvü heriatr və dar ixtisas həkimlərindən ibarət həkim briqadası tərəfindən müayinədən keçirilib. Həmçinin Bilgəhdə yerləşən «Qocalar evi»nin 112 sakininin tibbi müayinəsi təşkil olunub, onlar ildə iki dəfə müayinə edilmək və ixtisaslaşmış heriatrik tibbi xidmət almaq məqsədi ilə dispanser qeydiyyata götürülüblər.
Aylıq çərçivəsində daha bir tədbir Ombudsman Aparatı “Ahıllar üçün Resurs Mərkəzi”nin üzvləri üçün təşkil edilib. Mərkəzin 37 üzvü müayinədən keçirilib, onlara müalicə-reabilitasiya tədbirləri təyin edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunun Uzunömürlülər laboratoriyası ilə yaşlı şəxslərdə qocalma mexanizminin öyrənilməsi, ahıl yaşda rast gəlinən xəstəliklərin tədqiqi ilə əlaqədar bağlanmış müqavilə çərçivəsində poliklinikada herontologiyanın aktual problemlərinə dair seminar keçirilib.
Tibbi müayinələrin nəticələrinin təhlili göstərib ki, müayinədən keçən heriatrik yaş qrupundan olan xəstələrin 60%-ni 60-74 yaş qrupu, 39%-ni 74-90 yaş qrupu təşkil edib. Araşdırmaların nəticəsi göstərir ki, heriatrik yaş qrupundan olan, xüsusən 60-74 yaş və daha yuxarı yaşlı pasiyentlərin vaxtında müayinə olunması, dispanser qeydiyyata götürülməsi, aşkara çıxan xəstəliklərin müalicəsinin təşkili, həmçinin ahılların sağlam həyat tərzi, sistematik bədən tərbiyəsi ilə məşğul olması, rasional qidalanma və orqanizmin möhkəmləndirilməsi istiqamətində aparılan işlər bu qrup əhali arasında əlilliyin və ölüm hallarının azalmasına, ömrün uzadılmasına, aktiv uzunömürlülüyə nail olmağa yardım edir.