Ötən il 38 İİV/QİÇS-li qadın sağlam uşaq dünyaya gətirib
Azərbaycanda bu günə kimi İİV/QİÇS daşıyıcısı olan analardan 292 uşaq doğulub. Onlardan 29-u hamiləlik dövründə ananın QİÇS-ə qarşı müalicə almadığına görə İİV infeksiyası ilə dünyaya gəlib.
Bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin yaydığı məlumatda bildirilir ki, virusun anadan övladına ötürülməsinin qarşısını almaq üçün müəyyən şərtlərə əməl olunmalıdır. Məhz bu qaydalara riayət edilməsi sayəsində ötən il ölkəmizdə QİÇS-li analar tərəfindən 38 sağlam uşaq dünyaya gətirilib.
Bildirilir ki, bu virusa yoluxmuş hamilə qadınlar hamiləlik dövründə müəyyən preparatlar qəbul ediblər və dünyaya sağlam uşaq gətirdikdən sonra terapiyanın metodu dəyişdirilib. Belə ki, ana hamiləlik dövründə qəbul etdiyi preparatları doğuşdan sonra da atmağa davam etməlidir. Çünki dərmanı qəbul edib, sonra kəsmək xəstəliyin inkişafını daha da artıra bilər. Uşaq doğulduqdan sonra körpəyə də müəyyən miqdarda dərmanlar verilir.
Ölkəmizdə İİV/QİÇS-in anadan uşağa ötürülməsinin profilaktikası 2006-cı ildən etibarən tətbiq olunan antiretrovirus terapiyasının tərkib hissəsidir. Bu profilaktika tədbirlərinə ARV preparatların qəbulu ilə yanaşı, doğuşun qeysəriyyə kəsiyi yolu ilə aparılması, ananın körpəsini südlə əmizdirmədən çəkinməsi də aiddir. Çünki İİV-müsbət ananın bioloji mayeləri doğuş yollarında körpəni yoluxdura bilər. Virus uşağa ana südü vasitəsilə də yoluxa bilər. Bunu nəzərə alaraq, Azərbaycanda dövlət QİÇS-li anaların sağlam dünyaya gətirdikləri uşaqlarını qidalandırması üçün onları 1 yaşına kimi süni qidalarla təmin edir.