ATU-nun Psixiatriya kafedrasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

ATU-nun Psixiatriya kafedrasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) Psixiatriya kafedrasının yaranmasının 100 illiyinə həsr edilmiş “Məhkəmə psixiatriyasının aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
ATU-dan verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, ATU və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizlə yanaşı, Rusiya, Qazaxıstan və Belarusdan mütəxəssislər iştirak ediblər.
Konfransda açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu yubiley ilində ölkəmizdə psixi sağlamlıq sahəsinin inkişaf tarixinin, bu yolda əziyyət çəkmiş alimlərin fədakar əməyinin və elmə, təhsilə verilən böyük dəyərin yad olunduğunu bildirib. Psixiatriya kafedrasının təkcə elmi araşdırmaların və akademik biliklərin mərkəzi olmadığını, həm də minlərlə həkimin, psixiatr və psixoloqun yetişdiyi bir məktəbə çevrildiyini qeyd edib. Azərbaycanda ixtisaslı tibbi kadrların hazırlanmasına 1919-cu ildən Bakı Dövlət Universitetinin Tibb fakültəsinin yaradılması ilə başlandığını deyən rektor 1920-ci ildə bu fakültədə Psixonevrologiya kafedrasının təşkil edildiyini, 1925-ci ildə həmin kafedradan ayrılan Psixiatriya kafedrasının müstəqil elmi-pedaqoji fəaliyyətə başladığını xatırladıb. Azərbaycanda milli kadrların olmadığı bir vaxtda Rusiyadan gələn alimlərin bu kafedrada Azərbaycan psixiatr kadrlarını formalaşdırdığını söyləyib.
Professor G.Gəraybəyli kafedrada aparılan geniş elmi və pedaqoji fəaliyyətdən, burada yaradılan elmi kitabxana və psixoloji laboratoriyadan, klinik psixologiya sahəsində ilk araşdırmalardan danışıb. 1930-cu ildə müstəqil Azərbaycan Tibb İnstitutunun yaradılması ilə Psixiatriya kafedrasının fəaliyyətində yeni imkanlar açılmasından, 1939-cu ildən 20 il ərzində kafedraya rəhbərlik edən professor Dmitri Ozereçkovskinin, Azərbaycanda psixiatriya üzrə ilk tibb elmləri doktoru, kafedranın ilk azərbaycanlı rəhbəri Əhməd Abasquliyevin, professor Ağabəy Sultanovun rəhbərliyi dövründə fəaliyyətdən söz açıb. Ondan sonra kafedra rəhbəri olan professor Gəray Gəraybəyli əvvəlki dövrdə qoyulmuş ənənələrin davam etdirildiyini bildirib: “Kafedranın əsas fəaliyyət istiqamətlərindən biri kimi psixi və fiziki sağlamlığın qarşılıqlı əlaqəsinin öyrənilməsi seçildi. Azərbaycanda ilk dəfə psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin fiziki sağlamlıq göstəriciləri və somatik xəstəliklər zamanı rast gəlinən psixi pozuntular sistemli şəkildə öyrənildi. Ən mühüm yeniliklərdən biri Çikaqo Universiteti ilə birgə uşaq və yeniyetmələrin psixi sağlamlığı sahəsində həyata keçirdiyimiz elmi layihə oldu”.
Professor G.Gəraybəyli bildirib ki, son 5 ildə kafedranın elmi fəaliyyətinə təsir edən iki əsas hadisə COVID-19 pandemiyası və Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan II Qarabağ müharibəsi olub. Belə ki, pandemiya dövründə yaranan psixi pozuntularla bağlı tədqiqatlar aparılıb, klinik protokollar, yardım proqramları hazırlanıb. Xalqımızın tarixinə qızıl hərflərlə yazılan II Qarabağ müharibəsindən sonra isə şəhid ailələri, qazilər və terror qurbanlarına mərhələli şəkildə psixoloji dəstək göstərilib. Ümumilikdə, son 5 ildə kafedra tərəfindən 116 elmi məqalə, 3 dərslik, 3 monoqrafiya, 4 tədris-metodik vəsait, 7 klinik protokol hazırlanıb. Nəticələr ölkə üzrə psixiatriya müəssisələrində tətbiq olunub və bir çoxu ÜST hesabatlarına daxil edilib, 23 beynəlxalq və 7 yerli forumda təqdim olunub”.
