Səhiyyədə müasir informasiya texnologiyalarının tətbiqi məsələləri müzakirə edilib
Bakıda xəstəxanaların idarə olunmasında müasir informasiya texnologiyalarının tətbiqinə həsr edilmiş konfrans keçirilib.
Beynəlxalq ekspertlərin, Dünya Bankının nümayəndələrinin və dövlət tibb müəssisələrinin rəhbərlərinin iştirak etdiyi tədbirdə Nazirlər Kabinetinin sosial məsələlər üzrə şöbəsinin müdiri Musa Ələkbərov çıxış edərək deyib ki, ölkəmizin davamlı sosial-iqtisadi inkişafı səhiyyə sistemində köklü dəyişiklikləri, səhiyyəyə ayrılan büdcə vəsaitinin ildən-ilə artırılmasını, tibb müəssisələrində geniş tikinti və yenidənqurma işlərinin aparılmasını, onların ən yüksək səviyyədə təchizatını mümkün edir. Son illərdə paytaxtda və regionlarda yeni xəstəxanalar, diaqnostika mərkəzləri istifadəyə verilib. Təkcə ötən il ərzində 18-i Bakıda, 48-i isə regionlarda olmaqla, 66 səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılıb. Həyata keçirilən tədbirlər nəticəsində əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsinə və keyfiyyətinin artırılmasına nail olunub, ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib, bir sıra sosial xəstəliklərdən baş verən ölüm halları azalıb.
Azərbaycanda bir çox tibb müəssisəsinin kompyuter avadanlıqları ilə təchiz olunduğunu bildirən M.Ələkbərov deyib ki, daha yüksək nəticə əldə etmək üçün tibb müəssisələrinin vahid informasiya proqramı ilə idarə olunmasına ehtiyac var.
Elektron proqramlarının tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin prioritet istiqamətlərdən biridir. Bu barədə danısan səhiyyə nazirinin müavini Elsevər Ağayev artıq tibb müəssisələrində 33 informasiya xidmətinin tətbiq olunduğunu bildirib: “Daha 5 informasiya xidmətinin tətbiqinə də başlanılacaq. Ölkəmizdə 2007-ci ildən elektron sağlamlıq kartından istifadə olunur. İndiyədək 1 milyon yeni doğulmuş uşaq və imtiyazlı şəxslər üçün elektron sağlamlıq kartı verilib. Həmçinin doğum haqqında şəhadətnamələri, sürücülük vəsiqəsi üçün tibbi arayışları onlayn verə bilirik”.
Nazir müavini təcili tibbi yardımın işini asanlaşdırmaq üçün elektron xəritənin hazırlandığını, Yaponiya hökumətinin ayırdığı qrant hesabına və dövlətimizin dəstəyi ilə təcili yardım xidmətində informasiya texnologiyalarının tətbiq edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində açılan Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzində vaxt itkisinə yol vermədən əhaliyə keyfiyyətli və səmərəli sosial xidmətlər göstərilir. Bir pəncərə sistemi ilə fəaliyyət göstərən mərkəzə müraciətə edən vətəndaşlar məmurla deyil, birbaşa mütəxəssislərlə ünsiyyətdə olurlar.
Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə “Elektron səhiyyə. Səhiyyədə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi" mövzusunda çıxış edərək, ölkəmizdə bu sahədə qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.
Beynəlxalq ekspert Lajos Kovaks dövlət xəstəxanalarının idarə olunmasında Macarıstan təcrübəsi barədə məlumat verib. Ekspert bildirib ki, Avropada səhiyyə büdcəsinin 80-85 faizi qeyri-yoluxucu xəstəliklərin müalicəsinə yönəldilib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Səttar Yaqubov isə “Xəstəxanaların müasir idarəetmə sistemi və onun xidmət-keyfiyyət standartları” mövzusunda məruzə ilə çıxış edib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.