Tibb təhsili sahəsində Azərbaycan – Belarus əlaqələri genişlənir
Son illərdə ölkəmizdə səhiyyə sahəsində ən vacib məsələlərdən biri əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətini yüksəldərək dünya standartlarına çatdırmaqdır. Dövlətimiz tərəfindən qarşıya qoyulan bu mühüm vəzifənin həlli yollarından biri də ali tibb kadrlarının hazırlıq səviyyəsinin artırılmasıdır. Məhz bu məqsədlə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və tibb elminin prioritet istiqamətlərinin inkişafı sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir.
Artıq ali tibb təhsilli həkim və mütəxəsislər üçün diplomdansonrakı müasir, yüksək professional təhsil mərkəzi imici qazanmış ADHTİ ilə Avropanın, Türkiyənin, Rusiyanın və digər ölkələrin bir sıra tanınmış təhsil müəssisələri arasında qarşılıqlı faydalı, sıx əməkdaşlıq mövcuddur ki, bu da tədris, elmi araşdırma və müalicə prosesinə qabaqcıl texnologiyaları tətbiq etməyə imkan verir. Bu sahədə növbəti addım Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Belarus Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq üzrə Sazişə uyğun olaraq, Ə.Əliyev adına ADHTİ və Belarus Diplomdansonrakı Tibb Təhsili Akademiyası (BDSTTA) arasında imzalanmış əməkdaşlıq haqqında müqavilə olub. Sənəd aprelin 20-də ADHTİ-nin rektoru, professor Nazim Qasımov və BDSTTA-nın rektoru, professor M.Gerasimenkonun Minsk şəhərində görüşü zamanı imzalanıb.
Görüşdə öncə azərbaycanlı həmkarlarını salamlayan BDSTTA-nın rektoru professor M.Gerasimenko belə əlaqələrin və konkret olaraq bu müqavilənin tərəflər üçün qarşılıqlı əhəmiyyətini qeyd edib.
Öz növbəsində ADHTİ-nin rektoru N.Qasımov təmsil etdiyi qurumun tarixi, bugünkü fəaliyyət istiqamətləri və uğurları barədə məlumat verib. Bildirib ki, hazırda burada müasir tələblərə cavab verən şərait yaradılıb, tədris otaqları ən yüksək səviyyəli elektron cihaz və avadanlıqlarla təmin edilib, qabaqcıl informasiya-kommunikasiya texnologiyaları sayəsində distant təhsil tətbiq olunur, praktik həkimlərin peşə vərdişlərinə yiyələnməsi və müasir endoskopik mini-invaziv laparoskopik cərrahi metodları mənimsəməsi məqsədilə simulyasion mərkəz təşkil edilib. Tədris prosesinə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsindən, yerli həkimlər üçün tələb duyulan sahələrdə Rusiya Diplomdansonrakı Tibb Təhsili Akademiyası tərəfindən müxtəlif mövzularda ixtisasartırma kurslarının həyata keçirilməsindən söz açan rektorun ADHTİ-də həkim-müdavimlərin biliklərinin elektron-test sistemi ilə qiymətləndirilməsi metodunun tətbiqi barədə dedikləri BDSTTA rəhbərliyinin böyük marağına səbəb olub. Sonda rektor N.Qasımov görüşün aktuallığını və Azərbaycan tərəfin Belarus Diplomdansonrakı Tibb Təhsili Akademiyası ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Sonra müqavilənin imzalanma mərasimi keçirilib. Sənəddə klinik və profilaktik təbabət, səhiyyənin təşkili, təbabətin aktual problemlərinə həsr olunmuş birgə elmi tədqiqatların aparılması, onların nəticələri əsasında konfrans və seminarların keçirilməsi, tədris prosesinin təşkili üzrə təcrübə mübadiləsi, tədris prosesinə və səhiyyə praktikasına yeni diaqnostika, profiaktika və müalicə metodlarının tətbiqi məsələlərinin koordinasiyası, həmçinin ali tibb mütəxəssislərinin fasiləsiz professional təhsili sahəsində müasir metodik və elmi-praktik informasiyaların mübadiləsi nəzərdə tutulur. Müqaviləyə əsasən, ADHTİ əməkdaşlarının BDSTTA-na göndərilərək aspiranturada, ordinaturada, həmçinin qısa müddətli kurslarda təhsil alması və staj keçməsi mümkün olacaq. Tədrisin sonunda hər iki dövlətin aidiyyatlı qurumları tərəfindən tanınan müvafiq sənədlər veriləcək.
Qeyd edək ki, Belarus Diplomdansonrakı Tibb Təhsili Akademiyası 80 illik tarixi olan, həkimlərin fasiləsiz təkmilləşməsini və yenidən hazırlanmasını həyata keçirən elmi mərkəzdir. Hər il bu müəssisədə təxminən 17 min mütəxəssis təhsil alır. Müqavilə imzalanması ərəfəsində ADHTİ nümayəndə heyəti Akademiyanın müxtəlif struktur bölmələri, çoxsaylı klinik bazaları ilə tanış olub, onların ən müasir tibbi avadanlıq və cihazlarla təchiz edildiyinin şahidi olublar. Görüşlərdə ali tibb kadrlarının təkrar hazırlığı ilə məşğul olan iki qabaqcıl təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında bağlanan müqavilənin uzun illər davam edəcəyinə və hər iki tərəfə yüksək fayda gətirəcəyinə inam ifadə edilib.