ATU-nun rektoru 100 yaşlı kafedranın nailiyyətlərinin qorunaraq gələcək nəsillərə ötürüləcəyini vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov təbrik nitqi ilə çıxış edərək, bir əsr yaşı olan Psixiatriya kafedrasının keçdiyi şərəfli yoldan, bu dövrdə ona rəhbərlik edən alimlərdən, əldə olunan uğurlardan danışıb, 100 il ərzində kafedranın və onun kollektivinin şanlı və şərəfli yol keçdiyini vurğulayıb.
Nazir müavini psixiatriyanın insan psixikasının dərinliklərini araşdıran, insanın ruhi sağlamlığına yönəlmiş olduqca vacib sahə olduğunu, tələbələrin bu sahəyə böyük maraq göstərdiyini deyib. Psixiatriyanın müxtəlif istiqamətlərindən danışan Nadir Zeynalov onlardan birinin məhkəmə psixiatriyası olduğunu söyləyib: “İki elmin – tibbin və hüququn kəsişməsində duran məhkəmə psixiatriyası olduqca mürəkkəb, çətin sahədir, çünki kontingenti fərqlidir, bir çox hallarda cinayət törətmiş insanlardır. Məhkəmə psixiatrlarının rəyinə əsasən hakim qərar verir, insan taleyini həll edir. Odur ki, onların üzərində həm hüquqi, həm də mənəvi məsuliyyət var”.
Çıxışının sonunda səhiyyə nazirinin müavini çox intensiv proqramı olan, tibbi, hüquqi və beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyət daşıyan konfransın işinə uğurlar arzulayıb.
Beynəlxalq konfransda xüsusi qonaq qismində çıxış edən Türkiyə Ədliyyə Nazirliyinin Ədliyyə tibb qurumu, müşahidə və ixtisas dairəsinin rəhbəri professor Abdullah Yıldırım İbrahimoğlu, Belarus Respublikası Dövlət Məhkəmə Ekspertizası Komitəsinin mərkəzi аparatının Məhkəmə-psixiatriya ekspertizaları baş idarəsinin rəisi, dövlət məhkəmə tibbi ekspert-psixiatrı dosent Yuri Ostyanko, S.D.Asfendiyarov adına Qazaxıstan Dövlət Tibb Universitetinin G.İ.Zaltsman adına Psixiatriya və narkologiya kafedrasının professoru, "Psixi sağlamlıq sahəsində işləyən mütəxəssislərin assosiasiyası" Regional İctimai Təşkilatının prezidenti, tibb elmləri doktoru Saqat Altınbekov, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin "V.P.Serbski adına Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzi" Federal Dövlət Büdcə Müəssisəsinin baş direktoru tibb elmləri doktoru Svetlana Şport yubileylə bağlı təbriklərini çatdırıb, bu kafedranın beynəlxalq səviyyədə psixiatriya elminin inkişafında rolunu vurğulayıblar. Yüz illik zəngin təcrübənin bariz nümunəsi olan kafedranın dünya səviyyəsində əməkdaşlığa, elmi yeniliklərə açıq olmasını, beynəlxalq təcrübənin tədris və praktikaya inteqrasiyasını təqdirəlayiq adlandırıblar.
Sonra Psixiatriya kafedrasının 100 illiyinə həsr edilmiş film nümayiş olunub.
Beynəlxalq konfrans paralel sessiyalarla işini davam etdirib. Tədbirdə Azərbaycan, Rusiya, Qazaxıstan və Belarusda məhkəmə-psixiatrik ekspertizasının təşkili ilə bağlı təqdimatlar keçirilib.
İkigünlük tədbirdə psixi pozuntular zamanı cinayət məsuliyyətinin müəyyən edilməsi, həmin şəxslərin sosial müdafiəsi, psixi sağlamlıq xidmətlərinin tibbi sanitariyaya inteqrasiyası, müharibə və insanlıq əleyhinə cinayətlərin qarşısının alınmasında psixiatriyanın rolu, mülki işlərdə məhkəmə-psixiatrik ekspertizası, intiharın psixoloji aspektləri, cinayət törətmiş qadınların kriminal-psixoloji xarakteristikası və digər aktual mövzular müzakirə olunub.


Xəbəri paylaş



May 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova